Naxçıvanda fəaliyyət göstərmək qürurvericidir
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Cenk Ünal 2011-ci ildən muxtar respublikamızda diplomatik fəaliyyətdədir. Bu il oktyabr ayının 5-də Naxçıvanda diplomatik fəaliyyətini başa vuracaq C.Ünal Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunda “Şərq qapısı” qəzetinin və Naxçıvan Dövlət Televiziyasının əməkdaşlarına müsahibə verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Elnur KƏLBİZADƏ (“Şərq qapısı” qəzeti): 2011-ci ildən Naxçıvandasınız. Doğrudur, Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Türkiyə üçün, əslində, yad bir ölkə sayılmır. Amma hər halda biz istərdik ki, sizin Naxçıvanla bağlı yekun təəssüratlarınızı öyrənək.
Cenk Ünal: Bildiyiniz kimi, oktyabr ayının beşində səlahiyyət müddətim başa çatır. Naxçıvanda təqribən iki il fəaliyyət göstərdim və bu iki ili, həqiqətən də, həm diplomatik fəaliyyət baxımından, həm də şəxsi olaraq həyatımın ən mühüm illəri kimi xatırlayacağam. Ən əsası isə Naxçıvanda heç vaxt özümü yad ölkədəki kimi hiss etmədim. Türkiyə və Azərbaycan hər ikisi müstəqil dövlətdir, hər birinin öz sərhədləri var. Amma əgər bir türk diplomatı Azərbaycanda fəaliyyət göstərirsə, bu, əslində, öz ölkəsində fəaliyyət göstərmək deməkdir. Çünki iki ölkə arasında sərhədlər, sadəcə, coğrafi sərhədlərdir, insanlar arasında heç bir sərhəd yoxdur.
Vüsal Muradov (Naxçıvan Dövlət Televiziyası): Naxçıvandakı sabitliyi və burada gedən inkişaf proseslərini necə dəyərləndirirsiniz?
Cenk Ünal: Naxçıvandakı böyük inkişafı ikiillik fəaliyyətim müddətində şəxsən müşahidə etdim. Naxçıvan böyük bir tikinti meydançasıdır. Bir gün inşaat işləri bir yerdə bitir, sabah isə digər bir yerdə işlərin davamı başlayır. Müasir yollar, binalar inşa edilir. Qədim binalar təmir-bərpa olunur, yenidən qurulur. Sadəcə, Naxçıvan şəhərini nəzərdə tutmuram. Naxçıvan şəhərindən kənara, rayonlara gedən zaman kəndlərdə də bu inkişafın şahidi oluruq. Mən burada məktəblərin vəziyyətinə xüsusilə diqqət yetirirdim. Köhnə, yararsız halda olan bir məktəb binası belə, görmədim. Demək olar ki, bütün məktəblər üçün yeni binalar tikilib. Eyni zamanda təbii qaz barədə də bu sözləri ifadə edə bilərik. Ən ucqar kəndlərə qədər təbii qazın verilişi təmin olunub. Naxçıvanda əhalinin ehtiyaclarının təmin olunması üçün lazım olan hər şey edilir. Muxtar respublika dünyanın ən sabit və təhlükəsiz bölgələrindən biridir.
Elnur KƏLBİZADƏ: Məlumdur ki, diplomatik fəaliyyəti həyata keçirərkən birbaşa olaraq dövlət və hökumət rəsmiləri ilə ünsiyyətdə olursunuz. Türkiyə üçün strateji bir nöqtədə yerləşən Naxçıvanda dövlət və hökumət rəsmiləri ilə münasibətlərinizi necə dəyərləndirirsiniz?
Cenk Ünal: Bu sualı mənə ünvanladığınız üçün təşəkkür edirəm. Bu sual tam cavablandırmaq istədiyim bir sualdır. Burada olduğum ikiillik müddət ərzində mənə fəaliyyətimdə ən yüksək səviyyədə diqqət və qayğı göstərildi. Bizim üçün yaradılan imkanlar sayəsində Naxçıvanda fəaliyyətimizi ən yüksək səviyyədə həyata keçirdik, heç bir problemlə qarşılaşmadıq.
Burada olduğum müddətdə Naxçıvanda gedən prosesləri yaxından izlədim. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bundan sonrakı fəaliyyətimdə hər zaman örnək alacağım dövlət xadimidir.
Elnur KƏLBİZADƏ: Bildiyiniz kimi, Naxçıvanda son illərdə qurulan yeni istehsal sahələri nəinki daxili tələbatı ödəyir, həm də ixracyönümlüdür. Hansı məhsulların Naxçıvandan Türkiyəyə ixracı mümkündür?
Cenk Ünal: Bütün məhsulların. Mən ixtisasca iqtisadçıyam. Müasir iqtisadi sistem tələb edir ki, hər bir ölkənin idxalatı ilə yanaşı, ixracatı da olsun. Yəni, sadəcə, idxal edərək, ya da sadəcə, ixrac edərək ölkə iqtisadiyyatının idarə edilməsi mümkün deyildir. Naxçıvanda, məndə olan məlumata görə, 300-dən çox növdə məhsul istehsal olunur. Bu məhsullardan ən azı 60-70 növünün ixrac potensialı yüksəkdir. Bu isə kifayət qədər böyük bazardır. Bu sayda məhsulun Türkiyəyə ixrac edilməsi, satılması imkanları vardır. Naxçıvan bu gün bir çox ölkələrlə idxal-ixrac əlaqələrinə malik olan bir muxtar respublikadır. Təbii ki, burada Türkiyənin xüsusi bir yeri vardır. Həm qonşu, həm də qardaş ölkə olaraq Türkiyə Naxçıvan üçün ixracat imkanlarını artıracaq və bu da imkan verəcək ki, Naxçıvanda istehsal olunan məhsullar Türkiyəyə ixrac olunsun. Naxçıvanda istehsal sahələri genişləndikcə Türkiyədə məhsulu satacaq bazar tapmaq imkanları daha da artacaqdır.
Elnur KƏLBİZADƏ: Təhsil sahəsindəki əlaqələrdən danışaq. Bir neçə gün əvvəl Türkiyədə olarkən dostlarımızdan biri Türkiyə vətəndaşlarının Naxçıvanda ali bakalavr, magistr və ya doktorantura təhsili aldıqdan sonra Türkiyədə diplomlarının tanınması məsələsi ilə bağlı sual ünvanlamışdı. Baş konsul olaraq biz bu sualı sizdən soruşmaq istərdik. Bu sahədə vəziyyət necədir?
Cenk Ünal: Belə bir problem bəzən olur. Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulu tərəfindən Naxçıvan Dövlət Universitetinin 6 fakültəsinin məzunlarının diplomları heç bir qeyd-şərtsiz tanınır. Bu bölümlərdən birinin məzunu olduğunuz təqdirdə sizin diplomunuz heç bir problem olmadan Türkiyədə qəbul edilir. Təhsil aldığınız fakültə o altı fakültədən biri deyilsə, Türkiyədə müvafiq imtahanlar verməklə və ya müəyyən kurslar keçməklə diplomunuzun tanınmasına nail ola bilərsiniz. Bu, magistratura və doktoranturada təhsil alanlar üçün də belədir. Məlumat üçün deyim ki, hazırda Naxçıvanda təqribən 300-ə yaxın türkiyəli tələbə təhsil alır. Bu tələbələr həm də Naxçıvanla Türkiyə arasında mənəvi bir dostluq körpüsüdürlər. Çünki diplomatiya, sadəcə olaraq, diplomatlar arasında olmur. Buradakı türk tələbələr də, əslində, bir təmsilçidirlər. Biz tələbələrimizin burada təhsil almasından, onlara yaradılan şəraitdən çox məmnunuq. Fəaliyyətim müddətində daha çox türkiyəli gəncin Naxçıvanda təhsil alması yönündə bir sıra işlər həyata keçirdik. Ümid edirəm ki, qarşıdakı illərdə təhsil sahəsində əlaqələr daha da güclənəcək.
Elnur KƏLBİZADƏ: Naxçıvanda fəaliyyətə başladığınız ilk dövrlərdə Türkiyədəki qəzetlərdən birinə müsahibənizdə Naxçıvanın Türkiyənin təkcə Azərbaycanla deyil, həm də bütün türk dünyası ilə sərhədi olduğunu demişdiniz. Naxçıvandan əvvəl isə İsrail, Serbiya, Macarıstan, Pakistan kimi ölkələrdə diplomatik fəaliyyət göstərmisiniz. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının o ölkələrdən fərqi nə idi?
Cenk Ünal: Böyük fərq var. Həqiqətən də, böyük fərq var. Biz diplomatıq. Diplomatlar digər ölkələrə öz ölkələrinin maraqlarını qorumaq, müdafiə etmək və təmin etmək üçün gedirlər. Naxçıvanda belə bir diplomatiya həyata keçirə bilmərik, bunu etməməyimiz lazımdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Biz bir millət, iki dövlətik”. Başqa sözlə desək, Naxçıvanda fəaliyyət göstərən türk diplomatı iki millətin ortaq maraqlarını və mənafelərini qorumalıdır. Burda heç vaxt Türkiyə üçün nə edək kimi bir düşüncə ilə fəaliyyət göstərmədik. Naxçıvanda həmişə ortaq, bərabər şəkildə nə edə bilərik düşüncəsi ilə fəaliyyət göstərdik. Digər fəaliyyət göstərdiyim ölkələrlə ən böyük fərqlərdən biri budur. Təbii ki, onlar da Türkiyə üçün vacib ölkələr idi. Amma bir daha deyim ki, Naxçıvanın yeri tam ayrıdır. Burada fəaliyyət göstərdiyimiz müddətdə Azərbaycanla, onun Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin əlaqələrinin inkişafı üçün ən kiçik bir fəaliyyətimiz oldusa, bu, bizim üçün hər şeydən daha vacibdir. Naxçıvan sərhədinin Türkiyənin türk dünyası ilə sərhədi olması fikrinə gəlincə, Türkiyənin xarici işlər naziri Naxçıvana gələrkən bunu daha gözəl bir şəkildə ifadə etdi. Naxçıvanı Qafqazın göz muncuğu olaraq dəyərləndirdi. Qardaş Azərbaycanın bir parçası olan bu torpaqda fəaliyyət göstərmək qürurvericidir.
Maraqlı müsahibəyə görə çox sağ olun!
Elnur KƏLBİZADƏ