Hər bir naxçıvanlı bu uğurlarla fəxr edə bilər
Ulu öndər Heydər ƏLİYEV: Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir.
Azərbaycanın müstəqillik tarixində onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının və naxçıvanlıların mübarizəsi istiqlal mücadiləmizin zəngin və şərəfli səhifələrindəndir. Əslində, Bakıya tuşlanan hər bir separatçılığa birinci həmlə və cavab da Naxçıvandan gəlmiş, bu diyar bütün kəşməkəşli və ağır dövrlərdə istiqlaliyyət tariximizə öyünclü səhifələr yazmışdır.
SSRİ-nin dağılma prosesi 1980-ci illərin sonunda Qarabağ hadisələrinin alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxardı. Azadlıq hərəkatını boğmaq üçün 19 yanvar 1990-cı ildə sovet ordu hissələri Bakıya girərək həmin gecə qanlı qırğın törətdi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etdi, sərhəd boyu intensiv hücuma keçdi, soydaşlarımız şəhid oldular. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi.
Bir neçə aydan sonra Moskvadan Vətənə dönən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamenti milli dövlətçilik atributlarının bərpası istiqamətində addımlar atdı. Üçrəngli dövlət bayrağı qəbul olundu. Müstəqillik atributları barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırıldı. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikasının yaşaması üçün İran və Türkiyə ilə əlaqələrin yaxşılaşmasına xüsusi diqqət yetirildi. Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlər görüldü, Ermənistanla atəşkəsə nail olundu.
Muxtar respublikada müstəqillik illərində həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin arzu və ideyalarının həyata keçirilməsində muxtar respublika rəhbərliyinin, xüsusən də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xidmətləri mühüm bir amil kimi diqqətdən yayınmır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlərinin birində bu tarixi reallığı belə dəyərləndirmişdir: “Hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.
Naxçıvan Muxtar Respublikasının 1995-ci ildən sonrakı sürətli və hərtərəfli inkişaf illəri tariximizin yeni mərhələsində intibah dövrü kimi qiymətləndirilir. Son 20 ilə yaxın bir dövrdəki inkişaf və quruculuq marafonuna ötəri bir nəzər salanda belə sürətli inkişafın, həyatın bütün sahələrində, hətta respublikamız üçün nümunə olacaq nailiyyətlər qazanılmasının, diyarın haradan-haraya irəlilədiyinin aydın mənzərəsini görmək o qədər də çətin deyil. Naxçıvan şəhərini və rayon-şəhər mərkəzlərini deyil, ən ucqar kəndləri, buraya çəkilmiş rahat yolları görmək kifayətdir ki, son illərdə oxuyub-eşitdiklərinin həqiqiliyinə əmin olasan.
Keçən əsrin 90-cı illərində çox mürəkkəb tarixi-siyasi şəraitdə Moskvada nəzarət və təqiblərdən yaxa qurtararaq öz xalqının köməyinə gələn ümummilli lider Heydər Əliyev Bakıda da dönük rəhbərlərdən soyuq münasibət görəndə doğulduğu torpağa üz tutmuşdu. Burada həmyerliləri ulu öndəri misilsiz bir səmimiyyət və ehtiramla qarşılamışdılar. Başı üstünü qara buludlar almış muxtar respublika əhalisi Heydər Əliyevin zəka və qüdrətinə sığındı. Naxçıvanlılar Ulu Tanrının xalqımızın xilası və nicatı üçün qoruyub saxladığı böyük rəhbərin ətrafında sıx birləşmiş, onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçmişdilər. Ümummilli liderin həyata keçirdiyi müdrik və qətiyyətli tədbirlər qısa müddətdə muxtar respublikanın etibarlı müdafiəsini təmin etmiş, yaxınlaşan dövlət müstəqilliyi ilə bağlı qabaqlayıcı addımlar atılmışdı.
O günlərdə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Ali Məclisində qaldırılması, muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması, qonşu Türkiyə və İranla zəruri əlaqələr yaradılması, əhalinin ehtiyac və fəlakətdən xilas edilməsi ümummilli liderin təkcə Naxçıvan deyil, bütövlükdə, xalqımız qarşısında misilsiz tarixi xidmətləri olmuşdu.
1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin xalqa zidd siyasətinin bais olduğu başıpozuqluq dövründə də ulu öndər Naxçıvanı qorumuş, onu işğaldan, məhv olmaqdan xilas etmişdi. Xeyli sonra bu tarixi reallıqları dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Naxçıvanı blokada şəraitində əmin-amanlığa, geniş quruculuğa yönəltmək üçün Azərbaycan Prezidenti Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Yusif oğlu Talıbov 1995-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdi. O, hələ 1991-ci ilin sentyabrından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin baş köməkçisi olmuş,Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşkilatlanmasında fəal iştirak etmişdi. Dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin idarəetmə məktəbini keçən, onun dövlətçilik xəttinin incəliklərini mənimsəyən, muxtar respublikanı dərindən tanıyan, onun potensialını və problemlərini yaxşı bilən, təşəbbüskar, coşqun enerjili, aydın proqramlı 35 yaşlı Vasif Talıbov muxtar respublika rəhbərliyini qəbul edərkən öz məramnaməsini bircə cümlə ilə ifadə etmişdi: “Prezident Heydər Əliyevin dövlətçilik xəttinə sadiq qalmaq, onun bu böyük etimadını layiqincə doğrultmaq”.
Qayda-qanunun möhkəmləndirilməsində dövlətçilik maraqlarının uca tutulması, milli-mənəvi dəyərlərə ehtiram, şəxsi nümunə, yaxşı işin dəyərləndirilməsi, ziyanlı fəaliyyətin qarşısının kəsilməsi başlanğıc addımlar oldu. Problemlər, nöqsanlar, ehtiyaclar da dəqiq öyrənildi. Ehtiyatlar, imkan və qüvvələr aşkara çıxarılıb inkişafa yönəldildi. Ali Məclis Sədrinin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvanda keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” (1996) və “Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları” (2000) beynəlxalq simpoziumları və digər məclislər Naxçıvanın yeniləşməsi, layiqli mövqeyə çıxması üçün siyasi-mənəvi və sosial-iqtisadi yönlərdə aydın, məqsədyönlü, ardıcıl fəaliyyətə əlavə impuls verdi.
Ulu öndərin daimi diqqəti, himayəsi, yerli potensialın hərəkətə gətirilməsi ilə ölkədə ilk dəfə Naxçıvanda Heydər Əliyevin başladığı aqrar islahat uğurla həyata keçirildi. Mövcud sənaye müəssisələri özəlləşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsalat sahələri yaradıldı. Naxçıvan şəhərində, rayon mərkəzlərində, yaşayış məntəqələrində əsaslı quruculuq işlərinə başlandı. Sosial-mədəni obyektlər, tarixi binalar təmir və bərpa edildi. Çoxsaylı yeni, zəruri obyektlər tikildi. Təhsil, səhiyyə, xidmət ocaqlarında nümunəvi şərait yaradıldı. Əhalinin elektrik enerjisi, qaz, içməli su problemi aradan qaldırıldı. Kommunikasiyalar təzələndi, genişləndi. Rabitə-nəqliyyat şəbəkəsi müasirləşdirildi, tələbata uyğun quruldu. İdarəçilikdə aşkarlıq, demokratik tələblər bərqərar oldu. Muxtar respublikanın etibarlı müdafiəsi təmin olundu, hərbi quruculuğa önəm verildi.
Gecəli-gündüzlü zəhmətin, gərgin fəaliyyətin bəhrəsi çoxaldıqca Naxçıvan Muxtar Respublikası da sosial-iqtisadi quruculuq, siyasi-mədəni fəallıq poliqonu kimi tanındı. Ulu öndər dəfələrlə muxtar respublikada oldu, uğurları yüksək dəyərləndirdi, qayğı və köməyini artırdı. Bu gün də ümummilli liderin layiqli davamçısı, regionların inkişafını prioritetə çevirmiş, bu yöndə quruculuğu şəxsi nəzarətə götürmüş Prezident İlham Əliyev muxtar diyarın daha yüksək inkişafı üçün mümkün olan hər şeyi edir. Ölkə rəhbəri hər il Naxçıvana gəlir, uğurları təqdir edir, yeni hədəflərə diqqət yetirir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə Naxçıvanda eksperimental qaydada həyata keçirdiyi aqrar islahat sonrakı illərdə uğurla başa çatdırılmışdır. Əkinə yararlı torpaqların, ictimai əmlakın sahibi olmuş kəndli təsərrüfatları ümumi məhsulu dəfələrlə artırmağa nail olmuşlar. 1995-ci ildə diyarda 39 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdisə, 2013-cü ilin yekununda bu rəqəm 337 milyon manatı keçmişdir.
2012-ci illə müqayisədə bu ilin əvvəlindən kənd təsərrüfatı məhsulları istehsalı 6,9 faiz artmışdır. Eyni ilə iqtisadiyyatın bütün sahələrində bu uğurlu tendensiya özünü təsdiq etmişdir.
2013-cü ildə muxtar respublikada 2 milyard 338 milyon 928 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 10,3 faiz üstələyir. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 28,5 faizlik payla sənaye, ikinci yeri isə 25,5 faizlik payla tikinti sahəsi tutmuş və Ümumi Daxili Məhsulun 64,8 faizi maddi istehsal sektorunun payına düşmüşdür. 2013-cü ildə hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilə nisbətən 9 faiz artaraq 5423 manat (6911,8 ABŞ dolları) həcmində olmuşdur. 2013-cü ildə 2012-ci ilə nisbətən sənaye məhsulunun həcmi 6,3 faiz, əsas kapitala yönəldilən investisiyalar 5,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,9 faiz yüksəlmişdir. Nəqliyyat sektorunda yük daşınması 9,5 faiz, informasiya və rabitə xidmətləri 6,1 faiz, o cümlədən mobil rabitə xidməti 5,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 11,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,7 faiz, xarici ticarət dövriyyəsi 13,5 faiz çoxalmışdır. Əhalinin gəlirləri 7 faiz, hər bir nəfərə düşən gəlirlər 4,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,1 faiz artmışdır. Onu da qeyd etmək yerinə düşər ki, bu rəqəmlər ümumölkə göstəricilərindən, eləcə də digər bölgələrdəki yüksək nəticələrdən də üstündür.
Bu zirvələr “Naxçıvan möcüzəsi”nin hüdudlarını göstərməklə heyranlıq yaradır, hər birimizə sevinc və qürur gətirir. Qəddar düşmən ermənilər və onların havadarları Naxçıvanı blokadaya salmaqla onu boğmaq, batırmaq istəyirdilər. Naxçıvanlılar öz dözüm, qeyrət və hünərləri ilə bütün daxili ehtiyatları hərəkətə gətirdilər. Mövcud olan dəyərli hər şey qorundu, yeniləşdirildi. Hər qarış torpaqdan, hər damla sudan, yerli xammaldan və materiallardan səmərəli istifadə olundu. Muxtar respublikaya ən qabaqcıl dünya texnologiyaları gətirildi, müasir istehsalat quruldu.
Bu gün muxtar respublikada 346 növdə yerli məhsul istehsal olunmaqdadır. Bunun 115 növü ərzaq, 231 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 332 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Ölkənin ticarət şəbəkəsinə və xarici bazara dünya standartları səviyyəsində mallar çıxarılır. “Blokada” məfhumu məzmunca heçə endirilib. Naxçıvan şəhərində yaradılmış yeni beynəlxalq aeroport Bakı və Gəncə ilə daimi, etibarlı əlaqə yaratmağa imkan verir. Buradan xarici ölkələrə də uçuşlar həyata keçirilir. Culfa-Biləsuvar arasındakı məsafə İran ərazisindən keçməklə ölkənin əsas ərazisi ilə gündəlik avtomobil əlaqəsi yaradılır. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin həyata keçməsi də, şübhəsiz ki, Naxçıvanın siyasi-iqtisadi həyatında önəmli hadisə olacaqdır.
Muxtar respublikanın rəhbəri, Heydər Əliyev idarəetmə məktəbinin istedadlı və təcrübəli yetirməsi Vasif Talıbov bu diyarı irəli aparmaq, modernləşdirmək üçün məqsədyönlü, irimiqyaslı, ardıcıl işləri uğurla davam etdirir. Muxtar respublikada aqrar islahatlar başa çatdırılmış, heyvandarlıq və bitkiçilik sahəsində böyük uğurlar qazanılmışdır. Naxçıvana xarici sərmayə axını davam edir. Son illərdə muxtar respublikada onlarla müəssisə istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Nəticədə, güclü iqtisadiyyatın yaradılması muxtar respublikanı yaxın illərdə məhsul ixrac edən bölgəyə çevirmişdir. Muxtar respublikada əhalinin sosial problemlərinin həlli üçün konkret işlər görülür, təhsilin, səhiyyənin, elm və mədəniyyətin inkişafına, tikinti-abadlaşdırma və bərpa işlərinə daim böyük qayğı və diqqət göstərilir. Muxtar respublikada elm və təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilməkdədir. Bu istiqamətdə 2013-cü ildə Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır. Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Özəl Universitetinin yeni tədris korpusları, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti və 6 elmi-tədqiqat institutu üçün binalar istifadəyə verilmişdir. Eyni zamanda muxtar respublikanın şəhər və kəndlərində, xüsusilə Naxçıvan şəhərində mədəni-maarif ocaqları, idman kompleksləri, inzibati binalar inşa edilmişdir.
Naxçıvanın tarixi-memarlıq abidələrindən Möminə xatın məqbərəsi, Qarabağlar kompleksi, Yusif Küseyir oğlu türbəsi, Xan sarayı, Buzxana, İmamzadə və Əlincəçay Xanəgah kompleksləri, İsmayılxan hamamı kimi abidələr yüksək səviyyədə əsaslı təmir və bərpa edilmişdir. C.Naxçıvanskinin, H.Cavidin, M.S.Ordubadinin, C.Məmmədquluzadənin, Y.Məmmədəliyevin ev-muzeyləri yenidən qurulmuşdur. Bəhruz Kəngərlinin adı əbədiləşdirilmiş və ev-muzeyi təşkil edilmişdir. Görkəmli pedaqoq, maarifçi və şair M.T.Sidqinin 150 illik yubileyi keçirilmiş, əsərləri nəşr edilmiş və xatirəsi əbədiləşdirilmişdir. H.Cavidin xatirəsinə monumental məqbərə ucaldılmışdır.
Naxçıvan şəhərində və bölgələrdə tarixi abidələrin bərpası və qorunması ilə bağlı həyata keçirilən zəruri tədbirlər hər səfərimizdə təəssüratımızı xeyli zənginləşdirib. Təbiət möcüzəsi, müqəddəs ziyarətgah Əshabi-Kəhfə asfalt yol çəkilməsi, ziyarətçilər üçün rahatlıq yaradılması və ərazinin abadlaşdırılmasının sorağı təkcə respublikamızda deyil, qonşu ölkələrdə də dolaşır. Biz də bu həqiqəti dəfələrlə öz gözlərimizlə görüb, buradakı çox böyük quruculuq işlərini həyata keçirənlərin təkcə əməllərinə yox, həm də yaradıcı zövqə heyrətimizi gizlədə bilməmişik!..
Naxçıvan şəhərindəki qədim qala ərazisində Nuh Peyğəmbərin qəbri üstündə məqbərə ucaldılması da tarixi bir hadisədir. Ordubadda Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, Nehrəmdə Cəlil Məmmədquluzadənin ev-muzeylərində və orta əsr hamamında aparılan təmir, Kəngərli rayonunda Qarabağlar türbəsində və mədrəsə kompleksində aparılmış konservasiya işləri Naxçıvanın bu gününü gözəlləşdirməklə yanaşı, həm də böyük tarixi keçmişinə də xüsusi bir hörmətin təntənəsidir.
Naxçıvanlıların bu boyda xarüqələr yaradıb, quruculuq işləri ortaya qoyması nə qədər ağlasığmaz və əfsanəvi görünsə də, bunlar hər kəsin görüb dərk etdiyi reallıqlardır. Bu həm də o deməkdir ki, Naxçıvan rəhbərliyinin bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Məhz buna görədir ki, aparılan məqsədyönlü iş sayəsində qonşu xarici dövlətlərlə – Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə normal münasibətlər yaradılmış, çoxsaylı müqavilələr imzalanmışdır. Bu münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir.
Naxçıvanın uğurları ilbəil artmaqdadır. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində müvəffəqiyyətlər qazanılır, diyarın hərtərəfli inkişafı təmin edilir. Heç də təsadüfi deyildir ki, Heydər Əliyevin siyasi kursunu böyük inamla davam etdirən ölkə Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafında Naxçıvanın xüsusi yeri olduğunu dönə-dönə qeyd edərək demişdir: “Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır. Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir”.
Heç şübhəsiz, ölkə Prezidentinin Naxçıvanın inkişafına verdiyi bu böyük qiymət, buradakı intibah əhval-ruhiyyəsi daha böyük uğurlar əldə olunmasına təkan verəcəkdir.
Namiq ƏHMƏDOV
“Xalq qəzeti”
5 fevral 2014-cü il