22 Dekabr 2024, Bazar

20 Yanvar faciəsi tariximizin həm qanlı, həm də şanlı səhifəsidir

20 Yanvar –  Şənbə gecəsi! Həmin gün sovet ordusunun ağır, zirehli texnikasının tapdağı altında qalanların fəryadlarının, ah-nalələrinin eşidilmədiyi, ağsaqqal və ağbirçəklərin, oğul və qızların qanlarına qəltan olunduqları, hakimiyyət eşelonunda mürgülüyənlərə, hələ də gözlərini Kremlə dikənlərə inamın itdiyi gün kimi tarixə yazıldı.
Amma tarix yaddaşındakı qanlı-qadalı, eləcə də mübarizələrlə dolu səhifələri ilə gələcəyə gərəkdir. Bu mənada 20 Yanvar faciəsi xalqımızın 70 illik sovet imperiyası buxovundan sıyrılaraq müstəqillik uğrunda əzmkar­lığını nümayiş etdirdiyi gündür. Xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi sayılan 1990-cı ilin Qanlı Yanvarından 24 il ötür. Hər bir hadisədən müəyyən zaman sonra o daha dərindən dərk edilir və nəticə çıxarılır. Təbii ki, o günlər xalqımızın yaddaşına ağrı-acılı, göz yaşları ilə yazıldı. Bu, bir elin qəddarlığa, amansızlığa qarşı savaşı deyil, bütünlüklə, millətin ölüm-dirim mübarizəsi idi. O gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı. Xalqımızın azadlıq carçıları olan şəhidlərimiz qanlarıyla milli birliyə, bütövlüyə yol açdılar...

1990-cı ilin yanvar ayında sovet rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşun yeridilməsi üçün müxtəlif dez­informasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi.
1990-cı il yanvarın 19-da SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələri kobud şəkildə pozularaq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında rəsmi sənəd imzalanmışdı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 0000-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.
Beləliklə, artıq yanvarın 20-də 137 insan öldürülmüş, 744 adam ağır xəsarət almışdı.
Əgər o vaxt ölkəmizin baş kürsüsündə əyləşənlər öz azadlıq və müstəqilliyi naminə haqq mücadiləsinə qalxmış xalqın faciəli taleyinə qara çeşməklər arxasından baxmasaydılar, vəzifə kürsüsü naminə Kremlin əmr və göstərişlərinə tabe olmasaydılar, bu haqsızlıq və ədalətsizliyə qarşı öz etiraz səslərini ucaltmağa özlərində təpər tapıb əsl  vətənpərvərlik nümayiş etdirə bilsəydilər, nə 20 Yanvar qırğını baş verər, nə də xalqımız bu qədər müdhiş əzablara düçar olardı.
Bu ədalətsizliyə göz yumanlardan fərqli olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciəni pisləmiş, təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmişdir. Sonrakı illərdə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
O faciəli yanvar günlərində Ana Vətəndən ayrı düşən Naxçıvanın da dərdi dərdinə qarışmışdı. Torpaqlarımıza göz dikən erməni quldurları Sədərəyin üstünə, necə deyərlər, od ələyirdilər. Bu zaman Əcəmi yurdunun igidləri, Əlincənin ərənləri, Ordubadın mərd oğulları, Şərurun dəyanətli cavanları, Şahbuzun Fərhadları, Babəkin nəvələri tunc zireh kimi Azərbaycanın bu qədim diyarının müdafiəsinə qalxdılar. Mühasirəyə düşsə də, təbiət öz sərtliyi ilə insanları sınağa çəksə də, heç nə bu müqəddəs torpağın  insanlarının iradəsini qıra bilmədi.
1990-cı ilin yanvarında, ondan sonrakı illərdə Vətən torpaqları uğrundakı döyüşlərdə yüzdən çox şəhid verdi bu qədim diyar. İdris Məmmədov, Abbasəli Nəzərəliyev, Arzu Mirzəyev, Rəhim Babayev, Məmməd Məmmədov, Mirhəşim Seyidov, Azərbaycanın Milli Qəhrəmanları  – Məhərrəm Seyidov, Səyavuş Həsənov, Kərim Kərimov və onlarla başqaları öz cavan ömürlərini xalqımızın azadlığı, müstəqilliyi naminə fəda edərək şəhidlik zirvəsinə ucaldılar, əbədiyyətə qovuşdular.
Əliqanlı imperiyanın Azərbaycanda törətdiyi faciələr bununla tükəndimi? Xeyr! O vaxtkı respublika rəhbərliyinin 20 Yanvar faciəsinə laqeyd münasibətinin nəticəsidir ki, sonralar həmin faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bütün ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağa silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın mərdanə oğlumuzu itirdik. Ərazilərimizin 20 faizə qədəri işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin salındı.
Lakin vahid əqidə bayrağı altında birləşib öz müstəqilliyinə qovuşan xalqımız sarsılmadı, işıqlı gələcəyə olan böyük inamını itirmədi.
20 Yanvar Azərbaycan xalqının matəm günü olmaqla yanaşı, həm də Azadlıq, Yenilməzlik, Qəhrəmanlıq günüdür. İnamla demək olar ki, 70 il ərzində sovet imperiyasını 20 Yanvar hadisələri qədər sarsıdıb diz çökdürən ikinci bir hadisə olmayıb. 20 Yanvar faciəsi neçə-neçə günahsız millətin azadlıq arzularını boğub, onları öz müti köləsinə döndərən sovet imperiyasının maska arxasındakı simasını və çirkin niyyətlərini həm onun sərhədləri daxilindəki bütün xalqlara, həm də beynəlxalq aləmə tam aydınlığı ilə açıb göstərdi. Bu da, söz yox ki, sovet imperiyasında mərkəzdənqaçma meyillərinin günbəgün artmasına güclü təkan verdi və ittifaq daxilindəki digər xalqların milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı. 20 Yanvar yadelli orduların, tankların, topların, hərbi silahların belə, xalqın sarsılmaz qranit birliyi və polad iradəsi qarşısında nə qədər gücsüz olduğunu bariz şəkildə nümayiş etdirdi.
Hələ ki torpaqlarımız erməni daşnaklarının işğalı altındadır. Hələ ki Qarabağa aparan yolumuz şəhidliyimizdən keçir, hələ ki doğma yurd-yuvasından didərgin salınmış insanların and yerinə çevrilən, Qarabağın tacı, Azərbaycanın zirvəsi olan Şuşa sındırılmış könül şüşəsidir; ona görə də şəhidlik tariximizin sonuncu səhifəsindəki andımıza nöqtə yox, nida qoyulacaq. 20 Yanvardan başlanan şəhidliyimiz Qarabağa yol aldı. Minlərlə azadlıq aşiqi, Vətənə, yurda, torpağa bağlı gənclərimiz, ata-analarımız, qardaş və bacılarımız əsir yurdlarımızın şəhidinə – aşiqinə çevrildi. Şəhidlər xiyabanları Vətənimizin hər bir guşəsində al-qırmızı qərənfil libası geyindi. Minlərimiz bu torpaq uğrunda ölümün gözünə dik baxmağı özünün şərəfli borcu saydı.
İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Xalqın milli qürur günü heç vaxt unudulmur. 20 Yanvar bizim milli qürur günümüzdür.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR