22 Dekabr 2024, Bazar

Muxtar respublikada yanğından mühafizə tədbirləri diqqət mərkəzindədir

2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.
XX əsrin əvvəllərində yaradılan Azərbaycan yanğından mühafizə xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Zəngin siyasi və idarəçilik təcrübəsinə, fenomenal rəhbərlik qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inki­şaf etməyə başladı. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəm­ləndirildi, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildi. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş, yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır.

Azərbaycan yanğınsöndürənləri sırasında muxtar respublikamızın yanğınsöndürənləri də öz fəaliyyətləri ilə seçilir, regionda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün müxtəlif tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayırlar. Son illər yanğın təhlükəsizliyi orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, ştat strukturunda dəyişikliklərin edilməsi və şəxsi heyətin rifahının yüksəldilməsi muxtar respublika yanğınsöndürənlərinin fəaliyyətinin hərtərəfli təşkilinə səbəb olmuşdur. 2002-ci ildə Sədərək rayonunda yeni ştat vahidləri verilməklə yanğın hissəsi yaradılmış, onun fəaliyyəti üçün müasir tələblərə uyğun olan inzibati bina və yanğın avtomobillərinə saxlanc tikilmiş, 2003-cü ildə Ordubad və Şahbuz rayon yanğın hissələrinin şəxsi heyətinin sosial rifahının yüksəldilməsi üçün peşəkar yanğın hissələri hərbiləşdirilmiş yanğın hissələrinə çevrilmişdir. 2004-cü ildə Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi şöbədən idarəyə, onun yerli orqanları xidmətdən şöbəyə çevrilmiş, Kəngərli rayonunda yeni ştat vahidləri verilməklə hərbiləşdirilmiş yanğın hissəsi yaradılmışdır.
Muxtar respublikamızda yanğın təhlükəsizliyi orqanlarının inkişafına göstərilən qayğı, sadəcə, maddi-texniki bazanın təkmilləşdirilməsi ilə məhdudlaşmır. Bu sahədə ixtisaslı və peşəkar kadrların hazırlanması da daim diqqət mərkəzində saxlanılır. 2006-2013-cü illər ərzində 107 nəfər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarus Respublikasının Minsk şəhərindəki akademiyalara, Bakı Yanğın Texniki Kollecinə təhsil almağa göndərilmişdir ki, onlardan 51-i xidmət edən əməkdaş, 56-sı isə ümumtəhsil orta məktəblərini bitirmiş mülki vətəndaş olmuşdur. Bu gün onlardan 81-i təhsillərini başa vuraraq xidmətlərini davam etdirirlər ki, bu da Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun şöbələrinin ixtisaslı kadrlarla komplektləş­dirilməsinə öz müsbət təsirini ­göstərməkdədir.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binaları əsaslı təmir edilərək, Kəngərli, Şahbuz, Ordubad, Şərur və Babək rayonlarında Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar tikilərək şəxsi heyətin istifadəsinə verilmişdir. Cari ildə isə Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının əsaslı təmir edilməsi və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binasının tikintisinə başlanması üçün müvafiq tədbirlər görülür. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun şöbələrinin lazımi avadanlıqlarla təchizatı istiqamətində də mühüm işlər görülmüşdür. Son illər 10 ədəd Rusiya istehsalı olan müasir “KAMAZ” markalı yanğınsöndürmə avtomobili, 10 ədəd Almaniya istehsalı olan “MAN” markalı yanğınsöndürmə avtomobili, 1 ədəd Fransa istehsalı olan “İVECO EPS-30” markalı yanğın-nərdivan avtomobili, 5 ədəd əməliyyat-minik avtomobili, geyim formaları, bir çox digər texnika, avadanlıq, cihaz və əşyalar alınaraq yanğınsöndürənlərin istifadəsinə verilmişdir.
Muxtar respublikada yanğından mühafizə tədbirlərinin gücləndirilməsi məqsədilə maarifləndirmə işinə xüsusi diqqət yetirilir. Əməkdaşlar mənzillərdə yoxlamalar keçirir, əhali arasında yanğın təhlükəsizliyi barədə söhbətlər aparır. 2013-cü ilin ötən dövrü ərzində 1705 obyektdə əsaslı yoxlamalar aparılmış, 105 mindən artıq şəxsi yaşayış evində, 324 dövlət yaşayış binasında yanğına qarşı profilaktika işləri aparılaraq vətəndaşlara “Şəxsi və dövlət yaşayış evlərində yanğın təhlükəsizliyi qaydaları” barədə tövsiyələr təqdim edilmiş və onlar təlimatlandırılmışdır.
Hər il dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi üçün Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi tərəfindən tədbirlər planı tərtib olunaraq icra edilir. Bu il taxıl biçini dövründə 116 kombayn yanğına qarşı texniki baxışdan keçirilərək odsöndürənlərlə təmin edilmişdir. Profilaktika işinin səmərəliliyini daha da artırmaq məqsədilə əkinçiliklə məşğul olan vətəndaşlara, kombaynçılara və sürücülərə “Ot-taxıl yığımı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında” tövsiyələr təqdim edilmiş, dəyirmanların, taxıl və yem anbarlarının yanğın-texniki müayinəsi keçirilmişdir. Biçin dövrü ərzində sahələrdə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin əməkdaşları tərəfindən patrul xidməti təşkil olunmuşdur. Aparılan işlər sayəsində taxıl yığımı kampaniyasında taxıl zəmilərində yanğın hadisəsi qeydə alınmamışdır.
Dövlət yanğın nəzarətinin həyata keçirilməsi məqsədilə muxtar respublika ərazisində yerləşən təhlükə potensiallı və yanğın-partlayış təhlükəli obyektlərdə yoxlamalar, müayinələr aparılaraq obyektlərin yanğın təhlükəsizliyi vəziyyəti mütəmadi olaraq yoxlanılır. Cari ildə də binalarda, qurğularda, nəqliyyat vasitələrində və digər obyektlərdə mövcud olan yanğınsöndürmə vasitələrinin və inventarlarının vəziyyəti yoxlanılaraq qeydiyyata alınmışdır. Elektrik enerjisindən istifadə zamanı israfçılığın qarşısının alınması və yanğın təhlükəsi yarada biləcək sahələrin ləğv edilməsi məqsədilə 682 ədəd yanğın cəhətdən qorxulu olan və əlavə çəkilmiş elektrik xətti, 648 ədəd rezin borularla çəkilmiş qaz xəttinin və qeyri-standart qaz plitələrinin istismarı dayandırılmışdır. Yanğın təhlükəli yerlərə yığılmış 630 ot-saman tayasının yerləri dəyişdirilərək təhlükəsiz yerlərə köçürülmüşdür. Eləcə də yanğın təhlükəsizliyi məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif növ təbliğat materialları, yaddaş kitabçaları və videomateriallar hazırlanmışdır.

Naxçıvanın yanğın təhlükəsizliyi xidmətinin şəxsi heyəti bundan sonra da yanğın təhlükəsizliyini etibarlı şəkildə təmin edəcək, nümunəvi xidməti ilə mənzilləri, istehsal müəssisələrini və digər obyektləri yanğından qoruyacaq.

Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili
bölməsinin rəisi, daxili xidmət baş leytenantı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR