22 Dekabr 2024, Bazar

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və kəşməkəşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin yaradılmasına və möhkəm-ləndirilməsinə həsr edirlər.
Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş görkəm­li şəxsiyyətlərin xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik konsepsiyasını yaratmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan görkəmli dövlət xadimi Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmağa başlamışdı. Ümummilli  liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə ulu öndər Heydər Əliyev, ilk növbədə, bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Respublikanın hər yerində böyük quruculuq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdir. Ən başlıcası budur ki, ulu öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrü Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Milli təəssübkeşlik hissi ilə zəngin olan bu quruculuq dövrünün baş memarı dahi rəhbər  Heydər Əliyev idi. Sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövləti məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Ümummilli liderimiz bu barədə deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünü belə xarakterizə etmişdir: “44 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Bu həyat özünü nədə göstərirdi? Hər şeydən əvvəl, tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.
Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir.
Ötən əsrin 70-80-ci illərində ümummilli   liderimizin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqəti çəkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
1982-ci ildə ümummilli liderimizin SSRİ-də rəhbər vəzifəyə irəli çəkilməsindən sonra Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası daha da genişləndirilmişdir. 1982-1987-ci illərdə Heydər Əliyev şəxsiyyətinə görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşılır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Azərbaycanın inkişafını dayandırmaq, onu parçalamaq üçün yeganə bir yol vardı – ölkəni Heydər Əliyev inkişaf xəttindən uzaqlaşdırmaq. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirilmiş, ümummilli liderimiz rəhbər vəzifədən uzaqlaşdırılmışdır. Bununla da, Azərbaycanın ağrı-acılarla dolu dövrü başlanmışdır. Ölkəmizin suverenliyinə edilən qəsd tarixi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilmişdir.
Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə, Azərbaycançılıq uğrunda xidmətlərini davam etdirmiş, həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmişdi. Bu kəskin bəyanatdan sonra ümummilli liderimizin Moskvada yaşaması mümkün olmadı. O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtdı. Və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi.
1990-1993-cü illərdə, ölkəmizin ağır dövründə Naxçıvan Muxtar Respublikasında ulu öndərimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilir, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülürdü. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etmə­məsi, aqrar islahatların keçirilməsi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi.
1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən ümummilli liderimizin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev qurucu­luq xəttinə, inkişafın, tərəqqinin Heydər Əliyev yoluna qayıdan ilk region idi. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin bariz təzahürü idi.
Azərbaycanda 1969-cu ildə əsası qoyulan dirçəliş və inkişaf strategiyası nəticəsində yaranmış iqtisadi potensial XX əsrin 80-ci illərinin sonundan başlayaraq dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildən sonra yenə bu müdrik insanın böyük iradəsi və səyləri ilə bərpa edilmişdir. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarmışdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz ümummilli liderimiz təlatümlər burulğanından xilas etmiş, möhkəm ictimai-siyasi sabitlik yaratmış, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı zəruriliyindən danışarkən demişdir: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.
Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasəti ilə qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, ən böyük azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir. Ümummilli liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ümummilli liderimizin siyasi kursu Azərbaycan Prezidenti tərəfindən daha da zənginləşdirilərək XXI əsrin mükəmməl dövlətçilik fəlsəfəsinə çevrilmişdir.
Bu gün böyük dövlət xadimi Heydər Əliyevin işi və əməlləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf və tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin fəal yaradıcı gücə malik olan idealları yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiy­yətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi və siyasət patriarxı adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır”.
Ulu öndərin əbədiyyətə qovuşmasından ötən 10 illik zaman kəsiyi bizə bu fenomen şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha dolğun dəyərləndirmək imkanı verir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxılması, milli-mənəvi yüksəlişə nail olunması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi tədbirləri ən dəqiq formada ulu öndərimizin özü belə ifadə etmişdir: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR