22 Dekabr 2024, Bazar

35 il bundan əvvəl, 1979-cu il fevralın 11-də İran xalqı öz müqəddəratını təyin etmiş, İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran arasında əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq genişlənir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi İran İslam Respublikasına səfərləri Azərbaycanla İran arasındakı münasibətlərin əsasını qoymuşdur. 1993-cü ildə ulu öndərin ali hakimiyyətə qayıdışından sonra isə Azərbaycan-İran dövlətlərarası münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İran İslam Respublikasına, eləcə də İran İslam Respublikasının qonşu vilayətlərinə səfərləri, İran İslam Respublikasının yüksək vəzifəli dövlət rəsmilərinin Naxçıvana səfərləri dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirən amillərdir. Ali Məclis Sədrinin İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətlərinə səfərləri çərçivəsində iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında memorandumların imzalanması əməkdaşlığın perspektivləri baxımından əhəmiyyətli olmuşdur.
1996-cı ildən ötən müddətdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlığa dair 4 saziş, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni əməkdaşlığa dair 5 saziş, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ilə isə iqtisadi və mədəni əməkdaşlığa dair 4 saziş imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bu günədək imzalanmış əksər sazişlərdə Naxçıvana aid xüsusi maddələr öz əksini tapmış və yaxud sazişlər birbaşa Naxçıvan Muxtar Respublikasına aid olmuşdur.
2007-ci ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış dörd sazişin hamısı – “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su-Elektrik Stansiyalarının Tikintisi barədə Protokol”, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və İran İslam Respublikasının Yol və Nəqliyyat Nazirliyi arasında “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunun açılması haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası)-Culfa (İran İslam Respublikası) yeni avtomobil körpüsünün inşa edilməsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilməsi haqqında Memorandum” Naxçıvan Muxtar Respublikasına aid olmuşdur. Bundan başqa, 2010-cu il fevral ayının 17-də Azərbaycan və İran hökumətləri arasında imzalanmış Enerji və Nəqliyyat Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumunda Naxçıvan Muxtar Respublikasının nəqliyyat və enerji sahəsi ilə bağlı müvafiq maddələr də öz əksini tapmışdır.
İran İslam Respublikası ilə qurulan iqtisadi münasibətlər sahibkarlıq subyektlərinin qarşı­lıqlı əlaqəsində də özünü göstərməkdədir. Muxtar respublikanın sahibkarları dəvət əsasında İran İslam Respublikasında keçirilən sərgilərdə iştirak edərək istehsal etdikləri məhsulları nümayiş etdirirlər. 2013-cü ilin 27-30 aprel tarixlərində muxtar respublika sahibkarları Tehran şəhərində keçirilən “Birinci İran İslam Respublikası ixracat potensialı” adlı sərgidə iştirak etmişlər.
2004-cü ilin avqust ayında Naxçıvan Muxtar Respublikasının təbii qaza olan tələbatının ödənilməsinə dair Azərbaycanla İran arasında imzalanmış “Təbii qaz mübadiləsi üzrə müqavilə”nin icrası nəticəsində 2005-ci ilin noyabr ayından muxtar respublikaya mübadilə yolu ilə təbii qazın verilməsinə başlanmışdır.
Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının digər bölgələri ilə quru yol nəqliyyatı əlaqəsi hal-hazırda İran ərazisi vasitəsi ilə həyata keçirilir. 2007-ci ilin avqust ayında imzalanmış memoranduma əsasən, həmin ilin noyabr ayından başlayaraq İran ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə müntəzəm avtobus reysləri işləyir. Bağlanmış müqavilələrə əsasən, 2011-ci ilin oktyabr ayından Naxçıvan-Təbriz-Tehran və əks istiqamətdə avtobus marşrutu fəaliyyət göstərir.
Nəqliyyat əlaqələrinin inkişafında Araz çayı üzərində körpülərin tikilməsi də mühüm əhəmiyyətə malikdir. 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt körpüsü tikilərək istifadəyə verilmişdir. Həmçinin Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında imzalanmış müqaviləyə əsasən, Culfa-Culfa yeni avtomobil körpüsü inşa edilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində beynəlxalq statusa malik Culfa və Şahtaxtı dövlət sərhəd-buraxılış məntəqələri fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Culfa Gömrük İdarəsinin və Şahtaxtı Gömrük İdarəsinin sərhəd-keçid kompleksinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi, beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz olunması gediş-gəlişi kifayət qədər sadələşdirmişdir.
Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın bölgələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq da inkişaf edir. Hazırda Naxçıvanda qızıl balıq yetişdirilməsi sahəsində fəaliyyət göstərən sahibkarlar İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətindən olan sahibkar­lıq subyektləri ilə əməkdaşlıq edirlər. 2012-ci ilin noyabr və dekabr aylarında Qərbi Azərbaycan Vilayəti Balıqçılıq Baş İdarəsinin nümayəndə heyəti Naxçıvana səfər etmiş, gətirilmiş vətəgə əhəmiyyətli körpə balıqlar muxtar respublikanın su anbarlarına ötürülmüşdür.
Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə təhsil sahəsində olan əlaqələrini, əsasən, universitetlərarası əlaqələr təşkil edir. Naxçıvan Dövlət Universiteti İran İslam Respublikasının Tehran və Təbriz universitetləri ilə müxtəlif tarixlərdə imzalanmış müqavilələr əsasında əməkdaşlıq edir. 2012-ci ildə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Pəyame Nur Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyəti muxtar respublikada olmuş, Naxçıvan Dövlət Universitetində, Təhsil Nazirliyində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görüşlər keçirilmişdir.
Tərəflər arasında səhiyyə, mədəniyyət, turizm və idman sahəsində də əməkdaşlıq canlanmışdır. Artıq idmançılarımız İran İslam Respublikasında keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edirlər. İranın Ərdəbil vilayəti ilə də Naxçıvan Muxtar Respublika­sı arasında əlaqələr inkişaf etməkdədir. 2012-ci ildə Ərdəbil vilayətinin ustandarının Naxçıvana 2 günlük işgüzar səfəri, keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşı­lıqlı faydalı əməkdaşlığın gələcək perspektivləri baxımından əhəmiyyətli olmuşdur.
Azərbaycan-İran əlaqələri ortaq dəyərlərə və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da güclənəcəkdir”.

"Şərq qapısı"

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR