Dekabrın 28-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının son nəticələri ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiya sədri Əli Allahverdiyev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini Cəlil Rüstəmovun “Naxçıvan Muxtar Respublikası Konstitusiyası tarixi və hüquqi sənəd kimi”, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın “Konstitusiya insan və vətəndaş hüquqlarının mənbəyi kimi”, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Vüqar Quliyevin “Konstitusiya nəzarətinin mahiyyəti və əsas prinsipləri” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, Konstitusiyada əks olunan normalar dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olan ictimai münasibətlərin ən vacib və zəruri sahələrini nizama salır, dövlət quruluşu və idarəetmə formasını, dövlət hakimiyyət orqanlarının sistemini və onların təşkili qaydalarını müəyyən edir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan, ictimai münasibətlərə tənzimləyici təsir göstərən hüquqi akt rolunu oynayır. Qeyd olunub ki, 29 dekabr 1998-ci ildə qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyası preambula, 6 fəsil, 50 maddə və keçid müddəalardan ibarətdir. Preambulada Naxçıvan Muxtar Respublikasının dövlətçiliyinin inkişaf mərhələləri, Konstitusiyanın qəbul edilməsi ilə bağlı ülvi niyyətlər əks olunub. Konstitusiyada ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi dəqiqləşdirilib, normativ-hüquqi aktların iyerarxiyası müəyyən olunub.
Vurğulanıb ki, ali təhsil, orta ixtisas müəssisələrində, eləcə də ümumtəhsil məktəblərində Konstitusiyaya həsr olunan olimpiadaların və müxtəlif yarışların təşkil olunması şagird və tələbələrin hüquqi biliklərinin möhkəmləndirilməsinə xidmət edir. Belə tədbirlərin keçirilməsinin əsas məqsədi isə şagird və tələbələrə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına dair müddəaların dərindən öyrədilməsinə nail olmaq, gənclərin bu istiqamətdə hüquqi biliklərinin daha da möhkəmləndirilməsinə zəmin yaratmaq, onlara insan hüquq və azadlıqlarına, eləcə də qanunun aliliyinə hörmət hissini aşılamaqdan ibarətdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının şöbə müdiri Abil Orucəliyev çıxışında Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının təşkili, keçirilməsi və yekunu barədə məlumat verib. Nəzərə çardırılıb ki, iki turdan ibarət olan hüquq olimpiadasının I turu bu il noyabr ayının 23-də, ümumtəhsil məktəblərinin şagirdləri arasında isə noyabrın 27-də keçirilib. I turda olimpiada iştirakçılarının 138 nəfəri ali, 89-u isə orta ixtisas təhsili müəssisələrinin tələbələri olublar. Ümumtəhsil məktəblərindən isə I turda Naxçıvan şəhəri və muxtar respublikanın 7 rayonu üzrə 167 təhsil müəssisəsindən 703 şagird iştirak edib. Test üsulu ilə keçirilən olimpiadanın I turunda tələbə və şagirdlər bir saat ərzində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarının müddəalarına dair 60 test tapşırığı üzrə biliklərini yoxlayıblar. Olimpiadanın II turu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 18 dekabr, ali və orta ixtisas müəssisələri tələbələri arasında isə 21 dekabr 2013-cü il tarixlərində keçirilib. I turda ali təhsil müəssisələrindən 20, orta ixtisas təhsili müəssisələrindən 16 tələbə, eləcə də ümumtəhsil məktəblərindən 93 şagird yaxşı nəticə göstərərək II turda iştirak etmək hüququ qazanıblar.
Sonra müvafiq təhsil müəssisələri üzrə 9 iştirakçı qalib elan olunub. Beləliklə, olimpiadada orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbinin XI sinif şagirdi Türkanə Mehdiyeva III, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi Nurlan Həsənov II, Ordubad şəhər tam orta internat məktəbinin XI sinif şagirdi Anar Məsumov I yerə; Naxçıvan Muxtar Respublikasının orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Tibb Kollecinin ikinci kurs tələbəsi Bəhruz Fətullayev III yerə, Naxçıvan Dövlət Texniki Kollecinin ikinci kurs tələbəsi Səkinə Haşımlı II yerə, Naxçıvan Musiqi Kollecinin III kurs tələbəsi Fizzəxanım Əlixanlı I yerə; Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinin tələbələri arasında isə Naxçıvan Dövlət Universitetinin üçüncü kurs tələbələri Nübar Hüseynbəyli III yerə, Qönçəxanım Bayramlı II yerə, Zülfiyyə Əhmədova isə I yerə layiq görülüblər.
Qaliblər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hədiyyələri ilə mükafatlandırılıblar.
Səbuhi HƏSƏNOV