3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi prezident seçkilərinə hazırlıq işlərini yüksək səviyyədə həyata keçirib. Dairə üzrə 40 min 823 nəfər seçici qeydiyyata alınıb. Bunu qəzetimizə müsahibəsində dairə seçki komissiyasının sədri Zahid Ələkbərov deyib.
Komissiya sədri bildirib ki, seçkilər hər bir xalqın tarixində mühüm rol oynayan, onun gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm siyasi proses kimi xarakterizə olunur. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvə və insanlarla bağlayır. Dairə üzrə Kəngərli rayonundan 19 min 140, Babək rayonundan 15 min 111, Naxçıvan şəhəri üzrə 6 min 572 seçici qeydiyyata alınıb. Kəngərli rayonundan 557, Babək rayonundan 376, Naxçıvan şəhərindən 144 nəfər ilk dəfə səs verənlərdir. Seçicilərin 43 faizini gənclər təşkil edir. Ümumilikdə, dairə üzrə seçicilərin 19 min 755 nəfəri kişilər, 21 min 68 nəfəri qadınlar olacaq. Səsvermə 46 seçki məntəqəsində həyata keçiriləcək.
Komissiya sədri onu da deyib ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq işləri tam həyata keçirilib, seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb, bütün səsvermə məntəqələri hazır vəziyyətə gətirilib, xarici və yerli müşahidəçilərin seçki günü səsvermənin gedişini izləmələri üçün lazımi şərait yaradılıb. Qeydə alınan namizədlərin rayon ərazisində təşviqat apara bilmələri qanunvericiliyə müvafiq olaraq təmin edilib, namizədlərin təbliğat-təşviqat materiallarını yerləşdirmələri üçün lövhələr quraşdırılıb. Bütün seçki məntəqələri telefonlaşdırılıb, məntəqələrin seçki günü fasiləsiz elektrik enerjisi ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülüb. Seçicilərin namizədlərlə görüşlərinin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. 5 məntəqədə isə veb-kameralar quraşdırılıb. Artıq əminliklə demək olar ki, 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi qarşıdan gələn prezident seçkilərinə tam hazırdır.
Səbuhi HÜSEYNOV