Oktyabrın 4-də Naxçıvan Qarnizonunda Milli Ordunun zabit və gizir heyətinin iştirakı ilə seçkilərə hazırlıqla bağlı seminar-treninq keçirilmişdir. Seminarı giriş sözü ilə Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov açmışdır.
“Hərbi qulluqçular da Azərbaycan Respublikasının digər vətəndaşları kimi, aktiv və passiv seçki hüququna malikdirlər və bu hüquqları həyata keçirərkən onlarla eyni hüquq və vəzifələrə sahibdirlər”, – deyən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova seçki hüququnun təminatları və məhdudiyyətləri barədə hərbi qulluqçulara məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının şöbə müdiri Cəlil Rüstəmov bildirmişdir ki, seçki hüququ ümumi, bərabər, birbaşa, sərbəst, şəxsi və gizli səsvermə prinsipləri əsasında həyata keçirilir. Bu prinsiplər, demək olar ki, bütün demokratik dövlətlərin seçki qanunvericiliyində təsbit olunan ümumi qəbul olunmuş prinsiplərdir. Ümumilik prinsipinin mahiyyəti ondan ibarətdir ki, ölkə vətəndaşlarının hamısı seçki hüququna malikdirlər. Bərabər seçki hüququ prinsipinə görə, hər bir seçici seçkilərdə iştirak etmək üçün yaradılmış imkanlardan digər seçicilərlə bərabər səviyyədə istifadə edir. Birbaşa seçki hüququ prinsipi isə seçicinin seçkili orqana və ya seçkili vəzifəyə birbaşa seçmək və seçilmək hüququnun mövcudluğunda ifadə olunur. “Seçkilərdə sərbəst iştirak aktiv seçki hüququ ilə bağlı olan bir prinsipdir”, – deyən Cəlil Rüstəmov qeyd etmişdir ki, bu prinsipə əsasən, şəxsiyyətin iradəsi ən mühüm əlamət kimi ön plana çəkilir. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakı azad və könüllüdür. Gizli səsvermənin tətbiq olunmasında məqsəd seçkilərin daha düzgün keçirilməsinə, seçicilərin öz iradələrini olduğu kimi həyata keçirmələrinə nail olmaqdır. Bu prinsip seçicilərin iradəsinin ifadəsi üzərində kənar nəzarət və təsiri istisna edir. Şəxsi səsvermə prinsipinə görə isə seçici öz iradəsini yalnız özü, şəxsən ifadə etməlidir.
Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirmişdir ki, Milli Orduda xidmət edən hərbi qulluqçuların səsvermələrinin təmin edilməsi üçün 21 qapalı seçki məntəqəsi yaradılmışdır. Bu seçki məntəqələri təşkil olunarkən Seçki Məcəlləsinin bütün tələbləri nəzərə alınmışdır.
Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev vətəndaşların seçki hüquqlarının pozulması zamanı şikayət edilməsi qaydaları, şikayətin verilməsi müddətləri, vətəndaşlar tərəfindən verilən şikayətlərə dair tələblər, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər haqqında ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov çıxışında qeyd etmişdir ki, seçki hüquqlarının pozulması xarakterinə görə cinayət, inzibati, intizam və mülki məsuliyyətə səbəb olur, onlar ictimai təhlükəlilik dərəcələrinə görə fərqlənir. Ölkəmizdə seçki hüquqlarına önəm verilməsi, seçki hüquqlarının pozulmasının daha ictimai təhlükəli əməl kimi qiymətləndirilməsi və bu hüquqların pozulmasına görə digər məsuliyyət növləri ilə yanaşı, şəxsin cinayət məsuliyyətinə cəlb olunması da nəzərdə tutulmuşdur. Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov muxtar respublikada seçkilərə hazırlıq sahəsində görülmüş işlərdən bəhs etmiş, seçicilərin səsvermə qaydalarından danışmışdır.
Tədbirə Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov yekun vurmuşdur.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti