22 Dekabr 2024, Bazar

“Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 90-cı ili tamam olur. Naxçıvanın muxtariyyəti Azərbaycanın XX əsrdə əldə etdiyi böyük tarixi nailiyyətlərdəndir. Muxtariyyət statusu hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır.
Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Bu fikirləri dünən AMEA Naxçıvan Bölməsində “Mos­kva, Qars  müqavilələri və Naxçıvanın muxtariyyət statusu” mövzusunda keçirilən elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev açılış nitqində səsləndirmişdir.

Elmi konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyevin “XX əsrin əvvəllərində Türkiyə-Rusiya münasibətlərində Azərbaycan amili”, həmin institutun direktoru, professor Fəxrəddin Səfərlinin “Moskva müqaviləsi və onun tarixi əhəmiyyəti”, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Qars müqaviləsi Naxçıvan Muxtar Respublikasının qarantı kimi” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə bildirilmişdir ki, Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapdı. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Türkiyə isə üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə imzalanmasının tərəfdarı idi. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etdi. Türkiyənin bu formatda danışıqlara getməsinin başqa səbəbləri də var idi. İlk növbədə, Türkiyə Moskva müqaviləsini imzalamaqla özü üçün çox mühüm bir neçə məsələni həll etmişdi. Bunlardan biri də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və onun himayəsi altında muxtariyyət yaradılması idi.
Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırıldı. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı B.Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Qars konfransı 1921-ci il sentyabrın 26-dan ok­tyabrın 13-dək olduqca gərgin və prinsipial şəraitdə keçdi. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarətdir. Bu müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsi təsbit olundu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmışdır və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR