Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ötən il görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq bildirmişdir ki, 2013-cü il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilmişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları da öz işlərini “Heydər Əliyev ili”ndə qarşıya qoyulmuş yüksək tələblər səviyyəsində qurmağa çalışmışlar.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında prokurorluq orqanlarına göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, ötən illər ərzində rayon və şəhər prokurorluqları üçün müasir avadanlıq və texniki vasitələrlə təmin edilmiş yeni inzibati binalar tikilib istifadəyə verilmişdir. Həmçinin prokurorluğun avtomaşın parkı tamamilə yenilənmiş, prokurorluq işçiləri üçün nümunəvi iş şəraiti yaradılmışdır.
Muxtar respublikada yaradılan ictimai-siyasi sabitliyin nəticəsidir ki, 2012-ci illə müqayisədə 2013-cü ildə qeydə alınan cinayətlərin ümumi sayında 20 faiz azalma müşahidə olunmuşdur.
Bundan başqa, əvvəlki illərdə baş verib qapalı qalmış cinayət hadisələrinin açılması sahəsində hesabat dövründə müəyyən işlər görülmüşdür. Belə ki, daxili işlər orqanları ilə əlaqəli şəkildə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdə baş verib qapalı qalmış 3 cinayət hadisəsinin açılması təmin edilmişdir.
2013-cü ildə peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmamışdır.
Dövlət ittihamının müdafiəsi sahəsində hesabat ilində muxtar respublika prokurorluğu tərəfindən müəyyən işlər görülmüş, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının icrası ilə əlaqədar 38 şəxs barəsində amnistiya tətbiq olunmuşdur.
“Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən kütləvi informasiya vasitələrində 20 halda, o cümlədən mətbuat orqanlarında 12 halda, televiziyada 2 halda, radioda isə 6 halda maarifləndirici çıxışlar edilmişdir”, – deyən Səbuhi Şahverdiyev bildirmişdir ki, prokurorluq orqanlarına Naxçıvan Muxtar Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin işə qəbulunun şəffaf şəraitdə müsabiqə qaydasında keçirilməsi nəticəsində 2013-cü ildə 7 nəfər gənc hüquqşünas Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul olunmuşdur.
Vətəndaşların müraciətlərinə baxılması sahəsində də 2013-cü il ərzində müəyyən işlər görülmüşdür. Belə ki, bu dövrdə prokurorluq orqanlarına daxil olmuş 23 müraciətə baxılmış, onların hamısı qanunvericiliyə uyğun qaydada həll edilmişdir.
Sonda qeyd olunmuşdur ki, prokurorluq əməkdaşları 2014-cü ildə – “Muxtariyyət ili”ndə də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq, bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Tədbirdə Naxcıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.
* * *
Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində də kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açaraq nazirliyin 2013-cü ildə gördüyü işlər barədə məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında elan olunmuş “Heydər Əliyev ili”ndə nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, tabelikdəki qurumların ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr və cihazlarla təminatı diqqət mərkəzində saxlanılmışdır. Ötən il Şərur və Babək rayonlarında Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin inzibati binaları, Mülki Müdafiə Alayında avtomobil parkı, təlim mərkəzi və helikopter meydançası istifadəyə verilmiş, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin və normal yaşayış şəraitinin təmin edilməsi üçün səfərbərlik ehtiyatı anbarı yenidən qurulmuşdur.
2013-cü ildə tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə əsasən aparılmasına nəzarət edildiyini bildirən Şamı Abdullayev demişdir ki, səyyar üsulla 81 tikinti obyektində 423 dəfə dəmir-beton konstruksiyalarda betonun naturada möhkəmlik göstəricisi yoxlanılmış, 93 tikinti obyektində 434 dəfə maarifləndirmə işləri həyata keçirilmişdir. Obyektlərin layihələndirilməsi mərhələsində 102 obyektin layihə-smeta sənədləri razılaşdırılmış və tikinti işlərinin aparılması üçün təqdim olunan işçi-layihələrə müvafiq rəylər verilmişdir. Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin Mühəndis-geoloji, sement və beton laboratoriyasında 190 sınaq və analiz keçirilmişdir.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən 1853 obyektdə əsaslı, 1788 obyektdə nəzəri yoxlamalar aparılmış, gündəlik olaraq yanğın əleyhinə reydlər təşkil edilərək 1655 ədəd əlavə çəkilmiş elektrik xətti və qeyri-standart elektrik qızdırıcıları qadağan edilmiş, 1443 ədəd şlanqla çəkilmiş qaz xəttinin və qeyri-standart qaz sobalarının istismarı dayandırılmışdır.
Sonra məruzə ətrafında Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədovun, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədovun, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımovun çıxışları olmuşdur.
Kollegiya iclasına fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev yekun vurmuşdur.
Xəbərlər şöbəsi