Naxçıvan şəhərindəki Biznes Mərkəzində “Miqrasiya problemlərinin həlli: miqrasiya idarəçiliyinə dair təcrübələrin bölüşdürülməsi” mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günündə “Sərhəd və immiqrasiya idarəçiliyi” mövzusunu əhatə edən məruzələr dinlənilib.
“Qabaqcıl sərhəd idarəçiliyi: təcrübələr və məqsədlər” mövzusunda məruzə edən Ukrayna Dövlət Sərhəd Xidmətinin Risk Qiymətləndirilməsi İdarəsi rəhbərinin müavini, polkovnik Oleq Zalyubivski təmsil etdiyi qurumda həyata keçirilən islahatlardan, yeni layihələrdən bəhs edib, Ukrayna Respublikasında sərhəd xidmətinin təşkili və miqrasiya proseslərinin tənzimlənməsi sahəsində görülən işlərdən, yeni texnologiyalardan istifadə səviyyəsindən, infrastruktur quruculuğundan və təcrübə mübadiləsinin vacibliyindən söz açıb.
“Naxçıvan” Sərhəd Diviziyasının Sərhəd Nəzarəti Bölməsinin rəisi, polkovnik-leytenant Əhməd Abbasovun məruzəsi “Azərbaycanda inteqrə edilmiş sərhəd idarəçilik sisteminin həyata keçirilməsində əldə edilmiş nailiyyətlər” mövzusunda olub.
Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində, başlıca olaraq, inteqrə edilmiş sərhəd idarəçiliyi, sərhəd nəzarəti, qeyri-leqal miqrasiya ilə mübarizə, dəniz sərhədlərinin mühafizəsi, pilotların və mobil qrupların əməkdaşlarının hazırlığının təkmilləşdirilməsi, təlim-tədris sisteminin təşkili və digər sahələr üzrə əməkdaşlıq edilir. Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində inetqrə edilmiş sərhəd idarəçiliyinin yaradılması sahəsində geniş əməkdaşlığımız mövcuddur. 2006-2008-ci illərdə Avropa Komissiyası və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə “Azərbaycanın cənub sərhədlərində inteqrə edilmiş sərhəd idarəçiliyi modelinin yaradılması” üzrə həyata keçirilmiş pilot-layihə çərçivəsində telekommunikasiya və rabitə vasitələri, radiasiya monitorinqi, müşahidə-nəzarət qurğuları, kompüterlər, gecəgörmə cihazları, pasport nəzarəti texnikası, nəqliyyat vasitələri və digər avadanlıqlar əldə olunub.
“Türkiyə Respublikasının sərhəd-nəzarət sistemi: təcrübələr, nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda Türkiyə Daxili İşlər Nazirliyinin Sərhəd Nəzarəti İdarəsinin layihə məmuru Əmrah Gülər məruzə edib. O qeyd edib ki, Türkiyə Respublikası sərhədlərə nəzarət sisteminin yenidən qurulmasında və bu sahədə ən müasir layihələrin həyata keçirilməsində maraqlıdır. Türkiyənin sərhədlərində bu gün bir neçə ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirilən malların qarşısı, eləcə də miqrant axınının qarşısı alınmaqdadır.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasında inteqrə edilmiş sərhəd idarəçilik sisteminin yaradılması və yerləşdirilməsindəki rolu barədə sözügedən təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak məlumat verib.
Konfransda həmçinin miqrasiya və inkişaf, miqrasiya və sağlamlıq mövzularında məruzələr dinlənilib. Məruzəçilərdən Beynəlxalq Miqrasiya Təşkilatının Moldovadakı Nümayəndəliyinin əməkdaşı Yon Bulacın, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin mütəxəssisi Elxan Qasımovun məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov yekun nitqi ilə çıxış edərək bildirib ki, yaşadığımız XXI yüzillikdə qloballaşan dünyaya inteqrasiya edən sivil dövlətin xarici və daxili siyasət kursunda bir sıra strateji məqamlarla yanaşı, miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun idarə olunması və demoqrafik vəziyyətin daim nəzarətdə saxlanılması vacib şərtlərdəndir. Hər dövlətin bu prosesi milli maraqlar, miqrasiya qanunları ilə tənzimləməsi son dərəcə vacib məsələdir. Bu bəşəri prosesin genişlənməsinin əsasında müxtəlif səbəblər durur. Səbəblər isə sosial-iqtisadi, mədəni-siyasi, etnik-dini məqamlarla bağlı məcburi və ya könüllü xarakterlidir. Məsələn, etnik miqrasiyanı məcburi prosesə aid etmək olar, ona görə ki, bu amil insanların etnik mənsubiyyətinə görə prosesə məcburi qatılmasında özünü göstərir. Etnik mühacirət hallarında məcburi qoşulmanın təşkilatçısı – icraçısı rolunda başqa etnosun nümayəndələri və həmin ölkədə dövlət hakimiyyətinin daşıyıcıları çıxış edirlər. Buna misal olaraq ən yeni tarixdə azərbaycanlıların öz ata-baba yurdu olan Qərbi Azərbaycan ərazisindən (indiki Ermənistan) deportasiya olunmasını göstərmək olar. 1989-cu ildə Orta Asiyada baş vermiş milli münaqişə zəminində didərgin düşmüş Axısxa türkləri də Azərbaycanda qaçqın kimi məskunlaşıblar. Daha sonra Ermənistanın ölkəmizə təcavüzü nəticəsində məcburi daxili miqrasiya baş verdi və yüz minlərlə soydaşımız öz yurd-yuvasından didərgin düşdü. Bu məcburi daxili miqrasiya nəticəsində Azərbaycan dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevrildi. Bütün bunlar göstərir ki, Azərbaycan Sovet İttifaqının dağılması prosesində üzləşdiyi daxili və xarici təlatümlərə məruz qaldığı çətin bir şəraitdə külli miqdarda soydaşımızı miqrant statusu ilə qəbul etməyə və yerləşdirməyə məcbur olub.
Xidmət rəisi qeyd edib ki, miqrasiya idarəçiliyində qazanılmış təcrübələrin bölüşdürülməsi günün vacib tələblərindən biridir və keçirilən konfrans bu məsələdə əhəmiyyətli rol oynayacaq.
Sonra konfrans iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində olublar.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya xidmətlərinin əməkdaşları və 8 dövlətin aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Səbuhi HÜSEYNOV