Azərbaycan Respublikası sivil dünyanın cəmiyyətimizin yüksəlişinə xidmət edən mütərəqqi, demokratik prinsiplərə söykənən inkişaf modellərini rəhbər tutaraq bu yolda böyük uğurlar əldə etməkdədir. Seçkilərin qanunvericiliyə uyğun olaraq, azad, ədalətli və şəffaf keçirilməsi, seçicilərin səsvermədə fəal iştirakı, vətəndaşların sərbəst seçim etmələri demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur. Qürurla deyə bilərik ki, ötən illərdə respublikamızda yaradılan demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilmiş, beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsi qəbul olunmuş, bu qanuna əlavələr və dəyişikliklər edilməklə seçki qanunvericiliyi daim təkmilləşdirilərək azad və ədalətli seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılmışdır. Oktyabrın 9-da ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bayram əhval-ruhiyyəsi şəraitində keçirilən növbəti prezident seçkiləri dediklərimizi bir daha təsdiq etdi.
Demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də Vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. 9 oktyabr prezident seçkilərində Naxçıvan Muxtar Respublikasında seçicilərin seçki hüquqlarından istifadə edərək seçdikləri namizədə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilmişdir. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Bu, seçkilərdə şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik idi. Seçkilərdə müxtəlif təşkilatlar tərəfindən “Exit-poll” keçirilmiş, seçkilərin gedişini müşahidə edən istər beynəlxalq, istərsə də yerli müşahidəçilər üçün geniş imkanlar yaradılmışdı.
Sevindirici haldır ki, hər zaman olduğu kimi, 9 oktyabr prezident seçkilərində də Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirmişlər.
Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, muxtar respublikada 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində seçki keçirilmişdir. Həmin seçki dairələrində qeydə alınmış 267 min 412 nəfər seçicidən 219 min 838 nəfər, yəni seçicilərin 82,2 faizi seçkilərdə iştirak etmişdir. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınmışdır. Həmin seçki dairəsi üzrə 37 min 433 nəfər seçicidən 31 min 69 nəfəri, yəni seçicilərin 83 faizi səsvermədə iştirak etmişdir. İlkin nəticələrə görə, muxtar respublikada səsvermədə iştirak edən seçicilərin 90,2 faizi cənab İlham Əliyevə səs vermişdir.
Seçki günü muxtar respublikamızın şəhər və rayonlarından hazırladığımız reportajları oxuculara təqdim edirik.
* * *
Naxçıvan şəhəri
Dünən ölkəmiz tarixinin sayca yeddinci prezident seçkilərini keçirdi. Şərqdə ilk dəfə demokratik cümhuriyyəti quran, kişilərə və qadınlara bərabər şəkildə seçmək və seçilmək hüququ verən Azərbaycanda keçirilən bu seçkiləri beynəlxalq təşkilatlar, demokratik təsisatlar ölkənin demokratiya tarixində mühüm mərhələ kimi qiymətləndirirlər. Ölkənin ən böyük və ən mühüm siyasi hadisəsi tarixən Azərbaycanda siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvanda da ruh yüksəkliyi ilə baş tutdu. 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələrində olduq. Məlumat üçün deyək ki, bu seçki dairəsi üzrə 37 məntəqədə 43 min 631 seçici qeydiyyatdadır. Muxtar respublikanın paytaxtında – Naxçıvan şəhərində seçki prosesinin necə keçirildiyini izləmək, seçicilərin, siyasi partiyaların təmsilçilərinin, yerli və beynəlxalq müşahidəçilərin fikirlərini öyrənmək üçün müşahidələrimizə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başladıq. Bu məntəqədən seçki müşahidəmizə başlamağımızın simvolik səbəbi məntəqənin Azərbaycan xalqının ümummilli lideri, ölkənin demokratikləşmə tarixində misilsiz xidmətləri olmuş Heydər Əliyevin adını daşıyan bir məkanda yerləşməsi idi.
Qaydalara uyğun olaraq, 4-9 saylı məntəqə seçki komissiyasının sədri Arzu Abdullayev komissiya üzvləri qarşısında seçki qutularının möhürlənməsini həyata keçirdi. Həm daşınan seçki qutusu, həm də məntəqədə yerləşən şəffaf seçki qutuları ayrı-ayrılıqda möhürləndi. Məntəqədə seçkiyə vaxtında – saatlarımız 800-i göstərəndə start verildi. Seçki gününün ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Qeyd edək ki, bu məntəqədə 940 nəfər seçici qeydiyyatdadır. Artıq saat 1500-ə qədər məntəqədə 539 nəfər – yəni məntəqə üzrə qeydiyyatda olan seçicilərin 57,34 faizi öz prezidentini müəyyənləşdirmək hüququndan istifadə etmişdi.
Müşahidələrimizi Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə yerləşən 4-36 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi çəkir. Artıq ölkəyə növbəti 5 ildə rəhbərlik edəcək şəxslə bağlı iradəsini ifadə etmiş seçicilərdən birinə yaxınlaşırıq. Yavər Quliyev məntəqədə səs verən ilk insanlardandır. O, seçki prosesində iştirak etməyi həm də özü üçün mənəvi bir borc hesab edir. Seçici deyir ki, seçimini edərkən ölkənin sabit və firavan inkişafını davam etdirəcəyinə inandığı namizədə səs verib.
Qeyd edək ki, bu məntəqə üzrə seçici siyahısında adı olan seçicilərin sayı 1479 nəfər idi.
1200 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının binasında yerləşən 4-14 saylı seçki məntəqəsində seçkiləri yerli müşahidəçilərlə yanaşı, ATƏT-in müşahidə missiyasından olan beynəlxalq müşahidəçilər də izləyirdilər. Yunanıstan və İsveçdən olan bu müşahidəçilərlə söhbət zamanı məlum oldu ki, onların hər ikisi Naxçıvanda qısamüddətli müşahidəçilərdir. Beynəlxalq müşahidəçi xanım Enn Sofi Mariya Sten deyir ki, hələlik seçki prosesinin gedişi ilə bağlı mövqelərini açıqlaya bilməzlər. Çünki qısamüddətli müşahidəçilərin əsas missiyası seçki prosesinin gedişi ilə bağlı məlumatları mərkəzi ofisə ötürməkdir. Ümumi mövqeyi isə ATƏT-in Bakı ofisi seçkidən sonra açıqlayacaq. Seçkilərin müşahidə edilməsi prosesinə gəlincə, müşahidəçi bunun üçün hər cür şərait yaradıldığını dedi. Qeyd edək ki, bu məntəqə üzrə saat 1000-a qədər 273 seçici səsvermə hüququndan istifadə etmişdi.
Seçkilərin demokratik keçirilməsinin əsas şərtlərindən biri də siyasi partiyaların təmsilçilərinin prosesdə, komissiyanın işində, müşahidələrin aparılmasında aktiv iştirak etməsidir. 4-11 saylı məntəqə seçki komissiyasının Azərbaycan Sosial Rifah Partiyasından olan üzvü Orxan Ağayevin dedikləri: “Seçkiyə artıq start verilib. Komissiya üzvü olduğum məntəqədə seçkilərin keçirilməsi üçün yaradılan şəraitə əsaslanıb deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasında seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün çox gözəl şərait yaradılıb. Səsvermənin gedişatından razıyıq, proses normal qaydada keçir. Seçici fəallığını xüsusilə qeyd etməliyəm. İnsanlar məntəqəyə gəlir və heç bir müdaxilə olmadan səs verirlər”. Sitatın sonu.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 4-17 saylı məntəqədə seçici siyahısı üzrə 1460 seçici qeydiyyatdadır. Burada məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirlər.
“Bu ölkənin əsgəri də, zabiti də Azərbaycanın qüdrətlənməsi, ölkəmizin inkişafı naminə öz seçimini edir. Müşahidələrimiz deməyə əsas verir ki, bu seçki məntəqəsinin işi yüksək səviyyədə təşkil edilib. Hamı sərbəst şəkildə, inandığı və etibar etdiyi namizədə səs verir. Bu, ölkəmizdə hər kəsin öz hüquqlarını, seçim etməkdə şəxsi məsuliyyətini dərk etdiyinə gözəl sübutdur”. Bu sözləri bizə müsahibəsində 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin 3 saylı məntəqəsində müşahidə aparan, Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçi Ayşən Əsgərova dedi. Naxçıvan Dövlət Universitetində təşkil edilən bu məntəqə seçki komissiyasının sədri Elbrus İsayevin sözlərinə görə, məntəqədə 1051 seçici qeydiyyatdadır. Komissiya sədri əvvəlki seçkilərlə müqayisədə bu seçkidə seçicilərin maariflənməsi sahəsində görülən işlərin daha yüksək səviyyədə aparıldığını bildirdi. Onun fikrincə, məhz bunun nəticəsidir ki, seçicilər ölkənin siyasi həyatının ən mühüm hadisəsində yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqlardan istifadə edir. Bu, Azərbaycan vətəndaşının öz ölkəsinin gələcək taleyi üçün məsuliyyət hiss etdiyinin ifadəsidir.
4-30 saylı seçki məntəqəsində müşahidə aparanlar arasında MDB müşahidə missiyasının üzvü Boris Leonidoviç Şinçuk da var idi. MDB müşahidə missiyasından muxtar respublika üzrə builki prezident seçkilərini, ümumilikdə, 5 müşahidəçi izləyib. Seçkilərlə bağlı bizimlə ilkin təəssüratlarını bölüşən Boris Şinçuk deyir: “Mən ikinci dəfədir ki, Azərbaycandayam. Naxçıvanda isə ilk dəfədir ki, seçkiləri müşahidə edirəm. Azərbaycanlıların da çox yaşadıqları Saratovdan gəlmişəm. Bu mənada sizin insanınızın xarakterinə bələdəm. Onların gözlərindən fikirlərini oxumaq olur. Elə bu seçki ilə bağlı düşüncələrini də. Mən hesab edirəm ki, seçki prosesi qaydasında və demokratik şəraitdə keçir. Adama elə gəlir ki, ölkənizdə hansısa böyük bir bayram keçirilir. İnsanların seçki əhval-ruhiyyəsi xeyli yüksəkdir. Ölkənizdə inkişafa doğru dəyişiklikləri hər gəlişimdə müşahidə etmişəm. Mən düşünürəm ki, azərbaycanlılar bu dəfə də bu inkişafa, bu tərəqqiyə səs verəcəklər. Biz burada müşahidə apararkən bəzi seçicilər bizə yaxınlaşırdılar. Soruşurdular ki, siz hardan gəlmisiniz. Biz Rusiyadan gəlmişik deyəndə, onlar bizə dedilər: “Rusiyada deyin ki, biz ölkəmizin inkişafı və tərəqqisi yolunun davam etməsi üçün səs verdik. Bu, bizim seçimimizdir”. Mən düşünürəm ki, bu, məntiqi seçimdir. Ötən seçkilərlə müqayisədə bir şeyi deyə bilərəm, hər növbəti seçki Azərbaycanın demokratiya yolunda irəliyə doğru atdığı növbəti addımdır”.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə yerləşən 23 saylı seçki məntəqəsində seçici siyahısında 789 nəfər seçicinin adı var. Məntəqə seçki komissiyasının sədri deyir ki, cəmi 8 seçici qeydiyyatdan çıxarılıb. Bu məntəqədə seçkiləri daha çox müşahidəçi izləyirdi. Müşahidəçilər arasında şəxsi təşəbbüsü əsasında müşahidə aparanlarla yanaşı, Yeni Azərbaycan Partiyasını, qeyri-hökumət təşkilatlarından Təmiz Dünya İctimai Birliyini və Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzini təmsil edənlər də var idi. Qeyd edək ki, muxtar respublikada seçkiləri adıçəkilən birinci qeyri-hökumət təşkilatından 5 nəfər, ikinci qeyri-hökumət təşkilatından isə təqribən 19 nəfər müşahidəçi izləyib. Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri, Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin müşahidəçisi Fərid Əsgərli seçki ilə bağlı təəssüratlarını bölüşmək istəmədi. O qeyd etdi ki, aparılan müşahidələrin nəticələri ilə bağlı seçkidən sonra açıqlama veriləcək. Təmiz Dünya İctimai Birliyinin sədri Fizzə Məmmədova isə müxtəlif məntəqələrdə apardıqları müşahidələrlə bağlı ilk təəssüratlarını belə ifadə etdi: “Ümumiyyətlə, demokratiyaya yol azad seçkilərdən keçir. Bu mənada vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük vəzifələr düşür. Biz də üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Əgər bu gün biz, QHT təmsilçiləri heç bir təzyiq olmadan seçkiləri müşahidə ediriksə, bu artıq seçkinin demokratik prinsiplərə uyğun keçirildiyindən xəbər verir. Təmiz Dünya İctimai Birliyinin 5 müşahidəçisi bu saata qədər artıq 10 məntəqədə müşahidə aparıb. Məntəqələrin heç birində heç bir qanun pozuntusuna və yaxud neqativ hala rast gəlmədik. Burda hətta evdar qadınların, qocaman vətəndaşların, gənclərin həvəslə səs verdiklərinin şahidi olduq. Bu, seçkilərin nə qədər şəffaf və demokratik şəraitdə, seçki öncəsi maarifləndirmə proseslərinin nə qədər yüksək səviyyədə həyata keçirildiyinin bariz nümunəsidir. Biz gün ərzində müşahidələrimizi davam etdirəcəyik. Ümid edirəm ki, seçkilərin nəticələri ümumxalq rəyini ifadə edəcəkdir”.
Olduğumuz növbəti məntəqədə – 4-28 saylı seçki məntəqəsində 1470 seçici qeydiyyatdadır. Günorta saatlarında seçicilərin fəallığını, xüsusilə gənc ailələrin seçki prosesinə aktiv şəkildə qatılmasını müşahidə etdik. Məntəqə seçki komissiyasının üzvü, Böyük Quruluş Partiyasının təmsilçisi Asim Rəhimov seçki prosesinin normal qaydada, şəffaf getdiyini deyir: “Biz müşahidə edirik ki, Azərbaycan xalqı bu seçkilərdə seyrçi mövqe tutmayıb. İnsanlar məntəqələrə gəlirlər, səs verirlər. Yaradılan şərait isə göz qabağındadır. Seçkinin yüksək səviyyədə və demokratik şəraitdə keçirilməsi üçün hər şey edilib”.
Qeyd edək ki, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən seçki gününün sonunda – saat 1900-da aldığımız məlumata görə, dünən dairədə səs verməli olan 43 min 631 seçicidən 36 min 170 nəfəri seçkilərdə iştirak edib. Dairə üzrə qeydiyyatda olan seçicilərin 82,90 faizi səs verib. Bu, ölkə üzrə ən yüksək göstəricilərdən biridir.
Elnur KƏLBİZADƏ
* * *
Şərur rayonu
Şərur rayonu sosial-iqtisadi inkişaf baxımından ötən prezident seçkilərindən bəri çox dəyişib. Rayonda 5 il ərzində elə sürətlə, həm də genişmiqyaslı abadlıq, quruculuq tədbirləri həyata keçirilib ki, bu yurda qədəm qoyanlar heyrətlərini gizlədə bilmirlər. Yeni park və xiyabanlar, asfalt yollar, Şərur şəhərində və rayonun kənd yaşayış məntəqələrində yeni inşa edilən və ya yenidən qurulan sosial obyektlər rayonun simasını tamamilə dəyişib. Şərurlular indi çox böyük həvəslə, iftixarla öz rayonlarından danışır, həyata keçirilən quruculuq işlərindən və bu inkişafın stimul olduğu gələcək perspektiv planlarından söhbət açırlar.
Oktyabrın 9-u səhər saatlarından yüzlərlə şərurlunun dəstə-dəstə seçki məntəqələrinə gəlməsi həm də doğma rayonlarının bugünkü inkişafının təntənəsi idi. Bu iftixar hissi dövlətimizin qüdrətlənməsi, bu qüdrət nəticəsində onun beynəlxalq aləmdə nüfuzunun artmasından yaranan hisslər idi. Rayonda əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.
2 saylı Şərur Seçki Dairəsinin Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsindəyik. Cəmi 10 dəqiqədir ki, səsvermə başlayıb. Amma seçicilərin sayı o qədərdir ki, komissiya üzvlərinin heç birinə yaxınlaşa bilmirik. Məntəqə seçki komissiyasının sədri Qulu Quliyev qayğılı və həyəcanlıdır:
– Düzü, səhər tezdən bu qədər seçicinin birdən-birə, necə deyərlər, başımızın üstünü almasını gözləmirdik, – deyə komissiya sədri səsvermənin gedişindən danışır. – Vaxtınız varsa, 5-10 dəqiqə müşahidə aparın, görün, bundan demokratik, şəffaf seçki keçirmək olarmı? Hamı üçün tam sərbəstlik yaradılıb – istər seçici olsun, istər müşahidəçi, istərsə də kütləvi informasiya vasitələrinin nümayəndələri.
Məntəqədən çıxan seçicilərlə söhbət edir, onların fikirlərini öyrənirik. Mirhüseyn Seyidov və Qumral Ələkbərova bildirirlər ki, tam sərbəst şəkildə istədikləri namizədə səs veriblər.
Qarxun kənd mədəniyyət evində yerləşən 2-4 saylı seçki məntəqəsindən 1499 nəfər seçiciyə səsverməyə gəlmək üçün bildiriş göndərilib. Səhər tezdən səsvermə başlananda artıq xeyli seçici məntəqənin qarşısına toplaşmışdı. İlk saatlarda yaşlı nəslin nümayəndələri olan seçicilər üstünlük təşkil edirdi. Saat 10-dan sonra gənc oğlan və qızların sıraları sıxlaşmağa başladı. Günortaya qədər məntəqəyə daxil olmaq üçün seçici növbəsi yaranmışdı. Məntəqə seçki komissiyasının sədri Məzahir Əhmədov komissiya üzvlərini bir az da cəld olmağa çağırır. O, bu qələbəlikdən məmnunluğunu gizlətmədi:
– Bizim seçicilər həmişə fəallıqları ilə seçiliblər. Qeyd edim ki, burada seçki prosesinin azad və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Səs verib məntəqəni tərk edən seçici Şamil Rzayev dedi:
– Hər şey yaxşı təşkil olunub. Yaşadığın ünvana bildiriş göndəriblər. Bizdə seçki mədəniyyətinin yüksəldilməsi məni olduqca məmnun edir. Gördüyünüz kimi, seçki prosesi yüksək səviyyədə davam edir. Azad şəkildə seçimimi edərək ən layiqli namizədə səs verdim.
Sərxanlı kənd tam orta məktəbində yerləşən 2-8 saylı seçki məntəqəsinin qarşısında da qələbəlikdir. Məntəqə seçki komissiyasının sədri Abbas Qurbanov bildirdi ki, aparılan hazırlıq işləri nəticəsində seçicilər heç bir çətinliklə qarşılaşmadan səsvermə hüquqlarından tam istifadə edə bilirlər.
Bu məntəqədə də səhər saatlarında yaşlı nəslin nümayəndələri daha fəal idilər. Hər cür həyat tərzinin şahidi olmuş bu insanlar böyük həvəslə istədikləri namizədə səs verirdilər. Məntəqənin həyətində kənd ağsaqqalı, əmək veteranı Aydın Novruzova yaxınlaşıb seçki barədə fikirlərini soruşdum. Gülümsədi və aramla dilləndi:
– Mənim yaşım 70-i ötüb; yaxşını pisdən, əyrini düzdən ayırmağı bacarıram. Məqsədim təkcə səsvermədə iştirak etmək deyil, həm də səsvermənin hansı əhval-ruhiyyədə keçdiyini müşahidə etməkdir. Seçki çox sakit, şəffaf və ədalətli keçir.
Yuxarı Aralıq kəndindəki 2-9 saylı seçki məntəqəsinin yerləşdiyi binanın dəhlizində 757 nəfər seçicinin siyahısı asılmışdı. Digər məntəqələrdə olduğu kimi, burada da səsverməyə gələn seçicilərin əvvəlcə sol əlinin baş barmağı ultrabənövşəyi lampa ilə yoxlanılır, şəxsiyyəti təsdiq edən sənəd əsasında seçki bülleteni verildikdən sonra həmin əlin baş barmağı şəffaf mürəkkəblə işarələnirdi. Məntəqə seçki komissiyasının üzvləri səsvermənin maneəsiz şəraitdə keçirilməsini uğurla təmin edirdilər.
2-10 saylı Çomaxtur və 2-23 saylı Vayxır seçki məntəqələrində də səsvermə prosesi qanunauyğun şəkildə davam edir, adamlar mütəşəkkil məntəqəyə gəlir, sərbəst surətdə səs verirdilər. Bir neçə saat ərzində seçicilərin, demək olar ki, yarısı səsvermə hüququndan istifadə etmişdi.
Ucqar dağ kəndi Aşağı Yaycıdakı 2-35 saylı seçki məntəqəsində də olduq. Məntəqə seçki komissiyasının sədri Ərəstun Sadiqov ərazidə yaşayan 1013 nəfər seçicinin səsvermədə iştirak edəcəyinə ümidvar olduğunu bildirdi. Komissiya sədri onu da əlavə etdi ki, artıq günortaya kimi seçicilərin 70 faizindən çoxu istədiyi namizədə səs verib. Bu məntəqədə ilk dəfə səs verən Sərxan Hüseynovun həyəcanı üzündən sezilirdi:
– Birinci dəfədir ki, səsvermə prosesinin necə olduğunu görürəm. İlk dəfə səs verdiyim bu anı heç vaxt unutmayacağam. Səsvermə demokratik prinsiplərə uyğun şəraitdə keçirilir. Mən bir vətəndaş kimi seçmək hüququmdan istifadə edərək xalqımızın tərəqqisini, inkişafını tam mənası ilə təmin edə bilən liderə səs verdim.
2 saylı Şərur Seçki Dairəsi dairə seçki komissiyasının sədri Kamal Ələkbərovla da söhbət etdik. O, seçici siyahılarına daxil edilmiş 41 min 280 nəfərin 982 nəfərinin ilk dəfə səs verənlər olduğunu dedi: “Dairəmiz 52 mülki və 1 qapalı seçki məntəqəsini əhatə edir. Hər bir seçicinin öz hüququndan istifadə edərək sərbəst seçim etməsi, istədiyi namizədə səs verməsi üçün bütün məntəqələrdə normal şərait yaradılıb. Müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını təmsil edən 165 nəfər müşahidəçi qeydə alınıb. Budəfəki seçkilər öz mütəşəkkilliyi, insanların fəallığı ilə əvvəlki seçkilərdən xüsusilə seçilir. Adamlar səs vermək üçün növbəyə dayanırlar. Qeydiyyatdançıxma vəsiqəsi olanlara, xəstə və ahıllara operativ xidmət göstərməyə çalışırıq. 5 məntəqədə veb-kamera quraşdırılıb”.
Bir faktı qeyd edək ki, muxtar respublikanın ən yaşlı sakini Şərur rayonunda yaşayır. O, 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin Kürçülü kəndində yerləşən 19 saylı seçki məntəqəsində qeydiyyata alınmış 1898-ci il təvəllüdlü, 115 yaşlı Qönçə Hümbətovadır. Qönçə Hümbətova da daşınan səsvermə qutusu vasitəsilə öz seçki hüququndan istifadə edib.
Saat 1900-dan sonra 2 saylı Şərur Seçki Dairəsi dairə seçki komissiyasının sədri Kamal Ələkbərovla əlaqə saxlayıram. Onun iftixar dolu səsini eşidirəm: “Seçki uğurla başa çatdı. Dairəmiz üzrə 33 min 891 nəfər səsvermədə iştirak edib. Bu, ümumi seçicilərin 82,10 faizini təşkil edir”.
Cəfər ƏLİYEV
* * *
Babək rayonu
Seçki hər bir xalqın həyatında mühüm ictimai-siyasi hadisədir. Çünki bu proses vasitəsilə xalq həm öz rəhbərini, həm də dövlət orqanlarında onu təmsil edəcək insanları seçir və bununla da, hakimiyyətin formalaşdırılmasında iştirak edir. Azərbaycanda artıq neçə aydır ki, 9 oktyabr prezident seçkilərinə ciddi hazırlıq işləri görülürdü. Nəhayət ki, hamının həyəcanla gözlədiyi gün gəlib çatdı. Həmin gün xalq öz prezidentini seçmək üçün səs verdi. Bu mühüm tarixi gündə seçki məntəqələrində olduq, müşahidələr apardıq. 3 saylı Babək-Kəngərli-Naxçıvan, 6 saylı Culfa-Babək və 5 saylı Şahbuz-Babək Seçki dairələrinin Babək rayonu ərazisindəki məntəqələrində olduq. Onu xüsusilə qeyd edək ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra müxtəlif seçkilər həyata keçirilib. Bu, danılmaz faktdır ki, seçkidən-seçkiyə tərəqqi, inkişaf da artıb. Aparılan müşahidələr fərəhləndirici məqamlarla yaddaşa həkk olundu. İnsanlar sübh tezdən seçki məntəqələrinə üz tutaraq fəallıq göstərir, inandıqları namizədə səs verirdilər.
3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-42 saylı seçki məntəqəsi Babək qəsəbəsindəki Babək Rayon Mədəniyyət Evində yerləşir. Səhər saat 730-da binanın qarşısında dayandıq. Hələ seçkiyə start verilməmişdən əvvəl artıq binanın qarşısında çoxlu sayda seçici var idi. Burada əsl bayram ovqatı duyulurdu. Saatlar 800-i göstərdikdə seçki açıq elan olundu. Budur, hər bir seçici şən əhvalla seçki məntəqəsinə daxil olur, şəxsiyyət vəsiqəsini göstərir, seçki bülleteni alıb səsvermə kabinəsinə keçir, nəzərdə tutduğu prezidentliyə namizədə səs verirdi. Bəzən də məntəqəyə insanlar axınla daxil olurdular. Məntəqə seçki komissiyasının üzvləri özlərinə məxsus təmkinlə, mədəniyyət və xoş rəftarla, təbəssümlə seçiciləri qarşılayır, onların rahat, sərbəst səs vermələrinə şərait yaradırdılar. Öyrəndik ki, məntəqə üzrə 1164 seçici var. Məntəqənin yerləşdiyi binanın həyətində rastlaşdığımız bir ailə diqqətimizi çəkdi. Camal Nəcəfov deyir: “Ailəmlə birlikdə səs verməyə gəlmişik. Biz təkcə öz istədiyimizə, sevdiyimizə, inandığımıza deyil, həm də millətin, xalqın gələcəyi üçün çox dəyərli ola biləcək bir insana səs verdik”. İlk dəfə səs verənlərdən Günay İmanova ilə söhbətləşirik: “Naxçıvan Müəllimlər İnstitutunun tələbəsiyəm. İlk dəfədir, səs verirəm. Mənim üçün həyəcanlı andır. İstədiyim namizədə səs verdim. İnanıram ki, o, yenə qələbə qazanacaqdır”.
Babək qəsəbə tam orta məktəbinin önündəyik. Burada yerləşən 3-41 saylı seçki məntəqəsi üzrə 1144 seçici var. Onlardan 31 nəfəri ilk dəfə səs verənlərdir. Yaşlı bir qadının həyat yoldaşının qoluna girərək şən halda şəxsiyyət vəsiqəsini komissiya üzvünə göstərməsi diqqətimizi çəkdi. Onun səsvermə prosesini müşahidə etdikcə qəlbimizdə xoş duyğular oyanırdı. Əgər bu millətin yaşlı bir xanımı bu cür məhəbbətlə, coşqunluqla öz prezidentini seçməyə gəlirsə, bundan gözəl nə ola bilər?! Onunla tanışlıq lap ürəyimizcə oldu. Öyrəndik ki, onun həyat yoldaşı Sadıq Nəcəfov bu məntəqənin ən yaşlı seçicilərindəndir. 95 yaşlı Sadıq baba ona sual vermədən həvəslə danışır:
– Gələcəyimizə, əmin-amanlığımıza səs verdim. Çox sevincliyəm. Ona görə ki, səhhətim imkan verdi, seçkidə iştirak edə bilim. Rahat yaşayırıq, sabitlik hökm sürür. Bunun da davam etməsini istəyirəm. Bu davamlılığa səs verdim.
Zeynəddin kəndinə yol alırıq. 6 saylı Culfa-Babək Seçki Dairəsinin 6-3 saylı seçki məntəqəsi kənd tam orta məktəbinin binasında yerləşir. Getdikcə məktəbin həyətinə insan axını gurlaşır. Hamı seçki məntəqəsinə addımlayır. Onlar azad, şəffaf, demokratik bir şəraitdə öz siyasi iradələrini ifadə etməyə tələsirlər. Məntəqə seçki komissiyasının sədri Elşən Hacıyev: “Hamıya məlumdur ki, Azərbaycanda beynəlxalq təşkilatların müsbət qiymətləndirdiyi seçki ənənəsi formalaşıb. Bu ənənə ədalətə, şəffaflığa söykənərək milli dəyərlərimizi də özündə əks etdirir. Vətəndaşlarımız bilirlər ki, onlar səs vermək hüquqlarından mütləq istifadə etməlidirlər. Elliklə, ailəliklə səsverməyə gələnləri müşahidə etdikcə, biz də sevinirik. Seçicilərin fəallığı könülaçandır”.
Məktəbin önündə “Exit-poll” keçirən “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin əməkdaşı Aleksandr Kavtunov vətəndaşların seçkidən çıxdıqdan sonra “Exit-poll” sorğusunda fəal iştirak etdiklərini dedi.
Müşahidələrimiz zamanı beynəlxalq müşahidəçilərlə də həmsöhbət olduq. Onlardan MDB-nin Müşahidə Missiyasının nümayəndəsi Boris Şinçuk dedi ki, indiyə kimi bir neçə seçki məntəqəsində oldum. Olduğum məntəqələrdə hər şey qaydasındadır. Heç bir qanun pozuntusuna rast gəlmədim.
Yolumuzu Cəhri kəndindən də saldıq. Elə kəndə daxil olanda hiss olunurdu ki, cəhrililər axınla məntəqələrə tələsir, bu siyasi kampaniyada fəal iştiraklarını səslərini ən layiqli namizədə verməklə nümayiş etdirməyə çalışırlar. Cəhri kənd kitabxanasında yerləşən 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin 5-32 saylı seçki məntəqəsinin önündə seçki ab-havası əsl bayramı xatırladırdı. Burada seçki prosesi qanunvericiliyə uyğun aparılırdı. Səsverməni beynəlxalq və yerli müşahidəçilər izləyirdilər. KİV nümayəndələrinə onları maraqlandıran suallar üzrə müfəssəl məlumat almaq imkanı yaradılmışdı. Vətəndaşların hər hansı bir sorğusu məntəqə seçki komissiyası üzvləri tərəfindən dərhal və yerindəcə həllini tapırdı. Seçicilərdən Mirvari nənə gəlini Kəmalə Orduyevanın köməyi ilə səsverməyə gəlmişdi. O deyir: “Mən bütün ailəmlə səsverməyə gəlmişəm. Hamını da bu tədbirdə fəal iştirak etməyə dəvət edirəm”.
Naxçıvan Dövlət Universitetinin tələbəsi Zümrüd Məmmədxanlı ilk dəfə səs verən gənclərimizdəndir. Onun dediklərindən: “Birinci dəfədir ki, prezident seçkisinə qatılıram, bu şərəfli missiyanın yerinə yetirilməsində mənim də səsimin olmasına çox fərəhlənirəm. Əlbəttə, mən öz namizədimi çoxdan qətiləşdirmişəm. O şəxsə səs verirəm ki, biz gənclərin xoş gələcəyini, həqiqətən, təmin edəcək, inkişafımız üçün əsl şərait yaradacaq. Bir neçə ildir ki, dostlarımla bu müşahidəni apararaq kimin bizim prezidentimiz ola biləcəyini dəqiqləşdirmişik. Bu səbəbdən də məhz inandığımız namizədə səs verdik”.
Cəhri Kənd Uşaq Musiqi Məktəbindəki 5-33 saylı seçki məntəqəsində də seçicilərin yüksək əhval-ruhiyyə ilə səsverməyə gəldiyini müşahidə etdik. İnsanlar məktəbin həyətinə axışırdılar. Məntəqədə seçkilərlə bağlı bütün texniki işlər yüksək səviyyədə həll olunmuşdu. Seçki məntəqəsində müşahidəçilər və KİV nümayəndələri üçün xüsusi yerlər ayrılmışdı.
Şıxmahmud kəndi ərazisində yerləşən 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-34 və 3-35 saylı seçki məntəqələrində də seçicilər mütəşəkkillik nümayiş etdirirdilər. Məntəqədə şəffaflıq hökm sürürdü. Heç bir qanun pozuntusu qeydə alınmamışdı.
Axşam saatlarına əldə etdiyimiz məlumatlara əsasən, Babək rayonundakı seçicilərin əksəriyyəti artıq öz səsvermə hüququndan istifadə etmişdi. Seçki dairələrinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.
Sara ƏZİMOVA
* * *
Ordubad rayonu
Dünən Ordubad rayonunda da əsl bayram sevinci duyulur, səhər saat 8 radələrindən başlayaraq rayon mərkəzində və kənd yaşayış məntəqələrində qaynarlıq, coşqunluq hökm sürürdü. Prezident seçkiləri ilə bağlı belə müşahidələr həm də rayondakı seçicilərin bu taleyüklü məsələdə fəallığını göstərirdi.
Qeyd edək ki, 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə 34 min 504 seçici qeydə alınmışdı. Onlar 52 məntəqədə səs verirdilər. Seçicilərin 811 nəfəri ilk dəfə səsverən gənclər, 4 nəfəri isə 100 yaşdan yuxarı insanlar idi. Məntəqələrin 45-i Ordubad rayonunda yerləşir ki, burada 28 min 963 seçicinin öz seçimini sərbəst surətdə etməsi üçün bütün imkanlardan istifadə olunmuşdu. Rayonda keçirilən seçkiləri beynəlxalq müşahidəçilər, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyirdilər. Bütün məntəqələrdə tibbi xidmət üçün yerlər ayrılmışdı. 7-1, 7-2, 7-3, 7-4 və 7-6 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı. Məntəqələr digər təchizat vasitələri ilə yanaşı, seçicilərin müraciətinə əsasən, daşınan qutularla təmin olunmuşdu.
Məlumat üçün bildirək ki, rayon mərkəzində prezident seçkiləri üçün 5 məntəqədə səs verilirdi. Seçkiləri izləmək üçün ilk olaraq yolumuzu Ordubad şəhərindəki Şahmat Məktəbinin binasında yaradılmış 7-1 saylı seçki məntəqəsindən saldıq. Səsvermə prosesinin təzəcə başlanmasına baxmayaraq, məntəqədə çoxlu adam var idi. Məntəqə seçki komissiyasının sədri Zaur Məsiyev bildirdi ki, seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqə lazımi avadanlıqlarla təmin olunub. Burada 1234 nəfər seçici səs verməli idi. Onlardan 21 nəfəri ilk dəfə ölkə başçısının seçilməsində iştirak edirdi. Adıçəkilən məntəqədə seçkilərin gedişi ilə bağlı müxtəlif partiyaların təmsilçilərinin, müşahidəçilərin və qonaqların rəyini öyrənmək istədik. ATƏT-in Danimarkadan olan nümayəndəsi Hausen Flemminq bildirdi ki, seçki prosesi ilə bağlı ümumi rəyi seçkilər tam başa çatdıqdan sonra bildirəcəklər. Hələliksə olduqları məntəqələrdə yaradılmış şərait onu göstərir ki, bu kampaniyaya çox ciddi hazırlıq görülüb. Məntəqə üzvlərinin həm müşahidəçilərlə, həm də seçicilərlə səmimi rəftarı ürəkaçandır. Bu isə onu göstərir ki, seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün imkanlar kifayət qədərdir. Bu sözləri “Exit-poll” keçirən İlqar İsrafilov və İsmayıl Qarabəyli də təsdiq etdilər.
Müşahidəçilərin dediklərini 7-2 saylı seçki məntəqəsində də gördük. Məntəqə seçki komissiyasının sədri Mikayıl Babayev bildirdi ki, komissiya üzvləri dəfələrlə treninqlərdə, seminarlarda iştirak edib, bilik və bacarıqlarını artırıblar. Bu da seçkinin gedişində özünü büruzə verir.
– Məntəqə üzvləri hansı partiyaları təmsil edir? – sualımıza məntəqə seçki komissiyasının sədri cavab verərək bildirdi ki, məntəqə üzvləri sırasında Yeni Azərbaycan Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Böyük Quruluş Partiyasının təmsilçiləri var.
1347 seçicinin qeydə alındığı məntəqədə seçici Rəfael Babayevlə həmsöhbət olduq. O vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da sağlam mənəvi-psixoloji mühit yaradılıb. Ona görə də çox nikbinik. Sabaha böyük ümidlərlə baxırıq. Qəlbimin hökmü ilə istədiyim namizədə səs verdim. İnanıram ki, qarşıdakı 5 ildə ölkəmizin daha sürətli sosial-iqtisadi inkişafı davam etdiriləcək.
Bu məntəqədə də bütün işlərin Seçki Məcəlləsinə uyğun qurulduğunu seçicilər və müşahidəçilər təsdiq etdilər.
Rayon mərkəzində yaradılmış 7-3 saylı seçki məntəqəsində də qələbəlik gördük. Burada rastlaşdığımız təqaüdçü müəllim Südeyf Hacıyev ilk müsahibimiz oldu. Dedi ki, çox seçkilərdə iştirak edib. Budəfəki seçkidə adamların fəallığı daha böyükdür. Axı hamı hər şeyi görür, ölçür, biçir. Heç kəs xalqın taleyinə laqeyd qala bilməz. Seçicilər çox yaxşı bilirlər ki, ölkənin sabahı bugünkü seçkidən çox asılıdır.
Bu məntəqədə müşahidəçi kimi iştirak edən Yeni Azərbaycan Partiyasının üzvü Əkbər Babazadə bildirdi ki, seçkinin gedişini diqqətlə izləyir. Səsvermənin şəffaf keçdiyini, heç bir qanun pozuntusunun qeydə alınmadığını müşahidə edib. Bölgədə prezident seçkilərinin demokratik keçirilməsini təbii sayır. Çünki ordubadlıların fəallıqları, həmçinin məntəqə seçki komissiyası üzvlərinin fəaliyyəti bir məqsədə xidmət edir: daha xoş sabahımız üçün güclü təminat yaratmaq.
Hələ günorta olmamış seçicilərin yarıdan çoxunun səs verdiyini bildirən komissiya sədri Sərxan Əhmədov prezident seçkilərinin uğurla başa çatacağına əminliyini bildirdi.
7-5 saylı seçki məntəqəsi ötən illərdə ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmiş Ordubad şəhər tam orta internat məktəbində yerləşir. Məntəqə seçki komissiyasının sədri Namiq Babayev seçkinin şəffaf keçirildiyini və seçicilərin fəallığının yüksək olduğunu bildirdi, bunu vətəndaşlarda yüksək seçki mədəniyyətinin formalaşması ilə izah etdi. Onun sözlərinə görə, burada heç bir qanun pozuntusu müşahidə edilməyib, seçicilərin sərbəst surətdə səs vermələrinə, öz iradələrini ifadə etmələrinə tam şərait yaradılıb. Məntəqədə görüşdüyümüz şəhid atası Barat Babayev oğlu Sahib Babayevlə səsverməyə gəlmişdi. Mətbuat nümayəndəsi olduğumuzu biləndə bizə yaxınlaşdı, öz ürək sözlərini bildirdi: – İnsanların seçkilərdə öz vətəndaşlıq borclarını yerinə yetirmələri məni sevindirir. Seçicilər fəaldırlar. Belə də olmalıdır. Çünki bu seçkilərlə dövlətin və xalqın gələcəyinə səs verirlər. Azərbaycan bizim Vətənimizdir və xoşbəxt sabahımız üçün namizədlərin ən layiqlisinə səs verməklə özümüzə dövlət başçısı seçmək müstəsna hüququmuzdur. Vətənini və xalqını sevən hər bir vətəndaş ölkəsinin taleyinə və mənafeyinə heç vaxt laqeyd qala bilməz. Sahib Babayev də söhbətə qoşularaq vurğuladı ki, sürətli inkişaf yolunda olan ölkəmizin gələcəyinə inanır və onu bura gətirən də respublikamızın sabahına səs vermək istəyidir; o, seçkilərin demokratik şəraitdə keçirilməsi üçün yaradılan şəraitə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirdi.
Müşahidələrimizi kəndlərdə yaradılmış seçki məntəqələrində davam etdirməyi qərara aldıq. 7-11 saylı seçki məntəqəsi Yuxarı Əylis kənd mədəniyyət evində yerləşir. Məntəqə seçki komissiyasının sədri Malik Məmmədov bildirdi ki, bu məntəqədə 991 seçici qeydə alınıb. Onların 27 nəfəri ilk dəfə səs verənlərdir. İlk dəfə müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi səs verdiyini bildirən Nigarə Cəfərova dedi:
– Prezident dövləti ölkə daxilində və xaricində təmsil edən şəxsdir. Ona görə də hər bir vətəndaş öz konstitusion hüququndan istifadə edib layiqli namizədə səs verməklə dövlət başçısını seçməlidir. Mən də namizədlərdən ən layiqlisinə səs verərək vətəndaşlıq borcumu yerinə yetirdim. İnanıram ki, səs verdiyim namizəd bundan sonra da xalqımızı xoşbəxt gələcəyə aparacaq, dövlətimizin daha da qüdrətlənməsi naminə bütün səy və bacarığını səfərbər edəcək.
Rayonun Aza kəndindəyik. Adıçəkilən dairənin 7-25 saylı seçki məntəqəsi kənd feldşer məntəqəsinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Əfqan Hüseynov başı bərk qarışıq olsa da, bizimlə söhbət etməyə vaxt tapa bilir. Vurğulayır ki, səhər saat 8-də başlayan seçki əvvəlki seçkilərdən fərqlənir. Bunu ötən seçkilərdən keçən müddət ərzində ölkəmizin nail olduğu yüksək sosial-iqtisadi inkişafla əlaqələndirən komissiya sədri bildirir ki, bu gün vətəndaşlar yüksək əhval-ruhiyyədədirlər. Seçkilərdə onların fəallığı qarşıdakı illərdə belə əhval-ruhiyyənin daimi olacağına inam yaradır.
Dəstə kəndi nəinki Ordubad rayonunun, habelə muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. İnsanları yurda bağlı olan, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında həmişə fəallıq göstərən bu kənddə seçicilərin fəallığını müşahidə etmək üçün ora getməyi də məsləhət bildik. 7-18 saylı seçki məntəqəsində olduq. Məntəqə seçki komissiyasının sədri Məmmədvəli Rzayev bildirdi ki, əvvəlcədən görülən hazırlıq tədbirləri, Seçki Məcəlləsinə uyğun olaraq, nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi seçki prosesində özünü göstərir. Heç bir qanun pozuntusu müşahidə edilməyən məntəqədə seçicilər sərbəst şəkildə istədikləri namizədə səs verirlər.
Bu məntəqədə gördüyüm bir mənzərə isə məni daha da qürurlandırdı. 110 yaşlı kənd sakini Anaxanım Abdullayevanın evinə daşınan qutu aparılması nəzərdə tutulsa da, təkidlə özü məntəqəyə gəlmişdi. Onunla söhbətdən aldığım təəssürat, etiraf edim ki, müşahidələr apardığım bütün məntəqələrdən yüksək oldu:
– Hesablayın görün, bu yaşda adam indiyə kimi neçə seçkidə iştirak edə bilər? Yəqin ki, deyənməzsiniz. Sözüm onda deyil. Ondadır ki, bu günün qədrini bilən, sabahını fikirləşən adam seçkiyə özü gələr, istədiyi namizədə səs verər. Düzdür, mən bunu evimdə də edə bilərdim. Bunu təşkil etməyə çalışanlar sağ olsunlar. Özüm razı olmadım. İstədim ki, hamı ilə birlikdə səs verim. Elə namizədə səs vermişəm ki, onun ölkəmizə layiqli rəhbər olacağına heç kim şübhə edə bilməz.
Muxtar MƏMMƏDOV
* * *
Kəngərli rayonu
Son illərdə Kəngərli rayonunda həyata keçirilən quruculuq tədbirləri, insanların sosial rifahının yaxşılaşdırılması naminə görülən işlər, qarşıya çıxan problemlərin vaxtında və yerindəcə həll olunması, sahibkarlığa dövlət dəstəyi rayon əhalisi tərəfindən minnətdarlıqla qarşılanır. Elə bunun nəticəsi idi ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərində rayon əhalisi böyük ruh yüksəkliyi ilə iştirak edir, layiqli namizədə səs verirdi. 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin Kəngərli rayonu ərazisindəki seçki məntəqələrində seçicilərin yüksək əhval-ruhiyyəsi müşahidə olunurdu. Yuxarıda adıçəkilən dairənin əhatə etdiyi 3-5 saylı məntəqədə ilk saatlarda qələbəlik hökm sürürdü. 1445 seçicinin qeydiyyatda olduğu məntəqədə seçki prosesi Seçki Məcəlləsinə tam uyğun qaydada keçirilirdi və heç bir qanun pozuntusu qeydə alınmamışdı. Məntəqədə ilk dəfə səs verəcək 28 vətəndaşın səsvermədə iştirakı nəzərdə tutulmuşdu. Müşahidələr əsasında gördük ki, səsvermə prosesində ilk dəfə səs verəcək gənclər fəallıq nümayiş etdirirlər.
Qarabağlar kənd 1 nömrəli tam orta məktəbdə yerləşən 3-4 saylı seçki məntəqəsində apardığımız müşahidələr belə deməyə əsas verdi ki, bu məntəqədə qeydiyyatda olan seçicilər seçki prosesinə tam məsuliyyətlə və ciddiyyətlə yanaşırlar. Belə ki, məntəqə açılar-açılmaz seçicilər axın-axın buraya gəlməyə başladılar. 1492 nəfərin qeydiyyatda olduğu məntəqə seçki komissiyasının sədri Mirhəşim Seyidovun bildirdiyinə görə, o, bir neçə dəfə məntəqə seçki komissiyasının sədri və komissiya üzvü kimi seçki prosesində iştirak edib, ancaq bu seçkilər qədər qələbəliyin şahidi olmayıb. Həqiqətən də, məntəqədə apardığımız müşahidələr zamanı seçici aktivliyinin yüksək səviyyədə olduğunu gördük. Burada olarkən məntəqədə “Exit-poll” keçirən “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzinin nümayəndələri olan Babək Cəfərov və Toğrul Bəndəliyevlə də görüşdük, seçki prosesi haqda təəssüratlarını öyrəndik. Həmsöhbətlərimiz qeyd etdilər ki, onların müstəqil araşdırma aparmaları məqsədilə hər cür şərait yaradılıb, keyfiyyətli iş ortaya qoymaq üçün sərbəst mühit formalaşdırılıb. Onlar tam müstəqil araşdırma aparır, seçki prosesində real proqnoz əldə etmək üçün çalışırlar.
Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə yaradılan 6 saylı məntəqənin ilk seçicisi Xəqani Mikayılov bildirdi ki, Azərbaycanın xoşbəxt gələcəyini təmin edə biləcək namizədə səs verməyə gəlib. 1490 nəfər seçicinin qeydiyyatda olduğu məntəqədə öz təşəbbüsü əsasında müşahidə aparan Elxan Mehdiyev dedi ki, müşahidə əsnasında heç bir qanun pozuntusu ilə qarşılaşmayıb, heç bir seçici seçkilərin təşkili ilə əlaqədar narazılıq etməyib.
Şəhid atası, 1938-ci il təvəllüdlü Sabir Qasımov Azərbaycanın parlaq gələcəyindən əmin olduğunu bildirdi və ən layiqli namizədə səs verdiyini dedi. Şəhid atasının sözlərindən:
– Oğlum Azərbaycanın qanlı-qadalı illərində, Sədərək uğrunda gedən döyüşlərdə şəhid olub. O illərin şahidi olaraq bir ağsaqqal kimi deyə bilərəm ki, sabitlik, asayiş, dinclik, əmin-amanlıq dövlətin insanlar üçün yaratdığı ən gözəl imkanlardandır. Bu gün mən də öz seçki hüququmdan istifadə edərək səs verdim. Mənim oğlum Azərbaycanın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olub. Bu gün o insana səs verdim ki, müstəqilliyimizi bundan sonra da qoruyub-saxlasın, bundan sonra da əmin-amanlığı, sabitliyi təmin etsin.
Kəngərli rayonunun Çalxanqala kəndindəki 3-13 saylı seçki məntəqəsində də elə ilk saatlardan seçici fəallığı müşahidə olunurdu. 1498 seçicinin qeydə alındığı məntəqəyə seçicilər elə günün ilk saatlarından gəlməyə başlamışdılar. Öz təşəbbüsü əsasında seçkiləri müşahidə edən Vəli Kərimovla söhbətimiz məntəqədə müşahidəçilər üçün yaradılan şərait barədə oldu. Onun təəssüratlarından:
– Məntəqədə seçicilər və müşahidəçilər üçün hərtərəfli şərait yaradılıb. Burada səsvermə prosesini diqqətlə izləyə bilməyimiz üçün xüsusi yer ayrılıb. Açığını deyim ki, məntəqənin bütün üzvləri bir komanda halında çalışır və qarşıya çıxan hər hansı bir çətinliyin öhdəsindən layiqincə gəlirlər. Səmimiyyətlə deyirəm ki, bu da biz müşahidəçilər üçün ən kiçik bir irad tapmağa yer qoymur.
1149 seçicinin qeydiyyatda olduğu, Qıvraq qəsəbəsində yerləşən Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində yaradılan 3-17 saylı məntəqəyə səs vermək üçün gələn qəsəbə sakini Çimnaz Vəliyeva dedi ki, ilk dəfə səsvermə hüququndan istifadə etməsi onda əsl vətəndaş məsuliyyəti oyadıb. Onun dediklərindən: – Bu gün ilk dəfədir ki, seçki hüququmdan istifadə edirəm və bundan da böyük qürur duyuram. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda gəncliyə böyük diqqət və qayğı var. Gənclər müxtəlif məsul vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bütün bu imkanları isə gənclik üçün dövlətimiz yaradıb. Göstərilən diqqət və qayğının qarşılığında öz səsim vasitəsilə bizə bu qayğını göstərənlərə dəstək olmağı özümə mənəvi borc hesab edirəm. Elə bilirəm ki, bu gün layiqli namizədə səs verməyimlə bir gənc kimi üzərimə düşən vəzifənin qismən də olsa, öhdəsindən gələ bildim.
Rayonun Şahtaxtı kəndindəki həkim ambulatoriyasında yaradılan 3-12 saylı seçki məntəqəsinə günorta saatlarına yaxın seçici axını daha da güclənmişdi. 1213 nəfər seçicinin qeydiyyatda olduğu məntəqədə saat 12-yə olan məlumata görə, seçicilərin 34,07 faizi səs vermişdi. Saat 15-də isə məntəqədə səs verənlərin sayı 686 nəfərə çatmışdı. Kənd ağsaqqalı Kazım Seyidov təəssüratlarını bizimlə bölüşdü:
– Mən özüm də daxil olmaqla deyə bilərəm ki, əhali bu seçkilərə yüksək əhval-ruhiyyə ilə qatılır. Bu da ondan irəli gəlir ki, son illərdə Şahtaxtı sakinlərinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilib, müasir binalar tikilib, insanların məşğuliyyəti, rifahı üçün yeni iş yerləri yaradılıb.
Şahtaxtı kənd tam orta məktəbində yaradılan 3-11 saylı, rayonun Yeni Kərki kəndində yaradılan 3-1 saylı seçki məntəqələrində də seçici fəallığının şahidi olduq. Əhali elliklə məntəqəyə gəlir, heç bir müdaxilə ilə qarşılaşmadan istədikləri namizədə səs verirdi. Ümumiyyətlə, Kəngərli rayonunda yaradılan digər məntəqələrdə də seçki prosesində apardığımız müşahidələr zamanı əhalinin seçkidə aktiv iştirakının, yüksək əhval-ruhiyyənin, münbit seçki mühitinin şahidi olduq. Onu da müşahidə etdik ki, gündən-günə güzəranı yaxşılaşan, sosial rifaha qovuşan rayon əhalisinin seçim qarşısında o qədər də çətinliyi yoxdur. Onlar Azərbaycanın xoşbəxt gələcəyi naminə kimə səs verəcəklərini yaxşı bilirlər.
Səbuhi HÜSEYNOV
* * *
Şahbuz rayonu
9 oktyabr 2013-cü il Azərbaycan xalqının tarixində və həyatında daha bir əlamətdar gün kimi yadda qaldı. Azərbaycan Respublikasında keçirilən növbəti prezident seçkiləri ölkəmizdə yaradılmış mövcud demokratiyanın, vətəndaşların hüquqlarının azad şəkildə ifadəsinin daha bir təntənəsi oldu. Xalqımız seçki məntəqələrinə gedib sərbəst şəkildə səs verməklə müstəqil Azərbaycanın gələcəyini, onun taleyüklü məsələlərini öz çiynində əsl vətəndaş məsuliyyətilə daşıya biləcək layiqli namizədini seçdi. Beləliklə, hər zaman olduğu kimi, bu dəfə də məhz xalqın iradəsi ilə seçilmiş dövlət başçımız gücünü xalqdan alaraq ölkəmizi qüdrətli və daha firavan bir gələcəyə daşıyacaq, Azərbaycanı dünya müstəvisində daha nüfuzlu dövlətlər sırasına çıxaracaqdır.
Ölkəmizdə keçirilmiş növbəti prezident seçkiləri muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz mütəşəkkilliyi və bayram ab-havası ilə yadda qaldı. Seçkilərin operativ şəkildə işıqlandırılması məqsədilə ezam olunduğumuz 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Şahbuz rayonu ərazisindəki seçki məntəqələrində səhər saatlarından başlayaraq qələbəlik idi.
Qeyd edək ki, Şahbuz rayonunda yaradılmış 34 seçki məntəqəsində 14 min 591 seçici öz namizədlərinə səs verdi. Bu qədər seçicinin 331 nəfəri ilk dəfə prezident seçkilərində iştirak edirdi. Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan 3 nəfər seçici vardır. Ən yaşlı seçici 102 yaşlı İmamquliyeva Səyyad Muxtar qızı 5-7 saylı Kolanı seçki məntəqəsində səs verdi. Seçkilərin yüksək mütəşəkkilliklə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin seçkiləri sərbəst izləməsi üçün şərait yaradılmış, 2 məntəqədə veb-kamera quraşdırılmış, mətbuat nümayəndələrinin seçki fəallığını izləməsi üçün imkanlar yaradılmışdı.
Seçkilərə gəldikdə, seçki başlandığı ilk dəqiqədən etibarən Şahbuz şəhərində yerləşən və 1358 seçicinin qeydə alındığı 5-1 saylı seçki məntəqəsində olduq. İlk dəqiqələrdən etibarən şəhər sakinləri böyük ruh yüksəkliyi ilə məntəqəyə axın edirdilər. Məntəqədə ilk səs verən seçici təqaüddə olan müəllim Fazil Vəliyevə yaxınlaşdıq. O, ölkəmizin işıqlı gələcəyinə, övladlarımızın sülh şəraitində xoşbəxt yaşamağına səs verdiyini dedi. Məntəqədə səs verən və ilk dəfə seçkilərə qatılan gənc Səma Kərimli isə bu seçkilərin onun həyatında ən əlamətdar hadisələrdən biri olduğunu deyərək ölkəmizin hər bir vətəndaşının rifahı və təhlükəsizliyini təmin edə biləcək namizədə səs verdiyini bildirdi.
Digər – Şahbuzkənddəki 5-2 saylı seçki məntəqəsində 767 nəfər seçicinin layiqli namizədə səs verəcəyini, bunlardan 24 nəfərinin ilk dəfə seçkilərdə iştirak edəcəyini öyrəndik. Daha çox seçicinin səs verəcəyi gözlənilən və rayonun böyük yaşayış məntəqələrindən biri olan 5-7 saylı Kolanı seçki məntəqəsində 1234 nəfərin səs verməsi üçün hər cür şərait yaradılmışdı. Günortaya yaxın burada artıq seçicilərin böyük bir hissəsinin məntəqəyə gəlib səs verdiyini öyrəndik.
Aşağı Qışlaq kəndindəki 5-19 saylı seçki məntəqəsində apardığımız müşahidələr isə ucqar dağ kəndində seçki prosesi üçün yaradıla biləcək ideal şəraitin səviyyəsindən xəbər verirdi. Məntəqəyə çatarkən bu fikirlərə burada öz müşahidələrini tamamlamış MDB müşahidə missiyasının nümayəndəsi, Rusiyanın Saratov şəhərindən olan və əslən azərbaycanlı Arif Hüseynov da şərik çıxdı. Müşahidəçi qeyd etdi ki, uzun illərdir, doğma Vətəndən uzaqda yaşayır. Ölkəmizdə, Naxçıvan Muxtar Respublikasının bu guşəsində gördüyü belə şərait, ucqarlarda yaradılmış sosial infrastruktur onu heyrətləndirib, adamların seçkilərdə göstərdiyi fəallıq bir həmvətən kimi onu məmnun edib. O, seçkilərin tam demokratik şəraitdə keçirildiyini bildirdi.
Növbəti seçki məntəqəsində – Badamlı qəsəbəsini əhatə edən 5-12 saylı seçki məntəqəsində də olduq. 407 nəfər seçicinin qeydə alındığı bu məntəqədə artıq günortaya yaxın seçicilərin 45 faizə qədəri öz səsvermə hüququndan istifadə etmişdi. Bunu məntəqə seçki komissiyasının sədri Hilal Paşayevdən öyrəndik. Məntəqədə səs vermiş qəsəbə sakini, müəllimə Nailə Kərimovadan bu seçkilərdən nə gözlədiyini soruşduq. Cavabında o: “Bizim üçün, Azərbaycan vətəndaşları üçün hər şeydən vacib sabitliyin əbədi olaraq bərqərar edildiyi bir cəmiyyətdə yaşamaqdır. Kim bunu təmin edə, gələcəyimizin qarantı ola bilirsə, ona da səsimi verdim”, – dedi.
Badamlı qəsəbəsindən ayrılıb 5-4 və 5-5 saylı seçki məntəqələrinin yerləşdiyi Sələsüz kənd tam orta məktəbinə də baş çəkdik. Burada seçki prosesini “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin “Exit-poll” nümayəndələrinin də izlədiyinə şahid olduq.
Günortadan sonra Şahbuz şəhərindəki 5-1 saylı seçki məntəqəsinə yenidən qayıdarkən budəfəki tanışlığımız ATƏT-dən olan müşahidəçilər ukraynalı Stanislav Proşko və almaniyalı Heininq Berntlə oldu. Məntəqədən ayrılan ATƏT müşahidəçiləri hər şeyin seçki gününün sonunda bəlli olacağını, ancaq indiyə qədər apardıqları müşahidələrdən müsbət təəssürat aldıqlarını bildirdilər, seçki proseslərinin yüksək səviyyədə təşkil edildiyinin və hər kəsin azad şəkildə səs verdiyinin göz önündə olduğunu vurğuladılar.
Axşam saatlarına yaxın nəticələri ümumiləşdirmək üçün redaksiyaya qayıdarkən dairə seçki komissiyasının sədrindən aldığımız son məlumatlar bu qənaətimizi bir daha təsdiq edir. Seçki komissiyasının sədri vətəndaşların seçkilərdəki fəallığının yüksək olduğunu və artıq saat 1900-a olan məlumata görə, dairə üzrə 29 min 936 seçicidən 24 min 637 nəfərin, yəni seçicilərin 82,30 faizinin səs verdiyini bildirdi.
Əli CABBAROV
Culfa rayonu
6 saylı Culfa-Babək Seçki Dairəsi 44 məntəqəni əhatə edir. Bunlardan 14-ü Babək rayonunda, 25 məntəqə Culfa rayonunda yerləşir. Digər 5 məntəqə isə seçkilərə 5 gün qalmış yaradılan məntəqələrdir. Ümumilikdə, 6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə 37 min 131 seçici qeydə alınmışdır ki, bunun 14 min 56 nəfəri Babək, 19 min 969 nəfəri isə Culfa rayonunda olan seçicilərdir. Biz Culfa rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələrində olduq. Rayonda prezident seçkilərinə nümunəvi hazırlıq görülmüşdür. Culfa rayonundakı seçki məntəqələrinin hər birində səsvermə mütəşəkkilliklə keçirilmişdir. Şəffaflığı təmin etmək məqsədilə 16, 17, 21, 22, 26 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı.
6 saylı Culfa-Babək Seçki Dairəsinin 6-15 saylı seçki məntəqəsində səhər saat 800-dən başlayaraq mütəşəkkillik müşahidə olunurdu. Seçicilər heç bir müdaxilə olmadan məntəqəyə yaxınlaşır, istədikləri namizədə sərbəst səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Anar Hüseynov:
– 1492 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Seçkinin başladığı ilk saatlardan insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusu müşahidə edilməyib. Müşahidəçilər və KİV nümayəndələri də sərbəst şəkildə seçki prosesini izləyirlər.
Seçicilər arasında gənc bir oğlan diqqətimi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir, səs verir. 18 yaşı yenicə tamam olub. Gənc seçici İbrahim Feyziyevin ürək sözləri:
– 18 yaşım var. Həyatımda heç zaman şəhərimizin küçələrini bugünkü kimi izdihamlı görməmişdim. Çox həyəcanlıyam. Məntəqədə əsl toy-bayram əhval-ruhiyyəsi vardır. Mənim kimi gənclər, ata-analar, ahıllar, bir sözlə, hamı böyük sevinc və fərəh hissilə məntəqəyə gələrək öz vətəndaşlıq borcunu yerinə yetirir. Mən də öz səsimi milyonların səsinə qataraq ölkəmizin xoşbəxt gələcəyinə səs verdim və bundan böyük qürur hissi duyuram. Öz Vətənimlə fəxr edirəm. Xoşbəxtəm ki, belə bir ölkədə yaşamaq mənə nəsib olub.
Seçki məntəqələrindən biri Culfa şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşirdi. 6-16 saylı məntəqə seçki komissiyasının sədri Tahir Əliyev seçkilərin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 634 nəfərin səs verdiyini bildirdi.
Bir sözlə, səsvermə prosesi öz qaydasında, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf və demokratik şəraitdə gedirdi. Ən çox diqqəti cəlb edən isə seçicilərin yüksək əhval-ruhiyyədə olması idi. Ona görə də onların ürək sözlərini dinləməyə üstünlük verdik. Seçici Qurji Valentina Andreyevna:
– Bu gün Vətənimiz və dövlətimiz üçün əlamətdar bir gündür. Biz ölkəmizin başçısını seçirik. Odur ki, bugünkü tədbirdə qürur və fərəhlə iştirak edirəm. Mən digər seçicilərin də bu günün əhəmiyyətini yaxşı dərk etdiklərini bilirəm. Hər kəs öz vətəndaslıq borcunu məmnuniyyət, eyni zamanda məsuliyyət hissilə yerinə yetirir.
Seçici Lyubov Haqverdiyeva isə təəssüratını belə ifadə etdi:
– Çox sakit və rahatlıqla məntəqəyə daxil olaraq səs verdik. Heç bir narahatlığa və qanun pozuntusuna rast gəlmədim. Bir seçici kimi məni budəfəki seçki prosesi də tam qane edir. Şükürlər olsun, artıq elə bir dövrə yetişdik ki, seçici sərbəst şəkildə, kənardan heç bir müdaxilə olmadan, qutuya öz iradəsini ifadə edən bülleteni atır. Zənnimcə, bu, demokratiya göstəricisi olaraq insan hüquqlarına və onun səsinə hörmətin ən yüksək formasıdır.
Culfa şəhərindəki 6-19 saylı seçki məntəqəsində də böyük izdiham var idi. Seçici Vidadi Abbasov seçki prosesinin çox yüksək səviyyədə keçdiyini qeyd edərək bildirdi ki, insanlar dəstə-dəstə məntəqələrə gələrək heç bir müdaxilə ilə rastlaşmadan öz layiqli namizədinə sərbəst şəkildə səs verirlər. Onu da deyim ki, bu seçki ötən seçkilərdən çox fərqlənir. İnsanlar gülərüzlə, ailəvi olaraq məntəqələrə gəlirlər. Bax bu fakt seçkinin demokratik, şəffaf və ədalətli keçirildiyindən xəbər verir.
Rayonun Ərəzin, Əbrəqunus, Kırna və Göydərə kənd tam orta məktəb binalarında yerləşən 6-21, 6-22, 6-23, 6-27 saylı seçki məntəqələrində də seçicilər yüksək fəallıq nümayiş etdirir, hər kəs öz layiqli namizədinə səs verirdi. Onu da qeyd edək ki, olduğumuz seçki məntəqələrində sağlamlıq imkanları məhdud olan seçicilərin də səsvermədə iştirak etməsinə əlverişli şərait yaradılmışdı. Belə ki, 6-21 saylı seçki məntəqəsində 22, 6-22 saylı seçki məntəqəsində isə 14 nəfər seçicinin ünvanına daşınan qutu aparılaraq onların səsvermədə iştirakı təmin edilmişdir.
Kərəm HƏSƏNOV
* * *
Sədərək rayonu
9 oktyabr prezident seçkiləri Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrindən biri olan Sədərək rayonunda da yüksək əhval-ruhiyyə ilə keçirilib. 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin bu rayonda 7 məntəqəsi fəaliyyət göstərirdi. Əvvəlcə onu qeyd edək ki, adıçəkilən dairə seçki komissiyası tərəfindən seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün seçki məntəqələrinin hamısında bütün hazırlıq işləri uğurla başa çatdırılmışdı. Məntəqələrin hamısı zəruri avadanlıq və materiallarla təmin edilmiş, elektriklə bağlı yarana biləcək hər hansı bir problemin vaxtında həll edilməsi üçün generatorlar qoyulmuşdu.
1-1 saylı seçki məntəqəsi Sədərək rayonunun mərkəzi olan Heydərabad qəsəbəsindəki tam orta məktəbdə yerləşir. Digər məntəqələrdən fərqli olaraq, burada həm də veb-kamera quraşdırılmışdı. Sərhəd bölgəsinin sakinləri sübh tezdən seçki məntəqəsinə böyük ruh yüksəkliyi ilə gəlirdilər. Hər kəs bu əlamətdar gün münasibətilə bir-birinə arzularını çatdırır, xalqımızın daha firavan günlərə qovuşmasını diləyirdi.
Məntəqədə seçkilərin mütəşəkkil və qayda-qanuna uyğun şəkildə keçirildiyi ilk andan diqqəti cəlb edirdi. Əvvəlcə seçicilərin barmağı ultrabənövşəyi lampa ilə yoxlanıldıqdan sonra onlar ikibir, üçbir içəri keçib, seçici siyahısındakı sıra sayını deyərək şəxsiyyət vəsiqəsini təqdim edirdilər. Məntəqə üzvü isə qarşısındakı seçici siyahısında şəxsiyyət vəsiqələrinin seriya və nömrələrini qeyd etdikdən sonra seçicilərə imza etdirib seçki bülleteni verirdi. Növbəti mərhələdə onların barmaqlarına gözəgörünməz mürəkkəb vurulurdu. Sonra isə hər kəs səsvermə kabinələrinə keçib seçdiyi namizədə səs verirdi. Adıçəkilən seçki məntəqəsində 1494 seçici qeydə alınmışdı. Saat 10-da artıq məntəqədə 358 nəfər səs vermişdi. Öz təşəbbüsü ilə müstəqil müşahidəçi qismində iştirak edən Ramazan Cəfərovun fikrincə, məntəqədə seçkilər yüksək səviyyədə təşkil olunub, seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Bütün seçki prosedurlarına düzgün və dəqiq riayət olunur.
Məntəqənin həyətində yaşlı bir kişiyə yaxınlaşıb özünü təqdim etməsini xahiş edirik. Bu, Heydərabad qəsəbə sakini, 74 yaşlı Sadıx Qasımovdur. Tanışlıq zamanı şəhid atası olduğu məlum olur. Ondan seçki barədə fikrini soruşuruq:
– Səs verdiyimiz məntəqədə hərtərəfli şərait var. Mən də tam sərbəst şəkildə səs verdim. Seçki qaydalarına ciddi riayət olunur. Arzumuz budur, hər zaman firavanlıq olsun, ölkəmiz daha da güclənsin. Ümid edirəm ki, xalqımız öz seçimini düzgün edəcək.
1 saylı seçki məntəqəsində görüşdüyümüz İntizar Abbasov və Ayxan Allahyarov isə ilk dəfə olaraq seçici hüquqlarından istifadə edirdilər:
– İlk dəfə olaraq seçkilərdə iştirak edirəm. Mənim üçün bu prosesi görmək çox maraqlı idi, – deyə Ayxan Allahyarov bildirir. Bir gənc olaraq düşünürük ki, daha yaxşı gələcəkdə yaşamaq bizim də haqqımızdır. Azərbaycanın bugünkü inkişafı göz qabağındadır. Müasirləşmə, inkişaf və tərəqqi bu gün qapılarını tam olaraq üzümüzə açıb. Ona görə də biz bu inkişafın davamlı olmasını, daimi olmasını istəyirik. Bizim hər ikimizin – əli ilə yoldaşını göstərir – namizədi eyni şəxsdir və biz heç bir fikirayrılığı olmadan öz namizədimizə səs verdik.
Qəsəbə sakinlərindən Cəfər Əliyev, İsgəndər Quliyev də seçkilərin gedişindən razılıqlarını bildirdilər.
Ümumiyyətlə, vurğulamaq lazımdır ki, rayon sakinləri səsvermədə böyük ruh yüksəkliyi ilə iştirak edir və kütləvi şəkildə məntəqələrə tərəf axışırdılar. Sədərək kənd 1 nömrəli tam orta məktəbdə yerləşən 4 saylı seçki məntəqəsi ətrafında da böyük qələbəlik idi. Məntəqə seçki komissiyasının sədri Kamran Qasımovun verdiyi məlumata görə, burada 1468 seçici qeydə alınıb. Saat 11-də məntəqədə olduğumuz zaman artıq 400 nəfər səsvermədə iştirak etmişdi. Sədərək kəndinin qocaman müəllimlərindən olan Yusif Qasımov fikirlərini bizimlə bölüşdü:
– Bir vətəndaş kimi demək istəyirəm ki, məntəqələrimizdə şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mən də seçdiyim namizədə səs verdim. Müəllim olduğuma görə hər zaman haqq-ədalətin yanında olmuşam. Şagirdlərimə də həyatda düzgün olmağı öyrətmişəm. Bu gün ölkəmiz, muxtar respublikamız güclü inkişaf yolundadır. Sabitlikdir, bir zamanlar burada – ətrafı göstərir – silah səsindən qulaq tutulurdu, gecələr evimizdə rahat yata bilmirdik. Ancaq indi, şükürlər olsun, sabitlikdir. İnşallah, bu sabitlik, bu inkişaf getdikcə daha da artacaqdır. Azərbaycanın gələcək inkişafı yalnız bu yoldur.
Seçicilərdən Vüsalə Əliyeva, Telman Zeynalov, Yalçın Bayramzadə, 90 yaşlı Heydər İsmayılov da muxtar respublikanın hərtərəfli inkişafının onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd etdilər, buna görə də yüksək əhval-ruhiyyə ilə səsverməyə gəldiklərini bildirdilər.
Sədərək rayonunda yerləşən digər seçki məntəqələrində də olduq, müşahidələr apardıq. Sədərək kəndindəki rayon Uşaq Musiqi Məktəbində yerləşən 1-3 saylı, Tikiş fabrikinin binasında yeləşən 1-5 saylı, Qaraağac kənd tam orta məktəbində yerləşən 1-6 saylı seçki məntəqələrində də əhalinin fəallığı yüksək idi.
1-3 saylı seçki məntəqəsində 1444 nəfər səs verəcəkdi. Saat 10-dək 361 nəfər səsvermədə iştirak etmişdi. 1-5 saylı seçki məntəqəsində 1143 nəfər seçicidən həmin saatadək 266 nəfər, 1-6 saylı seçki məntəqəsində isə 1455 nəfər seçicidən 420 nəfəri saat 11-dək səsvermədə iştirak etmişdi. Səsvermədən sonra görüşüb söhbətləşdiyimiz sakinlər də seçkilərin azad, sərbəst, şəffaf keçməsi haqqında fikirlərini bizimlə bölüşdü. 1-6 saylı seçki məntəqəsinin ilk dəfə səs verən seçicilərindən İslam Əliyev və Nərminə Heydərova sərhəd bölgəsi olan Sədərək rayonunun inkişafından – burada tikilmiş müxtəliftəyinatlı binalardan, təhsil, səhiyyə və mədəniyyət müəssisələrindən, rayon və kənddaxili rahat yolların salınmasından danışdılar. Qeyd etdilər ki, biz səsimizi məhz bu inkişafa, bu tərəqqiyə vermişik.
Bir sözlə, müşahidələrimiz prezident seçkilərinin bu sərhəd bölgəsində uğurla keçirildiyini, əhalinin dövlət əhəmiyyətli bu mühüm məsələyə diqqətlə yanaşdığını göstərdi.
Səbuhi HƏSƏNOV