22 Dekabr 2024, Bazar

Dekabrın 3-də Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində Naxçıvan şəhərindəki 8 və 12 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin ölkəmizdə muzeylərin inkişafına göstərdiyi qayğıdan bəhs olunan açıq dərsdə muzeyin direktoru Nəzakət Əsədova bildirmişdir ki, ölkəmizdə muzey işinin təşkili, müxtəlifprofilli muzeylərin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 oktyabr 2010-cu il tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır. Naxçıvan xanlığının tarixindən danışan muzeyin direktoru qeyd etmişdir ki, milli dövlətçilik tariximizdə mühüm rola malik olmuş xanlığın əsilzadə nümayəndələri böyük nüfuz sahibləri olmuş, bölgənin inkişafında, müdafiəsinin gücləndirilməsində, inzibati idarəçiliyin formalaşmasında mühüm işlər görərək tarixə düşmüşlər. Milli tariximizin bu səhifələrinin öyrənilməsi baxımından muzey böyük əhəmiyyətə malikdir.

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru Əli Novruz­ov, 8 nömrəli tam orta məktəbin direktoru Sevinc Səfərova, həmin məktəbin tarix müəllimi Vəsilə Abbasova açıq dərsdə çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə muzey şəbəkəsinin genişləndirilməsinə, bu mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, gözəl və yaraşıqlı binalarda yerləşdirilməsinə, müvafiq eksponatlarla komplektləşdirilməsinə, yüksək bilikli kadrlarla təminatına böyük diqqət yetirilmişdir. 1980-ci ildə dahi rəhbərin təşəbbüsü ilə muzeylər haqqında xüsusi qərar qəbul edilmişdir. Qərarda xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycanın bütün rayon və şəhərlərində tarix-diyarşünaslıq muzeyləri yaradılsın. Milli-mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.
Qeyd olunmuşdur ki, ölkəmizdə muzey işinin hərtərəfli təşkili, muzeyşünaslığın öyrənilməsi sahəsində  Naxçıvan Muxtar Respublikasında da zəngin təcrübə əldə edilmiş, geniş muzey şəbəkəsi yaradılmışdır. Görülən işlərin nəticəsidir ki, hazırda Naxçıvan Muxtar Respublikasında 23 müxtəlifprofilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Yeni muzeylərin yaradılması, fəaliyyət göstərən muzeylərin əsaslı təmiri, onların lazımi avadanlıqlarla təminatı tariximizin və mədəniyyətimizin təbliğ olunmasına geniş imkanlar açmışdır.
Vurğulanmışdır ki, məhz muzeylərdə müxtəlif mövzularda açıq dərslərin keçilməsi, əyani vasitələrlə birbaşa tanışlıq məktəblilərin muzeylərə olan marağını daha da artırır. Bu isə onların mənəvi-əxlaqi, bədii-estetik tərbiyəsinin, elmi dünyagörüşünün formalaşması və zənginləşməsinə müsbət təsir göstərir.
Sonra açıq dərs iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR