Dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi işçilərinin “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında” 8 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təltif edilən yanğın təhlükəsizliyi işçilərinə “Rəşadətli əməyə görə” nişanının təqdimat mərasimi keçirilib.
Mərasimdə fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev çıxış edərək ölkəmizdə yanğından mühafizə xidmətinin inkişaf dövrlərindən danışıb, muxtar respublikamızda bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, muxtar respublikamızda yanğın təhlükəsizliyi orqanları üçün hərtərəfli şərait yaradılıb, Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar tikilərək və ya əsaslı təmir olunaraq şəxsi heyətin istifadəsinə verilib. Bundan əlavə, maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, Dövlət Yanğın Təhlükəsizliyi əməkdaşlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 8 oktyabr 2013-cü il tarixli Sərəncamı dediklərimizə sübutdur.
Sonra Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində fəaliyyətlərinə görə təltif edilən yanğın təhlükəsizliyi işçilərinə “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.
Tədbirə Şamı Abdullayev yekun vurub.
Xəbərlər şöbəsi