Seçki hər bir xalqın həyatında mühüm ictimai-siyasi hadisədir. Çünki bu proses vasitəsilə xalq həm öz rəhbərini, həm də dövlət orqanlarında onu təmsil edəcək insanları seçir və bununla da, hakimiyyətin formalaşmasında iştirak edir. Azərbaycan qarşıdan gələn 9 oktyabr prezident seçkilərinə hazırlaşır.
Bu mühüm tarixi gündə xalq növbəti dəfə növbəti 5 il üçün öz Prezidentini seçəcək. İndi Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq işləri aparılır. Hamıya məlumdur ki, Azərbaycanda beynəlxalq təşkilatların müsbət qiymətləndirdiyi seçki ənənəsi formalaşıb. Bu ənənə ədalətə, şəffaflığa söykənərək milli dəyərlərimizi də özündə əks etdirir. Bu siyasi günə bir neçə gün qalmış Naxçıvan şəhərindəki bir neçə seçki məntəqəsində olduq. Əvvəlcə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinə baş çəkib vəziyyətlə tanış olduq. Qeyd edək ki, seçki dairəsi 37 məntəqəni əhatə edir. Seçki məntəqələri yeni tikilmiş və ya əsaslı təmir edilmiş binalarda fəaliyyət göstərir.
4-3 saylı seçki məntəqəsi prezident seçkilərinə tam hazırdır. Seçki məntəqəsinin yerləşdiyi bina yüksək səviyyədə təmir olunmuş, telefonlaşdırılmış, lazımi avadanlıqlarla təchiz edilmişdir. Məntəqənin önündə yerləşən lövhəyə seçici siyahıları vurulmuşdur. Hər bir seçici öz adının seçici siyahısında olub-olmadığını həmin siyahılar əsasında dəqiqləşdirə bilər.
Məntəqə seçki komissiyasının sədri Elbrus İsayev deyir ki, məntəqədə vətəndaşların seçki hüquqlarının qorunması üçün hər cür şərait yaradılmışdır. Qeyd etdi ki, seçki günü məntəqə seçki komissiyası üzvlərinin öz vəzifələrini düzgün icra etmələri və səsvermə protokollarının təlimata uyğun doldurulması səsvermənin nəticələrinin müəyyən olunması baxımından çox vacibdir. Demək olar ki, məntəqəmiz bu vəzifələri icra etməyə tam hazırdır. Bunun üçün seminar-treninqlərdə iştirak etmişik.
Qeyd edək ki, Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir. Ölkəmizdəki seçki məntəqələrində əvvəlki seçkilərdə veb-kameralar quraşdırılmış məntəqələrin sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20 faizə) çatdırılmışdır. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar artıq quraşdırılmışdır. 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi məntəqələrin 5-i veb-kameralıdır. Həmin məntəqələrdən 4-10 saylı seçki məntəqəsinə üz tutduq. Burada da hər şey qaydasındadır. Məntəqədə seçkiyə zidd olacaq heç bir neqativ hala rast gəlmək olmaz. Məntəqədən bildirdilər ki, bu günlərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrinin veb-kamera olan məntəqələrinin məntəqə seçki komissiyalarının sədr, katib və üzvlərinin iştirakı ilə keçirilən seminar-treninqdə iştirak ediblər.
4 saylı seçki dairəsinin əhatə etdiyi 4-12, 4-28, 4-34 saylı məntəqələrdə də olduq. Seçki məntəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun təşkil olunmuş, hər bir seçicinin öz iradəsini azad və demokratik şəkildə ifadə etməsi üçün əlverişli şərait yaradılmışdır.
Sara ƏZİMOVA