22 Dekabr 2024, Bazar

Dəmir yolu nəqliyyatı ölkə iqtisadiyyatının əsasını təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabr ayının 13-ü Azərbaycan “Dəmir yolu işçilərinin peşə bayramı” kimi qeyd olunur.
Azərbaycan nəqliyyat sisteminin inkişafı, eləcə də dəmir yolu təsərrüfatının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ötən əsrin 70-ci illərində ümummilli liderin şəxsi təşəbbüsü sayəsində dəmir yolu nəqliyyatında da köklü islahatlara və sürətli inkişafa təkan verilmişdir. Ulu öndərin Azərbaycan dəmir yolu nəqliyyatının inkişafı istiqamətində gördüyü işlər qısa zamanda öz bəhrəsini vermiş, dəmir yolu təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkilmişdir. Bu dövrdə 482,8 kilometr uzunluğunda yeni dəmir yolu xətləri çəkilmiş, 1284 kilometr uzunluğundakı dəmir yolu xətləri elektrikləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikasında da dəmir yolu nəqliyyatının inkişafı ümummilli liderin daim diqqət mərkəzində olmuşdur. Muxtar respublika üzrə artan yük və sərnişin daşınmasına olan tələbatı təmin etmək, yüksək səviyyədə nəqliyyat xidmətini təşkil etmək məqsədilə 1976-cı ildə dəmir yollarının Naxçıvan Hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülmüşdür. 1988-ci ildə Culfa-Şərur sahəsinin elektrikləşdirilməsi nəticəsində yük və sərnişin daşınmasında elektrovoz dartısından istifadə olunmasına başlanmışdır.

Ötən əsrin 90-cı illərində baş verən hadisələr, xüsusilə də ermənilərin işğalçılıq siyasəti dəmir yolu nəqliyyatında infrastrukturun dağılmasına səbəb olmuş, 240 kilometrdən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qalmışdır. Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər ərazilərindən təcrid edilərək blokadaya düşmüşdür. Lakin ümummilli liderin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmiryol nəqliyyatında da tənəzzülün qarşısı alınmış, bu sahədə infrastruktur yenilənmiş, dəmir yolu iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir.
“Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının ölkəmizlə dəmir yolu əlaqəsi kəsilmişdir. Lakin buna baxmayaraq, muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılmış və inkişaf etdirilmişdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvanda dəmir yolu nəqliyyatının inkişafını diqqət mərkəzində saxlayır. Son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa sərnişin vağzallarının binalarında, Naxçıvan, Dərəşam, Nehrəm, Vəlidağ, Qıvraq, Dəstə, Şahtaxtı, Culfa stansiyalarının idarəetmə mərkəzlərində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı üçün geniş imkanlar yaratmışdır. İnkişaf proqramına uyğun olaraq, mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və radio-rabitə sexinin binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. İnkişaf proqramının icrası istiqamətində xidməti ərazidə və İran yolu üzərində yerləşən körpülərin dayaq və konuslarında əsaslı təmir işləri aparılmış, dəmiryol keçidləri yenidən qurulmuş, 1 ədəd yeni dəmiryol keçidi salınmışdır. Yük və Sərnişin Daşımaları İdarəsinin Naxçıvan yanacaq anbarının qarajı və inzibati binası əsaslı təmir olunmuşdur. Hazır­da Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən İnfrastruktur İdarəsinin inzibati binasının, Ordubad stansiyasının idarəetmə mərkəzinin və transformator yarımstansiyasının, Naxçıvan stansiyasındakı idarəetmə mərkəzinin və dəmiryol sərnişin vağzalı binasının əsaslı təmiri, Ordubad yol sahəsinin inzibati binasının, Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilir.
Yol sahələri üzrə sağlamlaşdırma işlərinin aparılması məqsədilə mütəmadi olaraq yararsız ağac şpallar təzə ağac və yararlı dəmir-beton şpallarla əvəz edilir, relslər dəyişdirilir. Belə ki, ötən illər ərzində muxtar respublikamıza Rusiya Federasiyasından təzə ağac şpallar gətirilərək yol təsərrüfatında sağlamlaşdırma işləri  aparılmışdır. Naxçıvançay üzərində yerləşən, qəza vəziyyətində olan 5 aşırımlı dəmiryol körpüsünün orta aşırımı yenisi ilə əvəz olunaraq qatarların hərəkətinin təhlükəsizliyi təmin edilmişdir. Həmçinin lokomotivlər və vaqonlar üçün bütün ehtiyat hissələri tədarük edilmiş, 25 ton yüksəkkeyfiyyətli sürtgü yağı ehtiyatı yaradılmışdır.
İnfrastruktur İdarəsinin tabeliyindəki sahələrdə istismar olunan maşın-mexanizmlərin də daim saz vəziyyətdə saxlanılmasına diqqət artırılmışdır. Cəmiyyətin maddi-texniki bazasının gücləndirilməsi, yeni avadanlıqların, maşın və mexanizmlərin alınıb gətirilməsi də diqqət mərkəzində olmuşdur. Belə ki, 1 ədəd “KAMAZ” markalı avtomaşın, üzərində palfinger PK-32080 mar­kalı kran qurğulu bortlu avto­­mobil, 1 ədəd “Hidromek-102 B” mar­kalı ekskavator və 1 ədəd “MAZ-555102” markalı özüboşaldan avtomaşın, yolda olan nöqsanların aşkar edilərək aradan qaldırılması məqsədilə isə 1 ədəd müasirtipli “Sprut”markalı yolölçən-defektoskop aparatı alınmışdır. Qəza bərpa qatarının dəmir yolunda fövqəladə və qəza hallarının vaxtında aradan qaldırılmasına hazırlığını artırmaq məqsədilə əlavə avadanlıqlarla təchizatı həyata keçirilmişdir.
Hazırda muxtar respublikada polad relslər üzərində hər gün Ordubad-Şərur və Vəlidağ-Culfa istiqamətində yük-sərnişin qatarları hərəkət edir. Bu nəqliyyat növündən sərnişinlərin istifadəsini yaxşılaşdırmaq, onlara nümunəvi xidmət göstərmək diqqət mərkəzində saxlanılır. Dəmir yolunda sərnişin daşınmasının keyfiyyətini yüksəltmək, əhaliyə keyfiyyətli nəqliyyat xidməti göstərmək məqsədilə ötən illər 3 ədəd “Ekspress”, 4 ədəd oturacaqtipli sərnişin vaqonunun istilik sistemi bərpa olunmaqla, 2 ədəd isə oturacaqtipli sərnişin vaqonu yay mövsümünə uyğun əsaslı təmir edilərək istismara buraxılmışdır. Qış mövsümünə hazırlıq məsələləri də daim diqqət mərkəzində saxlanılır, vaqonların qış mövsümündə normal qızdırılması üçün daş kömür ehtiyatı yaradılır.
Muxtar respublikada dəmiryol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq, Qara-Börk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmışdır. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından Qara-Börk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qara-Börk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılmışdır.
Dəmir yolu müəssisələri üçün ixtisaslı kadrların hazırlanması bu gün muxtar respublikada diqqət mərkəzindədir. Ötən il bir qrup dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində peşə ixtisas kursunu bitirmişdir. Bundan başqa, Naxçıvan Texniki Kollecində dəmiryol ixtisası üzrə yeni fakültə açılmışdır. Dövlətimiz tərəfindən muxtar respublika dəmiryolçularının əməyi də daim yüksək qiymətləndirilmiş, son illər 1 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 1 nəfər “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 13 nəfəri isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edən muxtar respublika dəmiryolçuları bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR