Hüseyn HƏŞİMLİ – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru, Əməkdar elm xadimi: – Ölkəmizdə 9 oktyabr 2013-cü il tarixdə keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın tam demokratik, azad və şəffaf seçki keçirmək sahəsində qazandığı böyük uğurun parlaq təzahürü olmaqla yanaşı, xalqımızın cənab İlham Əliyevə hüdudsuz inam və etimadının növbəti möhtəşəm təntənəsinə çevrildi. Xalqımız növbəti dəfə böyük müdriklik və yekdillik göstərərək, müstəqil Azərbaycanın qurucusu olan ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna ardıcıl sədaqət nümayiş etdirərək görkəmli dövlət xadimi İlham Əliyevi yenidən ölkə Prezidenti seçdi. Cəmiyyətin müxtəlif təbəqələrinə mənsub milyonlarla seçicinin mütləq əksəriyyətinin dəstəyini qazanan cənab İlham Əliyevin bu qələbəsi onun ötən on il ərzində müstəqil Azərbaycana uğurla rəhbərlik etməsinin, ölkəmizi hər gün yeni nailiyyətlərə qovuşdurmasının, xalq arasındakı böyük nüfuz və hörmətinin qanunauyğun, məntiqi nəticəsidir, bütövlükdə, xalqın zəfəridir, ali həqiqətin, demokratiyanın qalibiyyətidir.
Ölkəmizin, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, bu gün özünün əsl intibah dövrünü yaşayan muxtar respublikamızın bütün ziyalıları kimi, mən də prezident seçkilərində cənab İlham Əliyevə səs vermişəm. Müdrik Prezidentimiz sosial-iqtisadi və mədəni həyatın bütün digər sahələri ilə yanaşı, maarifə, elmə, təhsil işçilərinə, alimlərə daim böyük diqqət və qayğı göstərir. Bu sahələrin hərtərəfli yüksəlişi, eləcə də elmi-pedaqoji kadrların əməyinin layiqincə qiymətləndirilməsi, maddi və mənəvi cəhətdən stimullaşdırılması həmişə Prezidentimizin diqqət mərkəzindədir. Təkcə son illərdə təhsilin inkişafı ilə bağlı on altı dövlət proqramı qəbul olunaraq uğurla həyata keçirilmiş və keçirilməkdədir. Ölkəmizin paytaxtından başlamış ucqar dağ kəndlərinədək hər bir yaşayış məntəqəsində təhsil ocaqlarının yenidən qurulması, ən müasir avadanlıqlarla təchiz olunması, təlimin keyfiyyətinin yüksəldilməsi, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından tədris prosesində geniş istifadə sahəsində nəhəng işlər görülmüşdür. Bu cəhətdən Naxçıvan Muxtar Respublikasında da digər sahələrlə bərabər, təhsil sektorunun möhtəşəm yüksəlişi qəlbimizi iftixar hissi ilə doldurur. Təbii ki, bütün xalq bu istiqamətdə həyata keçirilən tədbirləri alqışlayır, minnətdarlıqla qarşılayır və davamını istəyir.
Biz ziyalılar cənab İlham Əliyevə səs verməklə Azərbaycan təhsilinin növbəti illərdə yüksəlişinin davam etməsinə, cəmiyyət həyatında rolunun daha da artmasına səs vermişik. Möhtərəm Prezidentimiz bundan sonra da xalqımızı qələbədən qələbəyə aparacaq, “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ən yüksək səviyyədə həyata keçirməkdə yeni-yeni uğurlara imza atacaq!
Yazgül RZAYEVA – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi: – Azərbaycan Respublikası Prezidentinin oktyabr ayının 9-da keçirilən növbəti seçkisi Vətənini və dövlətini sevən, onun uğurlarına sevinən, müstəqil respublikası ilə fəxr edən bütün vətəndaşlarımızın ulu öndərimizin yoluna sədaqətinin növbəti nümayişi oldu. Bu taleyüklü kampaniya bir daha onu göstərdi ki, Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu bütün varlığı ilə qəbul edir. Ona görə də bu seçkidə Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi Prezident cənab İlham Əliyevin mütləq səs çoxluğu ilə qalib gələrək Azərbaycan Prezidenti seçilməsi ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev siyasətinin növbəti qələbəsidir. Ümummilli liderimizin hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində özünün layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 10 ilə qısa ekskurs etsək, ölkə başçısının böyük qələbələrə imza atdığını görərik. Bu illər ərzində nələrə nail olunmayıb? İqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələr daim dövlət başçısının diqqətində olub. Səhiyyə işçisi kimi bu sahədə görülən işləri qeyd etsəm, çox böyük siyahı alınar. Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də uğurla davam etdirir.
Bu vacib sahənin inkişafı, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibbi xidmətin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Regionlarda idman-sağlamlıq, diaqnostika-müalicə mərkəzlərinin və bu qəbildən olan digər obyektlərin istifadəyə verilməsi artıq ənənə halını alıb. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda da həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu gün istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində əhaliyə nümunəvi tibbi xidmət göstərilir, yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir. Ucqar dağ kəndlərində belə, bu gün müasir səhiyyə müəssisələri fəaliyyət göstərir. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırıb.
Bütün bunlara görə ölkə vətəndaşları, eləcə də minlərlə səhiyyə işçisi alternativi olmayan siyasi strategiyanın həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik təməli bu uğurlarla möhkəmlənən, özünün xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən Azərbaycana səs verdilər. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi növbəti prezident seçkiləri ərəfəsində də cəmiyyətin həlledici çoxluğunun prinsipial iradəsi kimi diqqət çəkirdi. Bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi Azərbaycan vətəndaşlarının növbəti dəfə ciddi siyasi iradə nümayiş etdirmək əzmində olduğunu aydın büruzə verdi. Mütləq çoxluğun mövcud siyasi kursa alternativ görməməsi və səmimi şəkildə inanaraq onu inkişafın ən etibarlı təminatçısı kimi qəbul etməsi isə son on ilin böyükhəcmli reallıqlarına əsaslanır.
Sara ƏZİMOVA