22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin  ikigünlük təliminə start verilib.
Azərbaycanda miqrasiyanın vəziyyəti, insan alverinə qarşı mübarizə siyasəti, qanunvericilik və əməkdaşlıq məsələləri, miqrantlara müxtəlif yardımların təşkili mexanizmi və digər baza məlumatlarına əsaslanan Miqrasiya İnformasiya mərkəzlərinin yaradılmasına həsr olunmuş tədbiri giriş sözü ilə  Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev açaraq təlim iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyəti haqqında danışıb. Yaşar Vəliyev   Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı mövcud anlaşma memorandumunun əhəmiyyətindən söz açaraq bildirib ki, keçilən təlimlər Naxçıvan şəhərində və muxtar respublikanın yeddi rayonunda  yaradılacaq Miqrasiya İnformasiya mərkəzlərində işlərin daha da fəal bir məcraya yönəldilməsinə imkan verəcək.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Sərhan Aktoprak təmsil etdiyi təşkilatla müvafiq qurumların əməkdaşlığını yüksək qiymətləndirib və yerlərdə beynəlxalq miqrasiya sahəsində məlumatsızlığın aradan qaldırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin tərkibində fəaliyyət göstərəcək Miqrasiya İnformasiya mərkəzlərinin  böyük rolu olacağını deyib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  təmsilçisi Məmməd Kətanov cəmiyyətin miqrasiya sahəsindəki fəaliyyəti haqqında danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi İlqar Seyidov çıxışında muxtar respublikada dövlət miqrasiya siyasətinin uğurla həyata keçirilməsindən bəhs edib, xidmətin yaradılmasından ötən müddət ərzində görülən işlər, eləcə də Azərbaycan Respublikasında yaşayan və ya müvəqqəti olan əcnəbilərin, həmçinin vətəndaşlığı olmayan şəxslərin uço­tunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin olunması, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu, təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi haqqında danışıb. O qeyd edib ki, muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb. Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə muxtar respublika ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin ölkə ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsini təmin edir. Azərbaycan Respublikasında yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin olunması, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu, təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində vahid informasiya sistemi – Vahid Miqrasiya Məlumat Sistemi yaradılıb. Miqrasiya proseslərinin həyata keçirilməsində böyük rolu olan bu sistemin giriş-çıxış və qeydiyyat bölmələrinin idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması təmin olunub.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin proqram köməkçisi İlyas Nəbiyev Miqrasiya İnformasiya Mərkəzinin fəaliyyət istiqaməti haqqında təlim iştirakçılarını məlumatlandırıb,  standart əməliyyat prosedurları haqda onlara məlumat verib.
Təlimin ikinci günü – bu gün  iştirakçılara ehtiyacı olan miqrantlara birbaşa yardım göstərilməsi haqqında məlumat veriləcək, onların təlimdə qazandıqları biliklərin qiymətləndirilməsi sual-cavab vasitəsilə aparılacaq. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR