22 Dekabr 2024, Bazar

Milli birliyin təntənəsi

Ulu öndər Heydər ƏLİYEV: Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının  tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır.

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb təkamül mərhələlərindən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır. Bu, elə bir prosesdir ki, eyni toplumun fərqli maraqlara, baxışlara və dünyagörüşə malik olan, müxtəlif coğrafi məkanlarda yaşayan, müxtəlif sosial təbəqələrə aid olan üzvləri ümummilli əhəmiyyət kəsb edən məsələdə birləşirlər – həmrəy olurlar.

Dövlət müstəqilliyinin qorunub saxlanılmasının ən vacib şərtlərindən biri məhz xalqın milli birliyə və həmrəyliyə malik olmasıdır. Ümummilli həmrəylik xalqın və onun dövlətinin qüdrətlənməsinə o zaman səbəb olur ki, o, özünü təkcə hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Bu mənada ulu öndər Heydər Əliyevin aşağıdakı müdrik fikirləri milli həmrəyliyə və milli birliyə ən müdrik çağırış hesab olunur: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır”.
Ötən əsrin 90-cı illərinin əv­vəllərində Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini qeyd edərək demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycançılıq ideyası milli ideologiya səviyyəsinə yüksəldilmişdir. Azərbaycan Respublikasının 22 illik müstəqillik dövrünə nəzər saldığımız zaman görürük ki, ümummilli lider Heydər Əliyev tərəfindən siyasi ideologiya səviyyəsinə yüksəldilən Azərbaycançılıq hər bir azərbaycanlını vahid milli məqsədlər uğrunda birləşdirən, milli-mədəni düşüncə sistemindən dövlətçilik fəlsəfəsinə qədər böyük bir yol keçmiş ümummilli ideologiyadır. Milli ideologiya isə, hər şeydən əvvəl, vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai ahəngdar­lığı təmin etməlidir. Bu mənada Azərbaycançılıq ideologiyası bu gün sosial, siyasi, əqidə mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını ümummilli məqsədlərə xidmət yolunda birləşdirir.
Məhz bu ideologiyanın işığında xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilmiş, milli diaspor təşkilatlarının yaradılmasına başlanılmışdır. Ulu öndər Heydər Əliyev azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz, həm də xaricdə yaşayan soydaşlarımız üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq demişdir: “Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.
Azərbaycana rəhbərliyi dövründə ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində bu istiqamətdə mühüm tədbirlər reallaşdırılmışdır. Ulu öndərimizin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyin əldə edilməsində ən vacib şərt olan diaspor quruculuğu sahəsində həlledici mərhələnin başlanğıcı kimi tariximizə yazılmışdır. Bu qurultayın keçirilməsi milli birliyin və həmrəyliyin, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultaydakı nitqində “Azərbaycan dövlətinin vəzifəsi bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərmək, onların həyatı ilə maraqlanmaq və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi və qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini ön plana çəkmişdir. Milli diasporun formalaşması və dünyada Azərbaycan lobbisinin inkişafı məqsədilə 2002-ci ilin dekabr ayında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmişdir. Bundan sonra dünya azərbaycanlılarının təşkilatlanması prosesi daha da sürətləndirilmiş, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına və soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmlənməsinə şərait yaranmışdır.
Ulu öndərin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlı­lıqlarının artırılmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlı­lıqlarını artırmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl xarakter almasının nəticəsidir ki, bu gün ölkəmizi xaricdə 400-dən çox diaspor təşkilatı təmsil edir.
2011-ci il iyulun 5-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkə­lərdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak etmişlər. Qurultay xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik bayramına çevrilmişdir.
Bu gün dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimiz dövlətimizin dəstəyi sayəsində daha mütəşəkkil və çevik fəaliyyət göstərirlər. Onların sırasında yeni ideyaları və vətənpərvərliyi ilə seçilən gənclərimiz çoxluq təşkil edir. 2012-ci ilin mart ayında yaradılmış Dünya Azərbaycanlı Gənclər Birliyi bunun bariz ifadəsidir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dövlət quruculuğu prosesi uğurla davam etdirilir, ölkəmiz sürətli sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir, respublikamızın beynəlxalq əlaqələri genişləndirilir, xarici siyasətdə mühüm nailiyyətlər qazanılır. Ölkəmiz ümummilli liderin siyasi ideyalarının işığında ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi, bu şuranın işinə sədrlik etməsi, “Azərspace-1” milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulması nəinki hər bir Azərbaycan vətəndaşının, dünyanın istənilən nöqtəsində yaşayan hər bir azərbaycanlının qürur duya biləcəyi hadisələrdəndir. Azərbaycan nəinki regionun, ümumilikdə, Avropanın və bütün dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkədir.

Bu gün müstəqil Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların yeganə istinadgahıdır. Deməli, bu dövlətin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi də hər bir azərbaycanlının vəzifəsidir. Bu il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı təbrikində deyildiyi kimi: “Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə Azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR