Muxtar respublika Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə təhsil naziri Piri Nağıyev açaraq məruzə edib.
Məruzədə bildirilib ki, Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına zəmanət verir. Ən yüksək hüquqi qüvvəyə malik bu sənəd dövlətin mahiyyətini açıqlayır, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirir, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Konstitusiyanın hüquqi, sosial, siyasi, tərbiyəvi funksiyaları vardır. Hüquqi funksiya bütün hüquq sisteminə xas olan tənzimləmə funksiyasını yerinə yetirir. Sosial funksiya təhsil, elm kimi sosial sistemin yaşamasına təsir göstərir. Siyasi funksiya siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil formasını təsbit edir. Tərbiyəvi funksiya isə hər bir insana Konstitusiya qanunlarına, insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır.
15 il bundan öncə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul olunmasını tarixi zərurət kimi qiymətləndirən Piri Nağıyev qeyd edib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan Moskva və Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib. Naxçıvan Muxtar Respublikasının hazırkı Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyası təşkil edir.
Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarovun, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyevin, Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının öyrədilməsinə təhsil işçiləri tərəfindən xüsusi diqqət yetirilir. Bu il Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyinə həsr olunmuş hüquq olimpiadası da bu tədbirlərin davamı olub.
* * *
Dünən Naxçıvan Tibb Kollecində də Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açıb.
Kollecin müəllimi İsmayıl Gülməmmədov “Ulu öndər Heydər Əliyev və Konstitusiyamız” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, müasir Azərbaycan dövlətinin qurulma prosesi, onun uğurlu inkişaf konsepsiyası kimi ölkəmizdə həyata keçirilən demokratik islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin böyük xidmətləri nəticəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikasında xalqın dövlətçilik məqsədlərinə və milli-mənəvi dəyərlərinə uyğun, demokratik inkişafa və beynəlxalq hüquqi məkana inteqrasiya prosesinə şərait yaradan hüquq və qanunvericilik sistemləri qurulub. Nəticədə, Azərbaycan Respublikası insan hüquqları ilə bağlı qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulub, bu sahədə mövcud beynəlxalq standartlara uyğun öz milli qanunvericiliyini yaradıb. 1995-ci ilin əvvəllərində dahi rəhbər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradılıb, komissiya tərəfindən ümumbəşəri ideya və dəyərləri özündə əks etdirən yeni Konstitusiya layihəsi hazırlanıb. Yeni Konstitusiya 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanmış Naxçıvan Muxtar Respublikasının Konstitusiyası isə 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilib və həmin il dekabr ayının 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub.
Məktəbin tarix müəllimi Rəna Vəliyeva “Qədim Naxçıvanın keçmiş tarixi və indiki inkişafı” mövzusunda çıxış edib.
Tədbirə kollecin direktoru İlhamə Mustafayeva yekun vurub.
Xəbərlər şöbəsi