22 Dekabr 2024, Bazar

Xalqın iradəsinin ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi, habelə dövlət həyatının ən mühüm məsələlərinə dair öz rəyini ümumxalq səsverməsi (referendum) yolu ilə bildirməsidir. Seçkilər və referendum, demək olar ki, bütün dünyada vətəndaşların, cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır. Siyasi mədəniyyətin, hüquq şüurunun və hüquq mədəniyyətinin formalaşmasında, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşməsində seçkilərin və referendumun əhəmiyyəti olduqca böyükdür.

Ədalətli və demokratik seçkilər ölkənin suverenliyini əks etdirir ki, burada da xalq hökumətin səlahiyyətlərinin və qanuniliyinin əsasını təşkil edən söz azadlığına malik olur. Seçkilərin ədalətli keçirilməsi siyasi hakimiyyət uğrunda demokratik prinsiplərə əməl olunmasına və sabitliyin qorunub saxlanılmasına xidmət edir.
Seçkilərin ədalətli olması demokratik idarəçiliyin zəruri şərtidir, çünki bu cür seçkilər vasitəsilə xalq qanunun tələb etdiyi əsaslarla öz iradəsini azad şəkildə ifadə edir.
Seçki müşahidəsi demokratiyanın inkişafının göstəricisi kimi seçkilərin şəffaf keçirilməsində ictimaiyyətin maraqlarını əks etdirir. Seçkinin müşahidə olunması onun ədalətliliyini və legitimliyini qiymətləndirmək, seçki saxtakarlığını və ya seçki pozuntularını aşkara çıxarmaq üçün əsas vasitədir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 41-ci maddəsində seçkilərin müşahidə olunmasının dörd prinsipi nəzərdə tutulur: seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir; müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır; müşahidə açıq aparılmalıdır; müşahidənin yekunları faktlara əsaslanmalıdır.
Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq niyyətində olan aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı seçkilərin elan olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər, seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə isə seçkilərin elan olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Müşahidəçi Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasında qeydiyyatdan keçir, ona müvafiq lövhəcik verilir. Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən müşahidəçi respublika ərazisində yerləşən bütün seçki məntəqələrində, dairə seçki komissiyasında qeydiyyatdan keçən müşahidəçi isə qeydə alındığı seçki dairəsi ərazisindəki seçki məntəqələrində müşahidə apara bilər.
Seçki Məcəlləsinə əsasən, hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Qanuna əsasən, həmin müşahidəçilərin qeydiyyatdan keçmələri tələb olunmur.
Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) Azərbaycan Respublikası vətəndaşının müşahidəaparma qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) yerli müşahidənin aparılması qaydaları haqqında təlimat”a müvafiq olaraq tənzimlənir.
Yerli müşahidəçinin səlahiyyət müddəti ona müvafiq seçki komissiyası tərəfindən bu statusun verildiyi andan başlanır və müvafiq məhkəmələrdə seçkilərlə (referendumla) əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.
Seçki Məcəlləsinə əsasən, xarici vətəndaşlar xüsusi dəvət əsasında müşahidəçi qismində çıxış edə bilərlər. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər. İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət təşkilatları da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Milli Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya Xarici İşlər Nazirliyinə verə bilərlər. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları beynəlxalq müşahidəçi statusu ala bilməzlər.
Beynəlxalq müşahidəçi statusunu əldə etmək niyyətində olan xarici vətəndaşlar seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək müvafiq ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək qeydiyyatdan keçməklə Azərbaycan Respublikasının dövlət dilində və xarici dillərin birində vəsiqə – lövhəcik alır. Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) beynəlxalq (xarici) müşahidəçilərin müşahidəaparma qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət  qaydaları haqqında təlimat”a müvafiq olaraq tənzimlənir.
Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlanır və seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.
Yerli və beynəlxalq müşahidəçilərin qanunvericiliyə əsasən seçki siyahıları ilə tanış olmaq; səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq və ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlamaq prosesini izləmək; seçki bülletenləri verilməzdən əvvəl ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsini müşahidə etmək, seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək; səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək; seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək; müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək; seçki komissiyasının qanuni fəaliyyətinə maneə törətmədən müşahidə aparmağı təmin edən şəraitdə və müşahidənin maneəsiz aparılmasına imkan verən müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq; səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək; seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq; səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq; müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablamasını müşahidə etmək; seçki sənədlərinin yuxarı seçki komissiyalarına göndərilməsini müşahidə etmək; seçki komissiyasında seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək; səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsini müşahidə etmək; səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında protokolların tərtib olunmasını müşahidə etmək; səslərin hesablanmasını və ya təkrar hesablanmasını müşahidə etmək; səslərin paralel sayılmasında iştirak etmək; səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsinin dairə seçki komissiyasına göndərilməsini müşahidə etmək; qanunla qadağan olunmayan digər hərəkətlər (hərəkətsizlik) etmək hüquqları vardır. Müşahidəçilər göstərilən hüquqlarını həyata keçirərkən seçki prosesinə maneəçilik ­törətməməlidirlər.
Qanunvericiliyə əsasən, müşahidəçilərə sadalanan hüquqları həyata keçirərkən seçicilərə seçki bülletenləri vermək; seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək; seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək; seçicinin xahişi ilə seçki bülletenini doldurmaq; seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək; seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək; seçicilər arasında təşviqat aparmaq; bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək; müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək; seçicilərin barmaqlarını mürəkkəblə işarələmək və ya ultrabənövşəyi lampa ilə seçicilərin barmaqlarının işarələnib-işarələnmədiyini yoxlamaq; seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla); qanunla qadağan edilən digər hərəkətlər (hərəkətsizlik) etmək qadağan edilir. Seçki Məcəlləsinə əsasən, göstərilən tələblərə riayət etməyən yerli müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər. Beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının qanunlarını, beynəlxalq hüquq normalarını pozduqları hallarda Mərkəzi Seçki Komissiyası onların qeydiyyatını ləğv edə bilər.
Seçki Məcəlləsinə əsasən, yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar. Hər bir halda yerli və beynəlxalq müşahidəçilərə eyni hüquq və vəzifələrin verilməsi ölkədə demokratiyanın mövcud olduğunun əsas göstəricisidir. Müşahidəçilərin sayəsində seçkinin təşkilinin təməl standartları yayılır və güclənir. Seçkilərdə səsvermə vacib olduğu kimi, seçkiləri müşahidə etmək də vacib prosesdir.
Beləliklə, o nəticəyə gələ bilərik ki, Azərbaycan Respublikasında keçirilən seçkilər xalqın iradəsinin özəyidir. Seçkilər yolu ilə xalqın suveren iradəsi reallaşır. Xalqımızın suveren iradəsinin düzgün ifadə olunması isə seçki müşahidəçilərinin vəzifə və səlahiyyətlərini yüksək dərəcədə yerinə yetirmələrindən asılıdır.

Qabil MƏMMƏDOV
Nахçıvаn Muхtаr Rеspublikаsı
Ali Məhkəməsinin hаkimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR