Muxtar respublikada fövqəladə halların qarşısının alınması diqqət mərkəzindədir
Ulu öndər Heydər ƏLİYEV: Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Ölkə başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə Fövqəladə Hallar Nazirliyinin yaradıldığı tarix nazirlik işçilərinin peşə bayramı günü kimi təsdiq edilmişdir.
Mülki müdafiə və ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində, tikintidə, bir sözlə, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan işlərin həyata keçirilməsi fövqəladə hallar orqanlarının qarşısında duran əsas vəzifələrdir. Yarandığı gündən etibarən ölkəmizdə fövqəladə hallar orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, tabelikdəki qurumların ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr və cihazlarla təminatı diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasında da Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Ötən dövrdə nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması və digər sahələrdə məqsədyönlü işlər görülmüş, fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə normativ-hüquqi aktlar, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət planları, təlimlərin, məşqlərin keçirilməsi üzrə təlimatlar, eləcə də xidmətlərin əsasnamələri işlənib hazırlanmışdır. Artıq nazirliyin əməkdaşları əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.
Fövqəladə halların xəbərdar edilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının mühüm istiqamətləri üzrə fəaliyyətin təşkilində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması vacib şərtdir. Ona görə də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ixtisaslı kadrlarla təminatı diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. 2013-cü ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Bakı Yanğın Texniki Kollecində, Belarus Mühəndis Komandirləri İnstitutunda və Ukrayna Milli Mülki Müdafiə Universitetində təhsil alan 15 gənc nazirlikdə müvafiq vəzifələrə təyin edilmiş, 7 nəfər isə yanğın təhlükəsizliyi orqanlarında işə qəbul edilmişdir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına müasir iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etmiş, Şərur və Babək rayonlarında Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin inzibati binaları, Mülki Müdafiə Alayında avtomobil parkı, təlim və vertolyot meydançaları istifadəyə verilmiş, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin və normal yaşayış şəraitinin təmin edilməsi üçün səfərbərlik ehtiyatı anbarı yenidən qurulmuşdur. Ümumi ərazisi 61 min kvadratmetrə yaxın olan park və təlim mərkəzində Mülki Müdafiə Alayının xüsusitəyinatlı texnikalarının və avtomobillərinin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Təlim mərkəzindəki maneələr zolağı, alpinist və pirotexnika şəhərciyi, kimya şəhərciyi, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji bölməsi fövqəladə hallar zamanı idarəetmə orqanlarının və xilasetmə qurumlarının birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi, komandir-rəhbər heyətinin tabelikdə olan qüvvə və vasitələrin idarə olunması sahəsində təcrübələrinin artırılması, şəxsi heyətə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə praktik bilik və bacarıqların aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi öz işini müasir dövrün tələblərinə uyğun qurmağa çalışır. Bunun üçün, ilk növbədə, nazirliyin tabeliyindəki qurumların peşəkarlıq səviyyəsi artırılır, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması və əhalinin xəbərdar edilməsi məqsədilə taktiki təlimlər və məşğələlər keçirilir.
Muxtar respublikada fövqəladə halların qarşısının alınmasında, baş verən fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında və əhalinin bu istiqamətdə maarifləndirilməsində nazirliyin tabeliyindəki idarələr səmərəli fəaliyyət göstərir. Bu il Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 97 tikinti obyekti yoxlanmış, maarifləndirmə tədbirləri keçirilərək işlərin tikinti norma və standartlarına uyğun yerinə yetirilməsinə nəzarət edilmişdir. Həmçinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və rayon (şəhər) şöbələri tərəfindən icra hakimiyyətləri, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə nəzarət edilmiş, yaşayış məntəqələrində və inzibati binalarda yanğınsöndürmə qurğularının vəziyyəti yoxlanılmış, yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısı alınmışdır. Müvafiq dövlət orqanlarının əməkdaşları ilə birlikdə reydlər keçirilərək 879 ədəd əlavə çəkilmiş elektrik xəttinin və qeyri-standart elektrik qızdırıcılarının, 892 ədəd qeyri-standart boru ilə çəkilmiş qaz xəttinin və qaz sobalarının istismarı dayandırılmış, yaşayış məntəqələrində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yoxlamalar keçirilərək “Şəxsi və dövlət yaşayış evlərində yanğın təhlükəsizliyi qaydaları” barədə tövsiyələr təqdim edilmiş, vətəndaşlar yanğına qarşı təlimatlandırılmışdır. Muxtar respublikada fəaliyyət göstərən 21 yanacaqdoldurma məntəqəsində, 20 şadlıq evində və 36 istehsal müəssisəsində də yoxlamalar keçirilmiş, yanğın və texniki təhlükəsizlik qaydaları haqqında maarifləndirici söhbətlər aparılmışdır.
Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və qarşısının alınması, radiasiya təhlükəsizliyinə, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələrin icrasının təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Nazirliyin səlahiyyət dairəsinə uyğun olaraq, istismara verilmiş 5 yeni obyekt, 87 texnoloji nəqliyyat vasitəsi qeydiyyatdan keçirilmiş, 264 təhlükə potensiallı qurğu və avadanlıqlar sertifikatlaşdırılmış, 11 maşın və mexanizm istifadədən əvvəl texniki təhlükəsizlik ekspertizasından keçirilmiş və 28 obyektdə texniki təhlükəsizliyin vəziyyəti yoxlanılmışdır. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı ümumtəhsil müəssisələrində, mərkəzi icra hakimiyyəti orqanlarında, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, ümumilikdə, 1982 nəfərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmiş, kütləvi informasiya vasitələrində müxtəlif mövzularda çıxışlar edilmişdir.
Nazirliyin fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Xidməti vəzifələrinin icrasında yüksək nailiyyətlər əldə etdiklərinə görə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 15 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.
Görülən işlər və əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi əhalinin təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunması üçün hər an hazırdır. Nazirliyin şəxsi heyəti bundan sonra da öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində quracaq, əhalinin təhlükəsizliyi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti