22 Dekabr 2024, Bazar

Seçki məntəqələrinin hazırlığı bunu deməyə əsas verir

Ötən hər gün bizi ölkəmizin həyatında başlıca taleyüklü ictimai-siyasi hadisə olan prezident seçkilərinə yaxınlaşdırır. Ona görə də muxtar respublikamızda fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyaları bu tədbiri uğurla başa çatdırmaq üçün yaradılmış bütün imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər. Həm seçki komissiyaları, həm seçicilər yaxşı bilirlər ki, ölkəmizin və ölkə vətəndaşlarının sabahı həmin gün qəbul ediləcək qərardan asılıdır.
5 saylı Şahbuz-Babək Seçki Dairəsi dairə seçki komissiyasının sədri Taməddin Hüseynovla söhbətimizdə öyrəndik ki, bu dairə üzrə 37 məntəqə fəaliyyət göstərir. Ümumilikdə, bu məntəqələrdə 26 min 432 seçici səs verəcək. Seçicilərin 5 nəfərinin yaşı 100-dən yuxarıdır. İlk dəfə səs verəcək seçicilər 597 nəfərdir.
Komissiya sədrinin sözlərinə görə, seçki məntəqələrinin 25-i Şahbuz, 12-si Babək rayonlarında yerləşir. Şahbuz rayonundan 14 min 591, Babək rayonundan 11 min 841 seçici seçkiyə qatılacaq. Seçki məntəqələrinin 30-u yeni, 7-si isə tam təmir olunan binalarda yerləşir. Bütün məntəqələr lazımi avadanlıqlarla təmin edilib, seçki sənədlərinin mühafizəsi üçün tədbirlər görülüb. Məntəqələr seçkilərə aid sənədlərlə təmin olunub. Dairənin 5-1, 5-2, 5-26, 5-31, 5-34 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsində üzərinə mühüm vəzifələr düşən məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilir. Komissiya üzvləri seçicilər və müşahidəçilər üçün yaddaş kitabçaları, müxtəlif təlimatlarla yaxından tanış olublar. Komissiya üzvləri Mərkəzi Seçki Komissiyasında təşkil olunan seminar-treninqlərdə iştirak ediblər. “Məntəqə seçki komissiyası üzvlərinin vəzifələri”, “Müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin hüquq və vəzifələri”, “Səslərin hesablanmasına hazırlıq”, “Səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolun doldurulmasına dair izah” və digər mövzularda keçirilən tədbirlər komissiya üzvləri üçün metodik köməklik rolunu oynayıb. Bütün bunlar isə belə deməyə əsas verir ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələri prezident seçkilərinə tam hazırdır və seçkilərin uğurla başa çatacağına heç bir şübhə yoxdur.
5-12 saylı Badamlı qəsəbə məntəqə seçki komissiyasının sədri Hilal Paşayev bildirdi ki, bu məntəqədə 412 seçici qeydiyyatdadır. Onların 9 nəfəri ilk dəfə səs verəcək. Onlardan biri ilə görüşdük. Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi Mədinə İsmayılova bildirdi ki, ilk dəfə seçici olmağım prezident seçkilərinə təsadüf etdi. Bu da qəlbimdə böyük fərəh hissi yaradıb. Çünki mən də ölkə başçısının seçilməsində iştirak etmək hüququ qazanmışam. Həmin məntəqənin 90 yaşlı seçicisi Birqayımova Emma Fyodorovna rus millətinin nümayəndəsidir. Gəncliyindən bu qəsəbədə yaşayır. Burada məskunlaşmağına da peşman deyil:
– Həmişə azərbaycanlılardan hörmət görmüşəm. Bu gün mənə həm də yaşlı bir insan kimi hörmət göstərirlər. Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişəm. Ancaq müstəqillik illərində keçirilən seçkilərdə bu xalqın iradəsinin, əzminin daha yüksək olduğunu görmüşəm. Buna görə də 9 oktyabrda keçiriləcək seçkilərin  uğurla başa çatacağına tam əminəm.
Şada kəndi təkcə Şahbuz rayonunun deyil, həm də muxtar respublikanın ucqarda yerləşən sərhəd bölgələrindən biridir. Düşmənlə bir addımlıqda yaşayan bu kəndin sakinlərinin seçkiqabağı əhval-ruhiyyəsini öyrənmək üçün burada yaradılmış 5-25 saylı məntəqəyə də üz tutduq. Məntəqə bir neçə il əvvəl yeni inşa olunmuş kənd tam orta məktəbinin binasında yerləşir. 127 seçicinin səs verəcəyi məntəqə seçkilərə tam hazır vəziyyətdədir. Məntəqə seçki komissiyasının sədri Təyyar Əhmədov bildirdi ki, sərhəd bölgəsi sakinlərinin seçkidə fəallığını təmin etmək üçün bütün tədbirlər həyata keçirilib. Seçki keçiriləcək otaqlar yüksək səviyyədədir. Katib və üzvlər, həmçinin seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyən edilib. Hər bir seçici öz adının seçici siyahısında olub-olmadığını dəqiqləşdirə bilər. Məntəqəyə gəlmək imkanı məhdud olan seçicilər üçün səyyar seçki qutuları verilib. Kənd sakinlərindən Göycə Məmmədova, Əhməd Həsənov, Vəli Heydərovla görüşdük. Kənd sakinlərinin seçkilərə yüksək əhval-ruhiyyə ilə qatılacaqlarına bir daha əmin olduq. Göycə Məmmədova bildirdi ki, bugünkü yaşayışı görən hər bir şadalı kimə səs verəcəyini yaxşı bilir. Bilir ki, onun sabahı bu gün atdığı addımdan asılıdır.
5-5 saylı Mərəlik seçki məntəqəsində də olduq. Komissiya üzvləri və bir neçə seçici ilə görüşdük. İlk dəfə səs verəcək Nuray Qasımlının dediklərindən:  
– Çox əlamətdar və məsuliyyətli bir kampaniyadır. Dövlətimizə başçı seçməliyik. Adımın seçici siyahısında olduğunu dəqiqləşdirmişəm. Heç bir çətinlik çəkmədən öz namizədimi müəyyənləşdirmişəm. Bilirəm ki, ona səs verməklə, onu Prezident seçməklə öz arzularıma, Vətənimin, torpağımın, xalqımızın daha xoşbəxt gələcəyinə səs vermiş olacağam. Buna görə də seçki gününü gözləyirəm.
5-1, 5-3, 5-4, 5-6, 5-8, 5-11 saylı və digər məntəqələrdə gördüklərimiz belə deməyə imkan verir ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsi üzrə bütün seçki məntəqələri 9 oktyabr prezident seçkilərinə tam hazırdır. Prezident seçkilərinə isə çox az vaxt qalır.

Muxtar MƏMMƏDOV

*   *   *

Prezident seçkilərinin keçirilməsinə hazırlıq Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə təşkil olunub. Ötən gün Culfa-Babək Seçki Dairəsinin də əhatə etdiyi bir neçə məntəqədə olduq və hazırlıqla bağlı prosesdə mövcud vəziyyəti öyrəndik. Qeyd edək ki, bu dairə üzrə dairə seçki komissiyası qanunvericiliyə uyğun qaydada onun ərazisində fəaliyyət göstərən məntəqələrin seçkiyə hazırlığını tam təmin edib.      Məntəqə üzvləri gündəlik olaraq Seçki Məcəlləsinə uyğun şəkildə hazırlıq işlərini aparırlar.
Yuxarıda adıçəkilən seçki dairəsi üzrə Əbrəqunus kənd tam orta məktəbinin binasında yaradılan  22 saylı seçki məntəqəsində qarşıdan gələn seçkilərdə 1219 nəfər öz seçmə hüququndan istifadə edəcək. Bu günə qədər  məntəqə səsvermə günü üçün hazır vəziyyətə gətirilib, seçici siyahıları tərtib olunub, seçicilərə bildirişlər paylanıb. Məntəqə daşınan və daşınmaz qutular, eləcə də səsvermə kabinələri ilə təmin olunub.  Məntəqə seçki komissiyasının sədri Araz Əliyevin bildirdiyinə görə, məntəqə lazımi avadanlıqlarla təmin edilib.  
Bənəniyar kənd tam orta məktəbində yaradılan 6-24 saylı məntəqədə də hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Bu məntəqədə 1144  seçici səs verəcək. Onlardan 27 nəfəri ilk dəfə səs verənlərdir. Məntəqə üzrə ilk dəfə səsverməyə qatılacaq seçicilərdən tələbə Dünya Hüseynova ilə adını seçici siyahısında dəqiqləşdirərkən rastlaşdıq və təəssüratlarını öyrəndik. O bildirdi ki,  muxtar respublikada  ilk dəfə səs verən seçicilər üçün müxtəlif tədbirlərin, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən görüşlərin keçirilməsi bütün gənclər tərəfindən minnətdarlıqla qarşılanıb. Bundan başqa, o, hazırlanan müxtəlif təlim materiallarında seçki mədəniyyəti, seçkilərdə iştirakın hüquqi aspektləri haqqında məlumat alıb.
Dünya Hüseynova dedi ki, seçkilərdə gənclərin aktivlik nümayiş etdirməsi üçün çox işlər görülüb. Ölkə üzrə prezident seçkilərində təxminən 5 milyon nəfərə yaxın seçicinin səsvermədə iştirak edəcəyi və onlardan 2 milyon nəfərinin, yəni 40 faizinin gənclər olduğu statistik məlumatlarda əksini tapıb. Gənclər arasında təxminən 500 min nəfər ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.  
6 saylı Culfa-Babək Seçki Dairəsinin Saltaq kənd tam orta məktəbində yaradılan 26 saylı məntəqəsində apardığımız müşahidələr bu kənddə də prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçiriləcəyinə inam yaradır. 1118 seçicinin olduğu məntəqədə ilk dəfə 32 nəfər səs verəcək.  Saltaq kənd sakini, kənd tam orta məktəbinin tarix müəllimi Mahir Əsgərovla söhbətimizdə qeyd etdi ki, artıq o, bildiriş vərəqəsini alıb. Onun dediklərindən:
– Seçkilərin demokratik, ədalətli və tam şəffaf baş tutması, namizədlərin bərabər şəkildə təbliğat-təşviqat kampaniyası aparması dövlətimizin öz vətəndaşlarına hər cür imkanlar yaratmasından, ölkə­mizdə seçici hüquqlarının ən yüksək səviyyədə qorunmasından xəbər verir. Muxtar respublikamızda yaradılan demokratik ab-havanın nəticəsidir ki, həm Mərkəzi Seçki Komissiyası, həm də qeyri-hökumət təşkilatları, ictimai birliklər vətəndaşların seçkilərdə aktiv iştirak etməsi üçün fəal iş aparırlar.
1249 seçicinin qeydiyyatda olduğu Ərəzin kənd tam orta məktəbində yerləşən 6-21 saylı məntəqədə seçkilərə hazırlıq işlərinin səviyyəsi bu prosesə ciddi münasibətdən xəbər verir. Bu məntəqədə kabinələrə işıqlandırma sistemləri quraşdırılıb, məntəqə veb-kamera ilə təchiz edilib. Təşviqat lövhələrində prezidentliyə namizədlər haqqında məlumatlar öz əksini tapıb, seçici siyahıları olan lövhədəki yazılar yüksək keyfiyyətlə və hər kəsin görə biləcəyi tərzdə yerləşdirilib. Məntəqə seçki komissiyasının sədri Asif İman­ovun bildirdiyinə görə, bu məntəqədə qeydiyyatda olan hər bir seçiciyə səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildiriş vərəqələri çatdırılıb.
Ümumiyyətlə, Culfa-Babək Seçki Dairəsinin əksər məntəqələrində apardığımız müşahidələr zamanı məntəqələrin prezident seçkilərinə tam hazır olduğunun şahidi olduq. Bu da onu deməyə əsas verir ki, muxtar respublikada yaradılan  bütün seçki dairələri kimi, Culfa-Babək Seçki Dairəsinin əhatə etdiyi məntəqələrdə də  seçkilər ən yüksək səviyyədə həyata keçiriləcək, əhali heç bir çətinliklə üzləşmədən layiqli namizədə səs verəcəkdir.

Səbuhi HÜSEYNOV

*   *   *

Seçki hər bir xalqın həyatında ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də vətəndaşların azad seçim imkanlarını təmin edən hüquqi prosesdir. Bir neçə gündən sonra bu proses vasitəsilə xalqımız növbəti beş ildə görmək istədiyi rəhbərini – Prezidentini seçəcək.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yaxınlaşan bu siyasi günə ciddi hazırlıq işləri aparılır. Vəziyyətlə əyani tanışlıq üçün 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin bir neçə seçki məntəqəsində olduq.
İlk olaraq üz tutduğumuz Babək rayonunun Nəzərabad kənd tam orta məktəbində yerləşdirilmiş 3-29 saylı seçki məntəqəsi prezident seçkilərinə tam hazırdır. Məntəqə seçki komissiyasının sədri Mirməhəmməd Seyidovun verdiyi məlumata görə, məntəqə üzrə 746 seçici qeydiyyata alınıb. Seçicilər arasında 11 nəfər ilk dəfə seçki hüququndan istifadə edəcək. Məntəqədə bütün zəruri işlər başa çatdırılıb, seçici siyahıları müvafiq lövhəyə yerləşdirilib.
Didivar kəndində 1056 nəfərin səs verəcəyi 3-30 saylı məntəqə həkim ambulatoriyasının binasında fəaliyyət göstərir. Burada da bütün işlər başa çatdırılıb. Hər bir seçici öz adının seçici siyahısında olub-olmadığını məntəqədə qoyulmuş seçici siyahıları əsasında dəqiqləşdirə bilər.
Eyni mənzərəni rayonun Aşağı və Yuxarı Uzun­oba kəndlərinin seçiciləri üçün təşkil edilmiş 3-31 və 3-32 saylı seçki məntəqələrində də müşahidə etdik. Kənd məktəbində yerləşən 3-31 saylı seçki məntəqəsinin seçici siyahısında 401 nəfər, 3-32 saylı məntəqədə isə 344 nəfər seçicinin adı vardır. Hər iki məntəqə üzrə 17 nəfər seçkilərdə ilk dəfə səs verəcək.
3 saylı Babək-Kəngərli-Naxçıvan  Seçki Dairəsinin  34 və 35 saylı seçki məntəqələri isə Şıxmahmud kəndində yerləşir. Müşahidə apardığımız 3-34 saylı seçki məntəqəsində 996 nəfər, 3-35 saylı məntəqədə isə 1151 nəfər seçicinin adı dəqiqləşdirilərək siyahıya alınıb. Hər iki məntəqə üzrə 48 nəfər ilk dəfə seçkidə iştirak edəcək. Hazırda bildiriş vərəqələrinin seçicilərə paylanılması işi davam etdirilir.
Qeyd edək ki, olduğumuz bütün seçki məntəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib, hər bir seçicinin hüquqlarından sərbəst şəkildə istifadə etməsi üçün əlverişli şərait yaradılıb.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR