və yaxud seçkiyə sözardı…
Sözönü
Azərbaycan siyasi tarixinin daha bir mühüm hadisəsini geridə qoydu. Ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Seçkidən öncə yazdığımız yazıların birində qeyd etmişdik: “Alternativ əsaslarla keçirilən bu prezident seçkiləri öncəsi də nəinki ölkə, o cümlədən dünya mətbuatının xüsusi vurğuladığı bir məqam var: siyasi rəqiblərindən fərqli olaraq, cənab İlham Əliyev seçkidə iştirakı ilə bağlı hər hansı populist və təbliğat xarakterli bir fikir səsləndirmir”. Prezident təbliğat kampaniyası boyunca da öz təbliğatına yönəldilmiş hər hansı bir fikir səsləndirmədi. O, sadəcə, Prezident kimi öz işi ilə məşğul oldu.
Müxalifət…
Müxalifət isə bütün vasitələrdən istifadə edərək xalqı inandırmağa çalışdı. Məhz BÜTÜN VASİTƏLƏRDƏN… Buraya qanuni vasitələrlə mübarizə üsullarından tutmuş insan və vətəndaş hüquqlarının kobud şəkildə pozulmasına, konfidensial (şəxsi həyata aid) informasiyaların açıqlanmasına qədər hər şey aid idi. Hər halda “yıxılana balta vuran” prinsipindən uzağıq və indiki məqamda bu qeyri-qanuni vasitələrdən istifadə edənlərin də bu və ya digər şəkildə müzakirə obyektinə çevrilməsinin tərəfdarı deyilik. Çünki hazırkı və növbəti 5 il üçün seçdiyimiz dövlət başçısının buna ehtiyacı yoxdur…
Bəs müxalifətin növbəti məğlubiyyətinin səbəbi nə idi? Onlar, həqiqətənmi, zəif idilər? Məncə, yox. Sadəcə, cənab İlham Əliyev çox güclüdür. Müxalifət ölkə tarixinin əvvəlki seçkilərindən daha mütəşəkkil idi. Onlar bu dəfə siyasi kombinasiyaları qurmağın əlifbasını öyrənmiş kimi görünürdülər. Bu isə təqdir olunmalıdır. Çünki demokratik ölkələrdə müxalifətin olması təqdir olunan haldır və əslində, müxalif siyasi qüvvələrin daha da güclənməsini, ölkədə siyasətin prinsiplərini bilən müxalifətin olmasını hamıdan çox dövlət başçısı cənab İlham Əliyev istəyir. Başqa sözlə desək, hazırda ölkədəki müxalifətin demokratik siyasi mübarizədə orta təhsil attestatında cənab Prezidentin imzası var.
O Prezident ki
Xalq ona növbəti beş il üçün də taleyini etibar etdi. O isə ilkin nəticələrin açıqlanmasından sonrakı ilk çıxışında xalqa ləyaqətli xidmət və Azərbaycanın dövlət maraqlarının müdafiəsi işini ön plana çıxardı. Prezident Azərbaycanın dövlət maraqları dedi və seçkiöncəsi ərəfədə “90-cı il metodları” ilə ölkəni qarışdırmaq istəyən daxili və xarici qüvvələrə, eləcə də daxildən olub xaricə gedən qüvvələrə cavab verdi. Sitat: “Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir”. Sitatın sonu. Prezident eyni zamanda dayağı hansısa xarici təşkilatlarda və dövlətlərdə axtararaq “bizi filankəslər dəstəkləyir, ona görə qələbəmiz labüddür” deyənlərə də hakimiyyətə gedən yolda hərəkətverici qüvvənin xalq olduğunu göstərdi: “Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir. …Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik” deməklə.
Dövlət başçısı seçkinin nəticələri ilə bağlı xalqa müraciətində qətiyyətlə dedi: “Müasir dövlət quruculuğu prosesi bundan sonra da davam etdiriləcəkdir. Növbəti illərdə xoşagəlməz halların aradan qaldırılması üçün xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Xalq tərəfindən bizim siyasətimiz, qətiyyətimiz, addımlarımız dəstəklənir. Sahibkarlığın inkişafı ilə bağlı siyasətimiz davam etdiriləcəkdir. Bütün istiqamətlər – yeni iş yerlərinin açılması, yoxsulluğun, işsizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız vardır”.
Seçki sonrası ilk nitqinə cənab İlham Əliyev gələcək böyük qələbələrdən soraq verməklə yekun vurdu: “Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq”. Bu böyük qələbənin nə olduğunu isə dövlət başçısı Nazirlər Kabinetinin seçkidən əvvəl keçirilən 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadə etmişdi: “Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq”. Bəli, Prezident hansısa beynəlxalq güclərə xoş gəlmək üçün rəqiblərindən fərqli olaraq “Qarabağ mübahisəli ərazidir” demədi. Hətta İrəvanın, Zəngəzurun və Göyçənin mübahisəsiz Azərbaycana məxsus olduğunu açıq şəkildə bəyan etdi.
AND…
Bu sözü and içməklə yanaşı, həm də abreviatura kimi qəbul edə bilərik: Azərbaycan Naminə Döyüş. Prezident Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Şərif”ə and içdi, qüdrətli Azərbaycan naminə aparılan mübarizədə keçilən yoldan danışdı.
Prezident müstəqillik gününün ertəsi and içdi. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ilə qazanılan müstəqilliyin 2 ili artıq 22 ilə çevrilmişdi. Bunun özü belə, kifayət qədər ciddi mesaj idi. Müqayisə edək.
XX əsrin əvvəllərində Parisdə olan nümayəndə heyəti böyük dövlətlərdən yardım və kömək istəyirdi. Qarşılığında isə böyük dövlətlərdən birinin nümayəndə heyətinin adicə bir üzvü parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Ə.Topçubaşova deyirdi: “Biz bütün kiçik xalqların dostuyuq. Sizin hamınıza kömək etməyə şadıq. …Memorandumla tanış oldum və görürəm ki, Azərbaycan varlı ölkədir və özü sərbəst yaşaya bilər. ...Ola bilsin ki, sizin sərvətinizə layiq kapital tapıla bilər”. Yeni əsrin 13-cü ilində isə Azərbaycan Prezidenti dedi: “Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. ...Xarici siyasətlə bağlı təşəbbüslərimiz eyni zamanda bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır”. Yardım istəyən Azərbaycan əməkdaşlıq təkliflərini nəzərdən keçirir, investisiya axtaran Azərbaycan xaricə investisiya yatırır.
XX əsrin əvvəllərində Parisdə Azərbaycan nümayəndə heyətinin rəhbəri ABŞ Prezidenti V. Vilsona deyirdi: “Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk. …Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də sizin böyük prinsipləriniz əsasında yardım alacağıq”.
Qüdrətli Azərbaycanın Prezidenti isə deyir: “Görürük, o ölkələrdə ki iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr, demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir”. Bu müqayisələri artıra da bilərik. Fərq bu qədər ciddidir.
Prezidentin andiçmə mərasimində diqqətçəkən bir məqam da var idi. Tribunaya doğru inamla addımlayan qüdrətli şəxsiyyət – Azərbaycan Prezidenti tarixdə ilk dəfə olaraq hansısa fövqəlgüclərin nümayəndələrinin qarşısında deyil, yalnız və yalnız öz millətinin təmsilçilərinin, öz millətinin nümayəndələrinin qarşısında and içir, geniş nitqin sonunda isə bunun səbəbini bir cümlə ilə açıqlayırdı: “Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır”.
Və taleyinin sahibi olan xalq
mövcud siyasətin davamına səs verdi, o, “DAVAM” dedi. O, inkişafa, sabitliyə, tərəqqiyə səs verdi. Populizmə və reallıqdan uzaq vədlərə deyil, praqmatizmə və real inkişafa inandı. 20 il öncəki kimi.
Elnur KƏLBİZADƏ