22 Dekabr 2024, Bazar

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün vacib olan mühüm şərtlərdən biri milli iradəyə və tükənməz Vətən sevgisinə malik siyasi liderin olmasıdır. Milli tariximizə öz adını əbədi həkk etmiş ümummilli liderimiz Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Ulu öndərimiz xalqımızın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsinə nail olmuş, bununla da, əbədiyaşarlıq hüququ qazanmışdır. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün böyük qürur və iftixar mənbəyidir. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın mövcud inkişaf yolunun müəyyənləşdirilməsində lider amili həlledici rol oynamışdır. Ölkəni üzləşdiyi xaosdan, anarxiyadan, yenicə əldə olunan müstəqilliyini itirmək təhlükəsindən xilas edən, onun dinamik inkişaf strategiyasının müəllifi olan ulu öndər Heydər Əliyev respublikanı uğurlu intibah yoluna çıxarmışdır. 

Fəaliyyəti ilə tarix yaradan Heydər Əliyev şəxsiyyətinə bu gün təkcə Azərbaycanda yox, onun sərhədlərindən çox-çox kənarda da böyük heyranlıq duyulur, ulu öndərimizin xatirəsi daim böyük hörmət və ehtiramla anılır. Xalqımızın bu dahi oğlunun kifayət qədər böyük uzaqgörənliklə ərsəyə gətirdiyi dövlət qurucu­luğu strategiyası, həmçinin müəllifi olduğu siyasi-iqtisadi konsepsiya bu gün də Azərbaycanın tərəqqisinə xidmət etməkdədir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ictimai-siyasi həyatın bütün sahələrində, sözün əsl mənasında, inqilab yaradan ulu öndər ölkənin dinamik tərəqqisində yeni bir tarixi mərhələnin əsasını qoymuşdur.
Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, Əsrin müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən yeni Azərbaycan dövlətinin yaradılmasına səbəb olmuşdur.
Ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur. Xalqımızın böyük oğlunun ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ümummilli liderimizin siyasi kursu Azərbaycan Prezidenti tərəfindən daha da zənginləşdirilərək XXI əsrin mükəmməl dövlətçilik fəlsəfəsinə çevrilmişdir.
Heydər Əliyev yolundan kənarda inkişafın və müstəqil dövlət quruculuğunun mümkün olmadığını bəyan edən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir... Mən bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Azərbaycan xalqı 2003-cü ildə ümummilli liderin siyasi varisi kimi məsuliyyətli bir missiyanı öhdəsinə götürən cənab İlham Əliyevə səs verməklə gələcəyə doğru ən düzgün və etibarlı yolla istiqamət götürmüşdür. Dünəninə, bu gününə və sabahına biganə qalmayan Azərbaycan vətəndaşlarının yüksək mütəşəkkilliyi, siyasi fəallığı ilə müşayiət olunan 2013-cü il 9 oktyabr  prezident seçkiləri də ölkəmizdə həyata keçirilən milli siyasətin alternativsizliyinin əyani təcəssümü kimi yadda qalmışdır. Xalqın bu müdrik seçimi Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmiş, hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir.
Son 10 ildə Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxararaq təminatlı gələcəyə etibarlı zəmin yaradan mövcud siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici çoxluğunun iradəsi kimi önə çıxmış, xalq birmənalı olaraq növbəti beşillikdə də öz taleyini cənab İlham Əliyevə etibar etmişdir. Bu dəyişməz seçim eyni zamanda Azərbaycan cəmiyyətinin öz layiqli liderinin fenomenal liderlik keyfiyyətlərinə, parlaq şəxsiyyətinə sarsılmaz inam və rəğbətinin əyani təcəssümü olmuşdur. Ölkə vətəndaşları alternativi olmayan bu siyasətin son 10 ildə həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən qüdrətli Azərbaycana səs vermişlər.
Cənab İlham Əliyev xalqımıza verdiyi bütün vədləri yerinə yetirməklə, ölkənin sosial-iqtisadi inkişafında mühüm irəliləyişlərə nail olmaqla ulu öndərin siyasi kursunu layiqincə davam etdirdiyini təsdiqləmiş, respublikamızın iqtisadi həyatında ciddi uğurlar əldə edilmişdir. Sevindirici haldır ki, iqtisadi cəhətdən ildən-ilə möhkəmlənən Azərbaycan qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsi, üzləşdiyi problemlərin həlli istiqamətində qətiyyətli addımlar atır. Bu dəyişiklikləri hər bir Azərbaycan vətəndaşı yaxından hiss edir, ölkəmizi firavanlığa, xoş gələcəyə, hüquqi dövlətə və vətəndaş cəmiyyətinə aparan siyasi kursu birmənalı dəstəkləyir.
Bu gün Azərbaycan beynəlxalq təşkilatların üzvü kimi daha fəal mövqeyi ilə seçilməklə yanaşı, artıq son dövrlərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, onunla bağlıdır ki, ölkəmiz dünyanın siyasi xəritəsində sayılıb-seçilən yerlərdən birini tutmağa nail olmuşdur. Son dövrlər Azərbaycanın regionda geostrateji mövqeyi daha da güclənmişdir. Dünyanın ən iri neft şirkətlərinin ölkə iqtisadiyyatına cəlb edilməsi və dünyanın aparıcı dövlətləri ilə iqtisadi əlaqələrin daha da inkişafı nəticəsində siyasi və iqtisadi diplomatiya baxımından Azərbaycanın müstəqil dövlət kimi manevretmə imkanları daha da genişlənir.
Dövlətin qüdrətlənməsi onun regional və beynəlxalq miqyasda söz sahibi olan ölkəyə çevrilməsini şərtləndirən əsas meyarlardan sayılır. Prezident cənab  İlham Əliyevin xarici siyasətinin nəticəsi olaraq, Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirən Azərbaycan mövcud imkanlardan uğurla bəhrələnərək dünya miqyasında söz sahibi olan dövlətə çevrilmişdir. Dünyanın siyasi arenasında nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda dövlət başçısı cənab İlham Əliyevin adı ətrafında dünya miqyasında qəbul edilən bir siyasətci imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur. Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər həm də dövlətimizin başçısının reytinqinə təsir edən əsas amillərdir. Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident cənab  İlham Əliyevin ölkəyə layiqli rəhbərliyinin nümunələridir.
“Prezident o vaxt sevinir ki, onun xalqı sevinir”, – deyən cənab İlham Əliyevin bu sözləri dövlət başçısının xalqa yanaşmasının ən mükəmməl göstəricisi, onun mənsub olduğu xalqa, lideri olduğu cəmiyyətə həssas və yüksək diqqətlə, böyük qayğıkeşliklə yanaşmasının daha bir bariz sübutudur. Bu mənada Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsinin, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunmasının, insanların layiqli həyat tərzinin təmin edilməsinin, ölkəmizin beynəlxalq hüquq məkanında daha güclü bir mövqenin sahibi kimi çıxış etməsinin və bu qəbildən olan digər vacib cəhətlərin Prezidentin fəaliyyətində əsas məqsədlər cərgəsində olması tam təbii qarşılanır. Bunun nəticəsidir ki, müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən olan sürətli inkişafın ən mühüm cəhətlərindən biri yaşanan tərəqqinin hər bir ölkə vətəndaşının, hər ailənin həyatında öz əksini tapmasıdır.
Bu gün sadə vətəndaşın qayğıları ilə yaşayan, onu duyan və həlli istiqamətində konkret addımlar atan ölkə Prezidenti bununla həm də insanlar tərəfindən alqışlanaraq təqdirolunan gözəl bir nümunəyə hər zamankı sadiqliyini nümayiş etdirir. Vətəndaş görür ki, onun səsini daim eşidəcək, hüquqlarını müdafiə edəcək Prezidenti var.  Daim xalqın xidmətində olan dövlət başçısı hər zaman lideri olduğu xalqa arxalandığını böyük qürur hissi ilə bəyan edir və bildirir ki, onun əsas missiyası mənsub olduğu xalqa xidmət etməkdir. Bütün işlərində xalqına arxalanan dövlət başçısı bundan sonra da əsas işinin məhz xalqına xidmət etməkdən ibarət olacağını qürur hissi ilə vurğulayır və göstərilən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi sayəsində Azərbaycanda belə nəhəng miqyaslı işlərin görüldüyünə diqqət çəkir. Bu həm də cənab İlham Əliyevin xalqına, Azərbaycan insanına nə dərəcədə böyük dəyər verməsinin real təzahürüdür.
Hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq cənab İlham Əliyev ölkənin müxtəlif bölgələrinə səfərlərində insanlarla təmasa daim xüsusi önəm verir. Bu görüşlərdə sadə insanların hansı problemlərlə üzləşməsi də dövlət başçısını daim yaxından maraqlandırır. Problemlər olduğu təqdirdə onun elə yerindəcə həllinə dair Prezident tərəfindən müvafiq göstərişlərin verilməsi artıq xoş bir ənənə halını almışdır. Bu da, öz növbəsində, Prezidentə cəmiyyətdə duyulan inamı, etimadı daha da artırır.
Bu gün Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər baş verir. Bu dəyişikliklərin, uğurlarla zəngin inkişafın müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Yeniliyin, innovasiyalara imkan verən dəyişikliklərin tərəfdarı olan, belə təşəbbüslərlə çıxış edən, bu səpgili fikirlərə açıq dəstək verən, tərəqqiyə xidmət edən yaradıcılığı yüksək qiymətləndirən, mövcud imkanlardan ən müfəssəl şəkildə faydalanan dövlət başçısının fəaliyyəti Azərbaycanın müvəffəqiyyətlərlə dolu inkişaf yolunu müəyyənləşdirir. Doğru zamanda doğru qərarlar verən, real hədəflər seçən, önəmli strateji dəyişikliklərə gətirib çıxaran ideya və planların müəllifi kimi çıxış edən Azərbaycan Prezidenti həm də islahatçı bir lider olaraq çağdaş tariximizin yaradılmasında misilsiz xidmətlər göstərir.
İndi müstəqil Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə daha xoşbəxt gələcəyinə doğru inamla irəliləməkdədir. Xalqın özünə rəhbər olaraq seçdiyi şəxsin dövlət başçısı kimi ötən müddət ərzində fəaliyyəti qısa zaman kəsiyində Azərbaycanı lider ölkələr cərgəsinə çıxarmışdır. Bəzi hallarda müəyyən kateqoriyalar üzrə Azərbaycan liderlər siyahısının lideri olaraq dünya tarixinə öz adını həkk etdirib və etdirməkdədir. Bu kontekstdə qarşıdakı dövr ərzində uğurlu inkişaf yolunda cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hələ çox müvəffəqiyyətlərə imza atacağı heç bir şübhə doğurmur.

Daim müdrik seçim etməyi bacaran xalqımızın bundan sonra da onu irəliyə doğru aparan liderinə tam dəstək verməsi birmənalıdır. İnandığına və sınadığına ar-xalanan xalq heç zaman səhv etmir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi bir daha  təsdiqini tapdı. Budəfəki prezident seçkilərində də xalq cənab İlham Əliyevin əməli fəaliyyətini, şəxsi keyfiyyətlərini bir daha yüksək qiymətləndirdi. Xalqımız və bütün dünya yenidən ümummilli liderimiz Heydər Əliyev siyasətinin  işıqlı ideyalarının təntənəsini gördü. Çünki müstəqilliyimizin əbədiliyinin, dövlətin hərtərəfli yüksəlişinin ən etibarlı təminatçısı olan Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ulu öndərimizin ideyalarını yaşadan və həyata keçirən Prezident cənab İlham Əliyevin ətrafında daha sıx səfərbər olan xalqla lideri arasında özünü göstərən birlik sarsılmazdır. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, daha yeni-yeni uğurlar gətirəcəkdir”.

İlhamə MUSTAFAYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR