22 Dekabr 2024, Bazar

Tarixdə şəxsiyyətlərin rolu və onların dövlətin inkişafına verdiyi əvəzedilməz töhfələr danılmazdır. Bu gün dünyada demokratik nailiyyətlərə sadiqlik baxımından özünü təsdiq etmiş Amerika Birləşmiş Ştatlarında Cefferson, Fransada Şarl de Qoll, Türkiyə Cümhuriyyətində Mustafa Kamal Atatürk kimi şəxsiyyətlər hörmətlə anılır və onların dövlət qurucu­luğundakı müstəsna xidmətləri hamı tərəfindən birmənalı qəbul olunur. Bu mənada Azərbaycanın otuz beş ilə yaxın bir dövrü, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, öz siyasi zəkası və istedadı sayəsində Azərbaycanı işıqlı gələcəyə aparan yolları da müəyyən etmişdir.
Sözsüz ki, irimiqyaslı siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan şəxsiy­yətlərə böyük ehtiyac hiss edilirdi.

Dünyanın siyasi xəritəsində görünmə­miş dəyişikliklərlə yadda qalan XX əsrin sonları isə Azərbaycan dövlətçiliyi üçün, xalqımızın öz müqəddəratını sərbəst müəyyən etməsi üçün əlverişli və əvəz­edilməz tarixi şərait yaratdı. Lakin bu müstəqilliyimizin ilk illəri göstərdi ki, doğrudan da, əldə olunmuş istiqlaliyyəti qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətin və şərəfli vəzifədir.
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və sair kimi milli təhlükəsizliyi təhdid edən böyük problemlərlə üzləşdi. Məhz belə bir tarixi məqamda siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsil edə biləcək ümummilli liderə və sözün həqiqi mənasında, peşəkara olan ehtiyac özünü bütün kəskinliyi ilə göstərdi. Azərbaycan xalqı isə milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı və dövlət müstəqilliyini itirmək təhlükəsi yarandığı bir zamanda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişməsini tələb edərək həmin vaxtdan taleyini yenə də Heydər Əliyevə etibar etdi. Ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etdi, xalqı müstəqil Azərbaycan və Azərbaycançılıq ideyaları ətrafında birləşdirərək özünün tarixi missiyasını yerinə yetirdi.
Məhz onun uzaqgörən siyasəti sayəsində ölkədə siyasi sabitliyin bərqərar edilməsi, dövlətin dayaqlarının möhkəmləndirilməsi, həyatın bütün sahələrini bürümüş tənəzzülün qarşısının alınması, dövlətimizin beynəlxalq nüfuzunun yüksəldilməsi təmin edilmişdir.
2003-cü il dekabr ayının 12-də ulu öndərimiz əbədi olaraq həyata gözlərini yumdu. Bu itki xalqımızı dərindən sarsıtdı. Lakin bundan mənəvi təskinlik tapırıq ki, ümummilli liderimiz başladığı işləri, ölkəmizin daha xoşbəxt və firavan yaşamasına istiqamətlənmiş tədbirləri özü qədər inandığı bacarıqlı dövlət və siyasi xadimə etibar etmişdir. Heydər Əliyev yolunun davamçısı, gənc Prezidentimiz İlham Əliyevin sayəsində bu gün dövlətimiz dinamik inkişaf yolu ilə gələcəyə doğru addımlayır. Ölkəmizdə qlobal layihələr, quruculuq və inkişaf proqramları həyata keçirilir. İqtisadiyyatımıza xarici investisiyaların axını güclənir. Ölkənin bir çox sənaye və mədəniyyət sahələri geniş inkişaf etdirilir. Bütün bu nailiyyətlərə və öz inkişaf tempinə görə bu gün Azərbaycan Qafqazda lider ölkədir. Bu inkişafın, tərəqqinin əsası, özülü ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun böyük quruculuq strategiyası yaşayır və xalqımıza böyük faydalar gətirir.
Biz hər zaman ulu öndərimiz Heydər Əliyevin xatirəsini əziz tutacaq, onu heç zaman unutmayacağıq. Heydər baba əbədi olaraq qəlbimizdə yaşayacaqdır.

Afət Mirzəyeva
Ordubad rayon Vələver kənd orta məktəbinin XI sinif şagirdi

12 dekabr 2006-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR