22 Dekabr 2024, Bazar

Fevralın 6-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2013-ci ilin yekunları və qarşıda duran vəzifələrin icrasına dair iclas keçirilmişdir.
İclasda Müvəkkil (Ombudsman) Ülkər Bayramova məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən illərdə olduğu kimi, 2013-cü ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini insan hüquqlarının müdafiəsi, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və bu məqsədlə müvafiq maarifləndirici vəsaitlərin hazırlanması, paylanması, ictimaiyyətlə, informasiya vasitələri və beynəlxalq təşkilatların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində davam etdirmişdir.
2013-cü il ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Müvəkkilə ünvanlanmış hər bir müraciətə həssaslıqla yanaşılmış, müvafiq araşdırmalar aparılmış, aid qurumlara sorğular ünvanlanmış, bununla yanaşı, şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) vətəndaşlar tərəfindən yazılı, şifahi və elektron formada müraciətlərin daxil olduğunu deyən Ülkər Bayramova müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxıldığını, daxil olan bütün müraciətlərin cavablandırıldığını bildirmişdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın Naxçıvan Muxtar Respublikasında icra vəziyyəti 2013-cü ildə də diqqət mərkəzində saxlanılmış, müvafiq dövlət qurumlarının iştirakı ilə konfrans keçirilmişdir.
2013-cü ildə reallaşdırılan mühüm tədbirlərdən biri də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və insan hüquqları” mövzusunda yazı müsabiqəsinin keçirilməsi olmuşdur.
Məruzəçi qeyd etmişdir ki, beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaradılması da daim diqqət mərkəzində saxlanılmış, 2013-cü ildə beynəlxalq qurumların Azərbaycan üzrə ofislərinin, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
İclasa yekun vuran Ülkər Bayramova vurğulamışdır ki, Ombudsman vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində səylərini bu il daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili Aparatının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR