Veb-kameralarda heç bir texniki nasazlıq baş verməmişdir
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2008-ci il tarixli qərarına əsasən, geniş ictimaiyyət tərəfindən səsvermə günü seçkinin gedişinin müşahidə edilməsi, məntəqə seçki komissiyası üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə zəruri şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənməsi və bununla da, aşkarlığın daha geniş surətdə təmin olunması məqsədilə Seçkilər İnformasiya Mərkəzinə qoşulmaqla seçki məntəqələrinin bəzilərində veb-kameralar quraşdırılmışdır.
2008-ci ildə keçirilən prezident seçkilərində veb-kameralar vasitəsilə seçkinin gedişinin internetdə birbaşa yayımlanması uğurla təcrübədən çıxmışdır. Təxminən 80-dən artıq seçki dairəsini əhatə edən 500 seçki məntəqəsində quraşdırılan veb-kameralar vasitəsilə seçki günü səsvermə məntəqəsində baş verən bütün prosesləri Mərkəzi Seçki Komissiyasının internet saytlarına daxil olaraq izləmək mümkün olmuşdur.
Seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmək imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilmişdir. Ölkəmizdəki seçki məntəqələrində əvvəlki seçkilərdə veb-kameralar quraşdırılmış məntəqələrin sayı 2 dəfə artırılaraq 1000-ə çatdırılmışdır.
Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar vasitəsilə seçki prosesi canlı izlənilmişdir. Oktyabrın 9-da veb-kameralar quraşdırılmış 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin 1, 22, 25, 27, 31 saylı, 2 saylı Şərur Seçki Dairəsinin 1, 4, 5, 8, 50 saylı, 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 7, 9, 41, 42, 45 saylı, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin 10, 12, 15, 17, 28 saylı, 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin 1, 2, 26, 31, 34 saylı, 6 saylı Culfa-Babək Seçki Dairəsinin 16, 17, 21, 22, 26 saylı, 7 saylı Ordubad-Culfa Seçki Dairəsinin 1, 2, 3, 4, 6 saylı seçki məntəqələrində heç bir texniki nasazlıq baş verməmişdir.
Qeyd edək ki, veb-kameralar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılmışdır. Veb-kameralar səsvermə günü seçki məntəqələrinin açılması anından səsvermənin yekunlarının müəyyənləşdirilməsi və nəticələr haqqında protokolun doldurulmasınadək fasiləsiz fəaliyyət göstərmiş, onların vasitəsilə seçki məntəqələrindəki görüntülər (səsvermə kabinələri istisna olmaqla) birbaşa internetə ötürülmüşdür. Veb-kameralar stasionar qaydada quraşdırılmışdır və onlar hərəkət etmədiyi üçün yalnız yönəldiyi istiqaməti izləmək mümkün idi. Əlbəttə, onların hərəkətinə ehtiyac da yox idi. Çünki onların yönəldikləri istiqamətdə səsvermə məntəqəsində baş verən bütün prosesləri izləmək olurdu.
Veb-kameralar vasitəsilə əldə edilən videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılmışdır. Bu görüntülər şikayətlərin araşdırılması zamanı sübut kimi istifadə edilə bilər. Veb-kameraları quraşdıran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həmin videogörüntülərin 5 il saxlanılmasını təmin edəcək.
Xəbərlər şöbəsi