Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2013-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında nazir Rövşən Məmmədov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “e-hokumet.nmr.az” domen adlı “Elektron hökumət” portalı yaradılmışdır. “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində rabitə xidmətləri və genişzolaqlı internet xidmət haqlarının ödənilməsi ilə bağlı müvafiq infrastruktur yaradılmış, istifadəçilərin portalda real vaxt rejimində qeydiyyatdan keçməsi üçün İAMAS sisteminə qoşulma və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür.
2013-cü ilin noyabr ayından “Naxçıvanpoçt” MMC tam olaraq fəaliyyətə başlamış, ötən ilin dekabr ayı ərzində 750 min manatdan artıq kommunal xidmət haqlarının poçt müəssisələri tərəfindən yığılması təmin edilmişdir. Bundan əlavə, şəhər və rayon mərkəzi poçt şöbələrində kommunal xidmət haqlarının bank kartları vasitəsilə ödənişi üçün 8 ədəd POS-terminal qurulmuş, növbəti mərhələdə iri yaşayış məntəqələrindəki poçtlarda POS-terminalların quraşdırılması nəzərdə tutulmuşdur.
Vurğulanmışdır ki, 2013-cü ilin aprel ayında muxtar respublikanın daxili telekommunikasiya şəbəkəsinin alternativliyinin təmin edilməsi məqsədilə daha bir mühüm layihənin icrasına – şəhər və rayon mərkəzi avtomat telefon stansiyalarına çıxış verilməklə Ordubad-Sədərək fiber-optik kabel magistralının tikintisinə başlanmışdır. Ümumi uzunluğu 240 kilometrə yaxın olan yeni fiber-optik kabel xəttinin tikintisinin bu ilin I rübündə başa çatdırılması nəzərdə tutulur. Ümumilikdə, 2013-cü il ərzində 274 kilometrdən artıq optik kabel xətlərinin tikintisi həyata keçirilmişdir. Hazırda muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin ümumi uzunluğu 932 kilometrə çatdırılmışdır.
Muxtar respublikanın yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi tədbirləri 2013-cü ildə də davam etdirilmişdir. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 91 faizində genişzolaqlı internet xidmətləri göstərilir.
Ötən ilin fevral ayından başlayaraq muxtar respublikaya daxil olan internet kanalının sürəti 1 Gb/s-dək artırılmış, aprel ayının 1-dən isə muxtar respublikada genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 40 faiz aşağı salınmışdır.
Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 75 faizində rəqəmsal televiziya yayımı təmin edilmişdir. Bağlanmış müqaviləyə əsasən, bu ilin iyun ayına kimi bütün yaşayış məntəqələrində 12 kanallı sosial paketin yayımının başa çatdırılması nəzərdə tutulur.
“Hazırda muxtar respublika üzrə istismar edilən 146 avtomat telefon stansiyasının 80-i yeni nəsil telefon stansiyalarının payına düşür”, – deyən nazir bildirmişdir ki, üçüncü mərhələnin başa çatması ilə yeni nəsil telefon şəbəkəsi üzrə abunəçilərin sayı ümumi sabit telefon abunəçilərinin 65 faizini təşkil edir.
Kollegiya iclasında işdə buraxılan nöqsan və çatışmazlıqlar da təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Məruzə ətrafında “Naxçıvanpoçt” MMC-nin direktoru İlqar Sadiqov, Babək Rayon Rabitə İdarəsinin rəisi İsgəndər Qasımov, Şahbuz Rayon Rabitə İdarəsinin rəisi Fazil Umudov və başqaları çıxış etmişlər.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.
Xəbərlər şöbəsi