22 Dekabr 2024, Bazar

“XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən de-fakto tanınmasında görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun xüsusi xidmətləri olmuşdur. Əlimərdan bəy Topçubaşovun tarixi, siyasi və diplomatik fəaliyyətinə ilk qiyməti məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vermişdir. Bu il fevral ayının 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da milli dövlətçilik tariximizə verilən qiymətin təzahürü və bu istiqamətdə ümummilli lider Heydər Əliyev siyasətinin davamıdır”. Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev belə deyib. Akademik qeyd edib ki, Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri, parlament sədri olmuş Əlimərdan bəy Topçubaşov bütün həyatı boyunca Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Ə.Topçubaşovun diplomatik bacarığı sayəsində bir çox dünya ölkə­lərinin rəhbər işçilərilə apardığı danışıqlar öz bəhrəsini vermişdir. Nəticədə isə 1920-ci il yanvarın 11-də keçirilən Paris Konfransının Ali Şurası Azərbaycanın istiqlaliyyətini tanımışdır.

Sonra Ə.Topçubaşovun həyatı və siyasi-diplomatik fəaliyyətinin müxtəlif istiqamətlərinə aid məruzələr dinlənilmişdir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Əlimərdan bəy Topçubaş­ovun həyatı və fəaliyyəti”, həmin institutun elmi işçisi Elnur Kəlbizadə “Əlimərdan bəy Topçubaşov görkəmli diplomat kimi”, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Azərbaycan Xalq Cümhuriyyətinin Parlament Sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransında iştirakı”, böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Əlimərdan bəy Topçubaşovun mühacirət dövrü fəaliyyəti” mövzularında məruzələr etmişlər. Məruzələrdə vurğulanmışdır ki, bugünkü müstəqil və qüdrətli Azərbaycan məhz xalq cümhuriyyəti liderlərinin, o cümlədən Əlimərdan bəy Topçubaşovun arzuladığı qüdrətli, dünyada, müxtəlif beynəlxalq təşkilatlarda söz sahibi olan Azərbaycandır. Əgər xalq cümhuriyyəti cəmi iki ilə yaxın bir müddətdə fəaliyyət göstərmişdisə, bugünkü Azərbaycan Respublikası artıq 22 ildir ki, müstəqildir. Bir zamanlar Əlimərdan bəy Topçubaş­ovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin sülh konfransına qəbul edilməsi böyük diplomatik qələbə, Millətlər Cəmiyyətinə üzv qəbul edilməsi uzaq perspektiv plan hesab olunurdusa, bu gün Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və ona sədrlik edir.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR