Bu mövzuda Naxçıvanda beynəlxalq konfrans keçirilir
Dünən Naxçıvan şəhərindəki Biznes Mərkəzində bu mövzuda beynəlxalq konfrans öz işinə başlayıb. Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya xidmətlərinin əməkdaşları və 8 dövlətin aidiyyəti qurumlarının nümayəndələri iştirak edirlər. Konfransın keçirilməsində məqsəd miqrasiya idarəçiliyində qazanılmış təcrübələrin bölüşdürülməsidir. Konfransdan əvvəl qonaqlar və tədbir iştirakçıları Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərimizin xatirəsini yad edib, sonra muzeylə tanış olublar.
Biznes Mərkəzində davam etdirilən tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmiz yenicə müstəqillik əldə etdiyi dövrdə öz müdrikliyi və uzaqgörənliyi ilə miqrasiya prosesinin mahiyyətini açıqlayaraq deyib: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”.
Qeyd olunub ki, mürəkkəb sosial proses olan miqrasiya prosesləri qədim tarixə malikdir. Bu proses ayrı-ayrı bölgələrin və ölkələrin sosial-iqtisadi inkişaf səviyyələri, eyni zamanda siyasi və mənəvi amillərlə sıx bağlıdır. Azərbaycan üçün miqrasiya prosesləri yeni bir anlayış deyil. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Bildirilib ki, Azərbaycan dövləti inkişafın bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin hüquqi tənzimlənməsində bir sıra dövlətlər üçün bir nümunədir. 2013-cü ilin avqust ayının 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində yeni normalarla yanaşı, bu günədək miqrasiya proseslərini tənzimləyən müxtəlif normativ hüquqi aktların müddəaları toplanılıb. Miqrasiya Məcəlləsi beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları daha da genişləndirilib. Tam əminliklə qeyd etmək olar ki, ölkəmizin miqrasiya proseslərində daha çox təyinat ölkəsi kimi çıxış etməsi qısa müddət ərzində respublikada aparılan uğurlu sosial-iqtisadi siyasətin və sabitliyin nəticəsidir. Bunu muxtar respublikanın timsalında da görmək olar.
Qeyd olunub ki, Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən bu tədbirin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında keçirilməsi təsadüfi deyil. İqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri hər bir dövlət üçün ən vacib sahə olan turizmin inkişafı baxımından Naxçıvan ideal bir məkandır. Sadalananlar və Naxçıvan Muxtar Respublikasının son 18 il ərzində hərtərəfli inkişafı, sürətli tərəqqisi, burada həyata keçirilən irimiqyaslı islahatların, reallaşdırılan layihələrin uğurlu nəticələri, iqtisadi, siyasi, sosial və mədəni sahələrdə əldə olunmuş əsaslı nailiyyətlər Naxçıvanı dünyaya yeni formada və məzmunda təqdim etməyə imkan verir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak tədbir iştirakçılarını təbrik etdikdən sonra konfransın proqramında nəzərdə tutulan məsələlərlə bağlı məruzələr dinlənilib.
Konfransın “Transmilli kontekstdə effektiv miqrasiya idarəçiliyi” mövzusunda keçirilən ilk iclasında “Azərbaycanda miqrasiya dinamikasına ümumi baxış və Miqrasiya Məcəlləsi”, “Miqrasiya və çoxmədəniyyətlilik”, “Miqrasiya sahəsində transmilli əməkdaşlığın təşviqinə dair Avropa Birliyinin siyasəti” mövzularında məruzələr dinlənilib.
Nahar fasiləsindən sonra konfrans işini davam etdirib, “Miqrantların insan hüquqları” mövzusunda ikinci, “Tənzimlənməyən miqrasiyaya qarşı mübarizə aparmağın effektiv vasitələrinin araşdırılması” mövzusunda üçüncü məsələ ətrafında məruzələr olub.
Beynəlxalq konfransda bu gün “Sərhəd və immiqrasiya idarəçiliyi” mövzusunda dördüncü, “Getdikcə əhəmiyyətləşən tendensiyalar: miqrasiya və inkişaf; miqrasiya və sağlamlıq” mövzusunda beşinci məsələlər barədə məruzələr dinləniləcək, nəticələr müzakirə ediləcək və konfransın rəsmi yekunu olacaqdır.
Xəbərlər şöbəsi