1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində yeni tariximiz yazıldı. O tarixdə intibahımız, inkişafımız və tərəqqimiz qırmızı xətlə silinməz izlər qoydu
Yollarımızdan başlayaraq evlərimizə qədər hər şey zaman-zaman dəyişdi. Köhnələr yenilərlə əvəzləndi. Gözümüzü yoran bozarmış nimdaş tikililər bir-bir öz yerini yeni, müasir binalara verdilər. Yollarımız, küçələrimiz bir ayrı mənzərə ilə könlümüzü oxşadı. Yaşıllıqlar təbiətimizin əsrarəngiz gözəlliyinə yeni bir yaraşıq verdi. Hər bir sahədə inkişaf, yenidənqurma insanların yaxşı yaşayışında təzahür etdi. İllər uzunu yaranmış problemlərin kökündən həll olunması üçün məqsədyönlü siyasət həyata keçirildi. Daxili və xarici siyasətdə ağlagəlməz uğurlar Azərbaycanın bir dövlət kimi dünyada tanınmasına səbəb oldu. Bütün bunlar o gün – 3 oktyabr 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevi Prezident seçməyimizlə reallaşdı. Uzaqgörən siyasətin şirin bəhrələrini bu gün dadırıq.
Ötən əsrin 80-ci illərində tez-tez televiziya vasitəsilə öyrənirdik ki, Heydər Əliyev bölgələrdə təsərrüfat fəallarının müşavirələrini keçirir. Həmin müşavirələrdən əvvəl onun bölgədəki rayonların taxıl zəmilərinə, pambıq tarlalarına, üzüm plantasiyalarına və digər təsərrüfat obyektlərinə baxış keçirdiyi bildirilirdi. Problemləri yerindəcə araşdırıb müvafiq nazirliklərə göstərişlər verirdi. Ümummilli lider səmimiyyəti, qayğıkeşliyi, zəhmətsevərliyi, sadəliyi ilə xalqın inamını, böyük məhəbbətini elə o vaxtdan qazanmışdı.
Sovet kəndinin inkişaf etməsi üçün Azərbaycanın müxtəlif yerlərində olan təsərrüfatları həvəslə gəzən, görülən işlərə obyektiv qiymət verən ulu öndər hələ onda bu xalqın ürəyində əbədiyyət heykəlini ucaltmışdı. Azərbaycanı torpağa səcdə və məhəbbət, el-obaya hörmət və sayğı, Vətənə sədaqət və sevgi, əmək adamlarına rəğbət və ehtiram ruhuna kökləmişdi. Onun uzaqgörənliyi və Allah vergisi olan fitri istedadı xalqımıza xoşbəxt günlər yaşatdı. Bugünkü müstəqilliyimizin təməli qoyuldu.
Gələcəyi görmək qüdrəti olan bu böyük simanı 1993-cü ildə özümüzə rəhbər seçməklə müstəqil dövlətimizdə ləyaqətə, humanizmə, asayişə, məsuliyyətə, inkişafa, əmin-amanlığa, sabitliyə səs verdik. Tarix sübut etdi ki, doğrudan da, elin gözü tərəzidir. Bu tərəzinin gözü əyiləndə biz müsibətlərlə üz-üzə qalmışıq. 1990-1993-cü illər bunu bir daha sübut etdi.
Düzgün seçim edən xalq bilirdi ki, böyük siyasətçi hər bir sahədə inkişafın ən azı 30-40 il sonrasının əsasını qoyur. Azərbaycanın çağdaş quruculuğunda dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə XX əsrin 70-80-ci illərində SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almış insanlar fəal iştirak etdilər. Bir vaxtlar milli kadrların hazırlanması müstəqilliyimizin qorunmasında və yaşamasında çox önəmli amil oldu.
Müstəqillik illərində istər təhsilin, istər səhiyyənin, istərsə də dilimizin, mədəniyyətimizin hərtərəfli inkişafında 70-ci illərdən təməli qoyulan islahatların və hazırlanan kadrların böyük rolu oldu.
Əmək fəaliyyəti dövründə əsl vətəndaş və rəhbər kimi milli mədəniyyətimizin inkişafına böyük önəm verən xalqımızın böyük oğlu Heydər Əliyev 1969-cu ildən başlayaraq xalqımızın unudulmaqda olan adət-ənənələrini, milli dəyərlərini və xüsusiyyətlərini, mentalitetini də qorumağa və yaşatmağa çalışdı. Bunun üçün xalqa güvəndi və həmişə tövsiyə etdi ki, insan dilini, Vətənini, kimliyini özü qorumalıdır.
Böyük alman filosofunun müdrik kəlamında deyilir: “Mədəniyyət idarə olunmazsa, arxasında külə dönmüş torpaqlar qalar”. Xalqın təkidilə ikinci dəfə siyasi hakimiyyətə qayıdaraq Prezident kürsüsünə əyləşən ümummilli liderimiz müstəqillik illərində də Azərbaycanın milli mədəniyyətinin, dilinin, ənənələrinin dövlət səviyyəsində idarə olunub istiqamətlənməsinə böyük önəm vermiş, onun tərəqqi və təkamülünə qayğı göstərmişdir.
Dünya şöhrətli fransız filosoflarından biri yazırdı: “Xalqın arzularını ifadə etmədən onun rəhbəri olmaq mümkün deyil”. Möhtərəm Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə həyatımızın bütün sahələrində xalqın arzularını reallaşdıraraq qazandığı böyük el məhəbbəti ilə əbədilik ümummilli lider adını qazandı. Xalqının ürəyində bir əbədiyyət heykəli ucaltdı ki, o heykəl keçmiş və gələcək tariximizin hər anında öz möhtəşəmliyini qoruyub saxlayacaq. Çünki O yalnız xalqın istək və arzularını reallaşdırmaqla dövlətimizin xoşbəxt gələcəyinə təminat yaratmağa çalışırdı.
İngilis tarixçisi Tomas yazırdı: “Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdədir... Nə qədər oğullar var ki, xalqlar onların şöhrəti arxasında dayanır”.
Azərbaycanı dünya səviyyəsində tanıdan və bu xalqa yaşam haqqı verən dahi şəxsiyyət Heydər Əliyev də şöhrəti ilə xalqına dayaq oldu. Bu gün həmin şöhrəti genişləndirən və onun təntənəsini artıran da ümummilli liderimizin siyasi varisi cənab İlham Əliyevdir. Xalqımızın bir Prezident kimi cənab İlham Əliyevə böyük ehtiram və məhəbbətinin də kökündə ulu öndərin uzaqgörən siyasi xətti durur. Həmin xətt – xalqa inam, ehtiram, qayğı, diqqət, inkişaf, tərəqqi, yenidənqurma müstəvisindən keçir. Bu isə liderimizin dünya siyasətində yerini, mövqeyini, imicini formalaşdırmağa, ən yaxşı rəhbər kimi hörmətə və ehtirama layiq olmasına səbəb olur. Ulu öndər Heydər Əliyevin ailəsində əsl vətəndaş kimi böyüyən, xalqın dəstəyini qazanaraq ölkə başçısı kimi bu gün dünyanın tanınmış liderləri sırasında duran cənab İlham Əliyev də öz gücünü xalqdan alır. Böyük lider həyatımızın bütün sahələrinin hərtərəfli inkişafına nail olmaqla bir daha ulu öndərin yolunu davam etdirdiyini göstərir.
Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycanda keçirilən prezident seçkilərində xalqın dəstəyini qazanması ilə bugünkü firavan günlərimizin əsası qoyuldu. Çünki həmin vaxt ulu öndər tərəfindən müəyyənləşdirilən quruculuq və fəaliyyət konsepsiyası bu gün də respublikamızda məqsədyönlü şəkildə həyata keçirilir. Xalqımız böyük uğurlara, xoşbəxt gələcəyə, firavan günlərə sahib olubsa, bu, millətimizin doğru-düzgün seçiminin, Heydər Əliyevin siyasi xəttini dəstəkləməsinin nəticəsidir.
Ümummilli liderin hələ 1990-cı illərdən başlayaraq muxtar respublikamıza yeni ab-hava gətirməsi sayəsində blokada şəraitində olmasına baxmayaraq, Naxçıvanın dirçəlişinə təkan verildi, gələcək sürətli inkişaf strategiyasının əsası qoyuldu. Sonrakı illərdə isə quruculuq dövründən inkişaf dövrünə qədəm qoyan muxtar respublikamızda yeniləşmə dövrü başlandı. Yollarımızdan tutmuş evlərimizə qədər nə varsa, tədricən dəyişdi. Gözümüzü yoran bozarmış köhnə tikililər bir-bir öz yerini yeni, müasir binalara verdi. Məktəblər tikildi, yenitəyinatlı sosial obyektlər yaradıldı. Səhiyyə, mədəniyyət müəssisələri istifadəyə verildi. Qaranlıq yollarımız nura qərq oldu, mavi qaz şölələnən evlərimizdə əksər problemlər öz həllini tapdı.
Estetik zövqümüzə gözəllik bəxş edən gülkarlıqlar, parklar, yaşıllıqlar salındı. Süfrələrimizi bəzəyən nemətlərin yerli istehsalına xüsusi dövlət qayğısı göstərildi. Kiçik sahibkarlığın inkişafına hərtərəfli şərait yaradıldı. Kənd təsərrüfatının hər bir sahəsi müasir dövrün tələblərinə uyğun qurularaq böyük uğurlar əldə olundu. İnsanların sosial müdafiəsi gücləndirildi.
Həyatımızda baş verən yeniliklər insanların düşüncə tərzini dəyişdi, tələbatını artırdı. Elə bu səbəbdən xidmət təşkilatları öz işlərini yenidən qurmağa başladılar. Yeniliklərin tətbiqi adi hal aldı. Dünyada baş verən elmi-texniki tərəqqi sayəsində ən ucqar dağ kəndlərində belə, əhali müasir texnikanın imkanlarından istifadə edə bilir. Bir vaxtlar bizim üçün möcüzə olanlardan – internetdən, mobil telefonlardan və başqa elmi-texniki yeniliklərdən bu gün hər bir ailənin üzvləri üçün istifadə imkanları yaradılıb. Kəndlə şəhər arasındakı fərqin azaldılması istiqamətində görülən işlər regionlarımızın simasını başdan-başa dəyişib. Beləcə, zaman-zaman həyatımızı dəyişən tərəqqi sayəsində özümüzü müasir dünyanın sivil insanı kimi gördük. Arzularımız çoxaldı, zahiri görkəmimiz dəyişdi, dünyaya baxışımızda, şüurumuzda yeniliklər yarandı. Çünki davamlı olaraq məqsədyönlü şəkildə ümummilli liderimizin siyasi xətti reallaşdırıldı. Azərbaycan yeni inkişaf konsepsiyası ilə müstəqillik yollarında addımladı. Bu konsepsiya muxtar respublikamızda Ali Məclisin Sədri hörmətli Vasif Talıbov tərəfindən ardıcıl olaraq həyata keçirildi.
Naxçıvan Muxtar Respublikası hazırda ulu öndərimizin adına və arzularına layiq şəkildə inkişaf etdirilir, yenidən qurulur. Son 18 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin təcəssümüdür. Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi rayonları arasında inkişaf dinamikasına görə xüsusilə seçilir. Muxtar respublikada inkişafdan kənarda qalan sahə yoxdur. Bütün infrastruktur yeniləşdirilib, xüsusi zövqlə, diqqət və qayğı ilə yenidən qurulub, müasir tələblər səviyyəsinə çatdırılıb. Bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri, eləcə də digər şəhər, qəsəbə və kəndlərimiz, sözün əsl mənasında, yeniləşmə və inkişaf dövrünü yaşayır. Möcüzə təsiri bağışlayan hərtərəfli və dinamik inkişafın real təzahürləri hər addımda göz oxşayır, könül açır. Vətənə böyük məhəbbətlə görülən bu işləri hər kəs rəğbət və minnətdarlıqla qarşılayır.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızı həqiqi müstəqilliyə, Azərbaycan dövlətini isə inkişaf və tərəqqiyə qovuşdurdu. Ötən 20 il bir daha təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin yeganə təminatı ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir”.
Qocasından cavanına kimi dövlət qayğısı ilə əhatə olunan insanlar bu gün də böyük inamla qurur, yaradır, məhsul istehsal edirlər. Onlar dövlət qayğısına əməli işlə cavab vermək üçün yaradılan şəraitdən istifadə etməyə çalışırlar. Bütün bunlar ümummilli liderin uzaqgörən siyasətinə səs verən millətin doğru seçim etdiyinin göstəricisidir. İndi də onun siyasi varisi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasətə sadiqliyinin nəticəsində çiçəklənən Vətənimizdə sosial-iqtisadi uğurların artması xalqa xoşbəxt günlər, firavan gələcək bəxş edir. Bu siyasətin illər sonra da davam etdirilməsi üçün 9 oktyabrda xalqımızın yenə də düzgün seçim edəcəyinə inanırıq. Çünki başı bəlalar çəkmiş azərbaycanlıların səhv etməyə haqqı yoxdur.
"Şərq qapısı"