Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün elan edilmiş müsabiqənin test imtahanı olub. İmtahanı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası keçirib.
Müsabiqənin test mərhələsində namizədlərə 100 suallıq test tapşırığı təqdim olunub. Bu tapşırıqlardan 80-i hüquqi, 20-si isə məntiqi bilikləri əhatə edib. İmtahanlarda 18 vəkilliyə namizəd iştirak edib, onlardan 12 nəfəri keçid balını toplaya bilib.
Qeyd edək ki, test imtahanlarında 50 və ya daha çox bal toplayan namizədlər növbəti – şifahi imtahan mərhələsində iştirak edəcəklər. Bu mərhələni müvəffəqiyyətlə başa vuran namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 20 günlük təlimə göndəriləcəklər. Təlimlər başa çatdıqdan sonra isə namizədlərin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzvlük məsələsi kollegiyanın rəyasət heyətində müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək.
Xəbərlər şöbəsi