22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda təhsil naziri Piri  Nağıyev çıxış edərək bildirmişdir ki, 2013-cü ilin əvvəlindən bu vaxta qədər muxtar respublikada 8304 şagird yerlik 24 təhsil müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 4 təhsil müəssisəsinin tikintisi və ya yenidən qurulması davam etdirilir.
2013-cü ildə ümumtəhsil məktəblərini 4186 nəfər məzun bitirmiş, onlardan 3238 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd vermişdir. Bu da məktəbi bitirənlərin 77,35 faizini təşkil edir. İmtahanlarda iştirak edən məzunların 1677 nəfəri ali məktəblərə qəbul olunmuşdur ki, bu da sənəd verənlərin 51,76 faizi deməkdir. Qəbul imtahanlarında 312 nəfər 500-700 intervalında bal toplamışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin Sədri təhsil işçilərinə haqlı iradlarını bildirərək informasiya-kommunikasiya texnologiyalarından istifadə vəziyyətinin qənaətbəxş olmadığını qeyd etmişdir.

Bu sahə üzrə verilmiş tapşırıqların icrasını təmin etmək, tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyə işinin düzgün təşkil edilməsi, bütün fənn müəllimlərinin qabaqcıl texnologiyalardan lazımi şəkildə istifadə etmələri və bunun şagirdlərimizə aşılanması məqsədilə bütün təhsil işçiləri mövcud imkanlardan yüksək səviyyədə istifadə etməlidirlər.  
“Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin ali təhsilli ixtisaslı müəllimlər tərəfindən tədris olunması da daim diqqətdə saxlanılmışdır”, – deyən nazir əlavə etmişdir ki, bu istiqamətdə aparılan işlər nəticəsində 2013-cü ildə bədən tərbiyəsi və fiziki tərbiyə ixtisasına 55 nəfər qəbul olunmuşdur.  
Bildirilmişdir ki, şahmatın tədrisini təmin etmək məqsədilə muxtar respublika rəhbərinin qayğısı ilə təhsil müəssisələrinə 489 dəst ayaqlı, 500 dəst asma və 3905 dəst stolüstü  şahmat verilmişdir. Şahmatın bu sahə üzrə bilikli və bacarıqlı müəllimlər tərəfindən tədris olunması üçün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Təhsil Nazirliyi ilə birlikdə test imtahanları keçirmiş, imtahanlarda iştirak edən müəllimlərdən 300 nəfərə sertifikatlar verilmişdir.
Muxtar respublikamızda yaşayan sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi də diqqətdə saxlanılan məsələlər sırasında olmuşdur. Bu məqsədlə təhsil müəssisələrində inteqrasiyalı təhsilə cəlb edilmiş 844 nəfər sağlamlıq imkanı məhdud şəxsə zəruri köməkliklərin edilməsi və xüsusi nəzarətin təmin olunması məktəb psixoloqlarına həvalə edilmişdir. Bununla bağlı müşavirə keçirilmiş və ümumtəhsil məktəblərində həmin uşaqların cəmiyyətə adaptasiya olunması, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün lazımi tövsiyələr verilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında da ötən ilin  yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq  məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, ötən il nazirlik dövlət gənclər siyasəti və idman yarışları çərçivəsində 218 tədbir keçirib. Hesabat ilində muxtar respublikada “Xəmsə” milli intellektual oyunlarının yeniyetmələr arasında III Azərbaycan çempionatı keçirilib, Gənclərin Yay Universiteti fəaliyyətini davam etdirib, “Nuh yurdu” intellektual müsabiqələri təşkil edilib.
Azad Cabbarov deyib ki, bəhs olunan dövrdə muxtar respublikada idman infrastrukturunun inkişafı, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra işlər görülüb, şəhər və rayonlarımızda yeni idman obyektləri həyata vəsiqə alıb. Yenidən təmir olunan Naxçıvan Muxtar Respublika Stadionu, Naxçıvan şəhərində yeni yaradılmış Stend və Güllə Atıcılığı Mərkəzi də ötən il idmançıların ixtiyarına verilən obyektlər sırasında olub. 2013-cü ildə “Araz-Naxçıvan” peşəkar futbol komandası yenidən formalaşdırılıb, bu komandanın futbol üzrə I divizionda iştirakı təmin edilib. Bəhs olunan dövrdə muxtar respublika 2 beynəlxalq yarışa, paralimpiya festivalına, super kubokun final oyununa və futbol veteranları arasında turnirə ev sahibliyi edib.
Qeyd edilib ki, bu  gün muxtar respublikada, ümumilikdə, 68 min 437 nəfər yeniyetmə və gənc idmanla məşğul olur. 2013-cü il ərzində ayrı-ayrı növlər üzrə gənc idmançılarımızın respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 6, Avropa çempionatında 4, beynəlxalq turnirdə 6, Azərbaycan birinciliklərində  52 medal qazanaraq muxtar respublikanı bu yarışlarda layiqincə təmsil ediblər.
Məruzəsində işdə buraxılan nöqsanlardan da bəhs edən nazir vurğulayıb ki, bəzi federasiyaların fəaliyyətində hələ də bir sıra nöqsanlar müşahidə olunmaqdadır. 2013-cü ildə federasiyalara tanınmış məşqçilərin müəyyən müddətdə muxtar respublikaya dəvət  olunması, yerli məşqçilərin təlimlərdə iştirak etmələri, onların əlavə hazırlıq kurslarına göndərilməsi və milli komandaların təlim-məşq toplanışları keçmələri ilə bağlı tapşırıqlar verilsə də, bəzi federasiyalar bu tapşırıqları lazımınca yerinə yetirə bilməyiblər. Qarşıda duran vəzifələrdən biri də 2015-ci ildə ölkəmizdə keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarında muxtar respublika idmançılarının iştirakı üçün ciddi hazırlıq işlərinin görülməsidir.
Kollegiya iclasında nazirlik aparatının Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədovun, Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimovun, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlının, Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyevin, İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin direktoru Yaşar Səfərovun, Şərur Olimpiya-İdman Kompleksinin direktoru Rza Camal­ovun çıxışları olub.

*   *   *

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2013-cü ildə görülən işlərə və qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açmış və məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2013-cü ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisə Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən, 33 min 989,3 ton A-92 benzini, 4999,9 ton A-95 benzini, 220,3 ton A-80 benzini, 82 min 845,4 ton dizel yanacağı, 31045,8 ton bitum, 9131,7 ton mazut, 293,5 ton müxtəlif yağlar, 2176,3 ton maye qaz almışdır.
Bildirilmişdir ki, ötən il müəssisə tərəfindən ümumi dövriyyəsi 72104,5 min manat olan 162090,4 ton müxtəlif növ neft məhsulları satılmışdır ki, bu da 38454,6 ton avtobenzin, 78000,2 ton dizel yanacağı, 11952,1 ton mazut, 31155,8 ton bitum, 2232,9 ton maye qaz, 293,6 ton müxtəlif növ yağlardan ibarət olmuşdur. 2013-cü ildə müəssisə satışdan 990,4 min manat mənfəət əldə etmişdir.
1 yanvar 2014-cü il tarixə müəssisənin anbarlarında 2621,7 ton A-92 benzini, 1,6 ton A-95 benzini, 4687,8 ton dizel yanacağı ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2014-cü ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən danışmışdır.
Məruzə ətrafında müzakirələrdə müəssisənin anbar müdirləri Kazım Rzayev, Elbrus İbrahimbəyli, Mirmehdi Seyidov çıxış etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR