Baba Nemətullah Naxçıvani qədim Naxçıvan torpağının fəxrlərindəndir. Naxçıvanda anadan olan bu böyük alimin həyatı haqqında çox az məlumat vardır. Qaynaqlarda onun Ağqoyunlu hökmdarı Uzun Həsən dövründə (1467-1478) təhsil aldığı, Sultan Yaqubun dövründə isə (1478-1490) Naxçıvan mədrəsələrində müəllimlik etdiyi söylənilir. Mənbələrdə ondan Şeyx Əlvan, Ulvanəl Ağşəhri, Nemətullah Baba, Nemətullah Sultan, Baba Nemət, Baba Naxçıvani kimi bəhs edilir (o dövrdə dərvişlər türk xalqları arasında “baba” və “dədə” adlarıyla bilinirdi). Həyatının çox hissəsini Naxçıvanda keçirən N.Naxçıvani yaşadığı dövrün görkəmli alimlərindən dərs almış, dünyəvi elmlərə dərindən bələd olmuş, sonra isə təsəvvüfə yönəlmişdir. O, yaşadığı dövrdə bir sıra dəyərli alimlərlə tanış olmuş, onlardan xeyir-dua almışdır. Özünəməxsus biliyi və dərin mənəvi keyfiyyətləri ilə məşhurlaşan Baba Nemətullah Naxçıvani Türkiyəyə getmiş, Ağşəhərdə yaşamağa başlamışdır.
Nemətullah Naxçıvaninin yazdığı əsərlər əxlaq, fəzilət, elm və ürfan nümunəsi kimi məşhurlaşmış, ona xalqın rəğbətini, məhəbbətini qazandırmışdır. Zahiri və batini elmlərdə çox yüksək biliyə malik N.Naxçıvani mənəvi elmlərdəki dərin biliyi ilə təsəvvüfdə ilahi sirlər dənizinə vaqif olanlardandır. Professorlar Fəxrəddin Səfərli və Məmməd Rzayev öz məqalələrində onun fəlsəfi görüşlərindən bəhs etmiş, həyat və yaradıcılığı haqqında maraqlı faktlar irəli sürmüşlər. Əhməd Faruq Güney də öz elmi əsərlərində Nemətullah Naxçıvanini məşhurlaşdıran təfsirlərindən bəhs etmişdir. Əhməd Faruq Güney öz araşdırmasında Nemətullah Naxçıvaninin həyatı, yaradıcılığı və naxçıvanlı olması haqqında məlumat vermişdir. Baba Naxçıvani 1514-cü ildə Ağşəhərdə vəfat etmişdir. Osmanlı sultanlarından III Murad 1584-cü ildə onun qəbrinin olduğu yerdə “Əvkafi-zaviyə Baba Nemətullah Naxçıvani” adında bir vəqf təsis etmişdır.
N.Naxçıvaninin qəbri Konya bölgəsinə bağlı Ağşəhər dərəsinin yuxarısında, Baştəkkə yolu üzərindədir. Məzarı 1852, 1889 və 1995-ci illərdə bərpa olunmuşdur. Rəvayətə görə, Baba Nemətullah Naxçıvaniyə ömrünün son anlarında “Arifin əlaməti nədir?” – deyə sormuşlar. O, “Allah-Taalanı anmaqda zəiflik göstərməməkdir”, – deyə cavab vermişdir. Baba Naxçıvaninin “əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu lil-kəlimil-Quraniyyə vəl-hukəmil-Furkaniyyə” adlı təfsir kitabı Naxçıvaniyə şöhrət qazandıran əsərlərindəndir. Bu əsər İslam ədəbiyyatında Quranı təsəvvüfi üsulla təfsir edən ilk əsər hesab edilir. Əsər o dövrdə çox məşhurlaşmışdır. Baba Naxçıvaninin öz əli ilə yazdığı nüsxəsinin ikinci cildi Türkiyədəki Topqapı Sarayının III Əhməd kitabxanasında saxlanılır.
Onun yazdığı “Şərhi-əsrarin-nöqtə”, “Hidayətül-ixvan”, “Təhqiqat”, “Vücudiyyə”, “Məcmuai-lətaif”, “Hidayə”, “Nikat”, “Mükaşəfə”, “Əsilə vəl əcibə” və sair kimi əsərləri də çox qiymətli yaradıcılıq nümunələridir.
Naxçıvaninin yazdığı əsərləri yaşadığı dövrdə ziyalılar öz aralarında pul toplayaraq nəşr etdirmiş, əsərləri bir çox alimin inkişafının mayasında dayanmışdır. Hələ də Ağşəhərdə qəbri ziyarət edilən, böyük hörmət və izzətlə anılan Baba Naxçıvani Türkiyədə böyük nüfuza malik şəxsiyyətlərdəndir. Onun adını daşıyan ümumtəhsil məktəbi bunun bariz nümunəsidir.
Bu məktəb 23 avqust 2013-cü il tarixdə Konya Valiliyinin təşəbbüsü ilə açılmışdır. Ağşəhər bələdiyyəsi tərəfindən verilən ərazidə tikilən məktəbə Baba Nemətullah Naxçıvaninin adının verilməsi böyük marağa səbəb olmuşdur. Məktəbə naxçıvanlı böyük alimin adının verilməsi Nemətullah Naxçıvaninin həyat və yaradıcılığının öyrənilməsində yeni cığır açmaqla bərabər, insanların diqqətini Naxçıvana yönəltmişdir.
Nərgiz İSMAYILOVA