Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ili” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Aynur Mustafayeva açaraq bildirmişdir ki, xalqımız bugünkü firavanlığına, əmin-amanlığına, ictimai-siyasi sabitliyə, Azərbaycanın regionda lider dövlətə çevrilməsinə görə ümummilli liderimizə borcludur. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin bir səbəbi var – o da təməli 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev modeli, Heydər Əliyev quruculuq xəttidir. Ulu öndər Heydər Əliyevin özündən sonra qalan ən qiymətli yadigarı müstəqil Azərbaycan Respublikasıdır. “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram” sözlərini fəxrlə səsləndirən dahi şəxsiyyət Heydər Əliyev idarəçilik ensiklopediyasının hər vərəqi, hər sətri xalqa və dövlətə xidmətin təzahürüdür. Ümummilli liderimizin ideyalarının tükənməzliyi və yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir.
1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı, ilk növbədə, Azərbaycanın varlığını və müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, xalqımızı böyük fəlakətdən hifz etdi. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, iqtisadi islahatlar həyata keçirildi. Ulu öndərimizin ölkəmizə rəhbərlik etdiyi illərin tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğunu bildirən Aynur Mustafayeva demişdir ki, xalqımızın böyük oğlunun ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Bu gün xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu etibarlı əllərdədir. Bu kursu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev nəinki regionda, bütövlükdə, dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır, böyük uğurlara imza atır.
Sonra məktəbin müəllimlərindən Selcan Quliyeva, Şəlalə Abbasova və başqaları çıxış edərək bildirmişlər ki, bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin işi və əməlləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişafa və tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin fəal yaradıcı gücə malik olan idealları yaşayır. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamız inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Tədbirin sonunda məktəblilər ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.
Xəbərlər şöbəsi