22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Biz bütün bu çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq.
Xalqların azadlığını, ölkələrin müstəqilliyini qiymətləndirmək üçün çoxsaylı müdrik ifadələr səsləndirilib, min illər yaşayacaq kəlamlar ərsəyə gəlib. Müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə və müxtəlif aqillər tərəfindən söylənilən həmin aforizmlərin hamısı dəyərlidir. Ancaq ötən əsrin görkəmli şəxsiyyətlərindən olan hind dövlət və ictimai xadimi Mahatma Qandinin bir ifadəsi bizim bugünkü mövzumuzla daha çox üst-üstə düşür. O söyləyib ki, “qartalın dağdakı ən uca yüksəklikləri belə, fəth etməsinin əsas səbəbi təkcə onun güclü qanadları və ya qətiyyəti, iradəsi deyil. O eyni zamanda azad olduğuna görə zirvələri fəth edə bilir. Əks təqdirdə qəfəsdəki qartal da digər quşlar kimi “uğursuz” olur”. Azərbaycan xalqının bir əsrdə iki dəfə öz dövlət müstəqilliyinə qovuşmasıyla yaşadığı xoşbəxtliyin miqyasını düşünəndə böyük hind mütəfəkkirinin yuxarıda qeyd etdiyimiz fikrinin məna yükü barədə əsl təəssürat yaranır.

Müstəqilliyin qorunub saxlanılması onun əldə olunmasından qat-qat çətin məsələdir. Bunun üçün vahid siyasi lider və milli ideologiya olmalıdır. Milli ideya olmadan, müstəqilliyə möhkəm zəmin yaradılmadan azadlığın qorunub saxlanılması mümkün deyildir.
Xalqların formalaşma və tarixi təkamül prosesində müəyyən mütərəqqi fikir və ideyalar səfərbəredici amilə çevrilir, onun gələcək tərəqqisinə etibarlı ideoloji, siyasi, mənəvi-iqtisadi zəmin hazırlayır. Cəmiyyətdə həlledici çoxluğun qəbul etdiyi, bölüşdüyü belə ideya və dəyərlər son dərəcə vacib olan məqsədlərin həyata keçirilməsinə imkan yaradır. Bu mənada, milli ideyası olmayan xalqın nəinki mütərəqqi inkişaf yolundan, ümumiyyətlə, mövcudluğundan danışmaq çətindir. Milli ideya dövlətlərin davamlı yüksəlişi yolunda, bir növ, mayak rolunu oynadığı üçün bunsuz inkişafı təmin edən milli müstəqillik və dövlətçilik konsepsiyasını da gerçəkləşdirmək mümkün deyildir. Azərbaycan xalqının vahidliyini təmin edən milli müstəqillik ideyasının praktik həyata vəsiqə alaraq reallaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənada, hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də budur ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyimizin təməli qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sözləri ilə ifadə etsək: “Siyasi iradə olmadan milli azadlıq hissləri özlüyündə heç bir nəticə verə bilməz. Konkret məqsədə hesablanmış belə bir fəaliyyət praktikası isə ötən əsrin 70-ci illərindən etibarən özünü göstərməyə başladı. Onun kökündə Azərbaycan naminə fəaliyyət, Azərbaycançılıq ideologiyası əsasında xalqın milli-mənəvi potensialının səfərbərliyə alınması, gələcək müstəqil dövlət üçün möhkəm iqtisadi bazanın yaradılması dayanırdı”.
Ümummilli liderimiz 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən tədbirləri “taleyüklü tədbirlər” adlandıraraq demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”. Bu gün tam əminliklə demək olar ki, 1969-1982-ci illərdə görülən işlər, tədbirlər ona görə taleyüklü xarakter daşıyırdı ki, onlar zamanı xeyli qabaqlayaraq ölkənin gələcəyini, müstəqil dövlətçilik dövrünü nəzərdə tuturdu. 22 il bundan əvvəl – 1991-ci il oktyabrın 18-də elan olunan dövlət müstəqilliyimizin təməli, əslində, ötən əsrin 70-80-ci illərində qoyulmuşdu.
Ötən əsrin əvvəllərində – müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək olan dövrdə dövlət müstəqilliyi nəinki möhkəmləndirilmiş, əksinə, Azərbaycan qısa müddətdə bu müstəqilliyi əldən vermək təhlükəsi ilə üz-üzə qalmışdı.
Tarix dəfələrlə sübut etmişdir ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dövlət müstəqilliyi o yerdə davamlı olur ki, birincisi, xalq bu müstəqilliyin qorunması üçün siyasi iradə göstərsin; ikincisi, xalqın milli iradəsi vahid lider ətrafında birləşsin. Azərbaycan xalqının bəxti onda gətirmişdir ki, dövlət müstəqilliyimizin birinci mərhələsində olduğu kimi, onun ikinci mərhələsinin əvvəllərində müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını həyata keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyimizin ilk illəri barədə danışarkən demişdir: “Müstəqilliyimizin ilk illərində ölkədə mürəkkəb proseslər cərəyan edirdi, vətəndaş müharibəsi baş vermişdi. Təsəvvür edin ki, müstəqilliyimiz nə qədər böyük sual altında idi. Bu səbəbdən vəziyyəti sabitləşdirmək, ölkəni müasir və demokratik dövlətə çevirmək üçün böyük səylər lazım idi, regional nüfuzumuz gücləndirilməli idi. Bu gün tariximizə nəzər salsaq, görərik ki, biz bütün bu çətinliklərin və problemlərin öhdəsindən gələ bilmişik və Azərbaycan vətəndaşlarının qürur duya biləcəyi bir dövlət yaratmışıq”.
Dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycanda müstəqilliyin əldə olunmasının ilk konturları ötən əsrin 70-80-ci illərində cızılsa da, onun açıq şəkildə həyata keçirilməsinə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi illərdə başlanılmışdır.
1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoymuş, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilmişdi. Ümummilli liderimizin rəhbərliyi ilə keçən muxtar respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüş, ali qanunverici və icra hakimiyyəti orqanlarının – Ali Məclisin və Nazirlər Kabinetinin adları dəyişdirilmiş, sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradılmışdı. Muxtar respublika parlamentinin qərarları ilə kommunist partiyasının fəaliyyəti dayandırılmış, kolxoz və sovxozlar ləğv edilmiş, aqrar islahatlar keçirilmiş, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulmuşdu. O dövrdə Azərbaycana rəhbərlik edənlər dövlət müstəqilliyinin formal mahiyyəti ilə kifayətlənərək Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, möhtərəm Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina etmiş, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılmış, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilmişdi.
Ölkə Prezidenti cənab İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.
Göründüyü kimi, 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı olmuşdur. Şübhəsiz ki, bu mübarizənin mərkəzində ulu öndər Heydər Əliyev dayanırdı. Onun bənzəri olmayan vətənpərvərliyi, siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olmuş, ölkəmiz, sözün həqiqi mənasında, tam müstəqilliyə qovuşmuşdur.
Dövlət müstəqilliyimizin 1993-cü ildən 2003-cü ilədək olan dövrü böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında keçmişdir. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən ümummilli liderimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir. Bütün ömrü boyu həyatının mənası bildiyi Azərbaycanı müstəqil dövlətə çevirmək ulu öndərimizin ən böyük arzusu, onun məhsuldar siyasi fəaliyyətinin ən mühüm yekunu və məntiqi nəticəsidir. O, bu yola Azərbaycanda siyasi fəaliyyətinin birinci dövründə, 1969-cu ildən başlamış və bu şərəfli missiyanı ölkəmizdə ali hakimiyyətinin ikinci dövründə uğurla başa çatdırmış, müstəqilliyi Azərbaycanın bugünkü və gələcək nəsillərinə ərməğan etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın müstəqillik hərəkatı cismani varlıq kimi götürülsə, ümummilli liderimizin siyasi fəaliyyəti onun hərəkətverici qüvvəsi və mənəvi ruhudur. Bu ruh, mənəvi qüvvə Azərbaycanı sonu görünməyən bəlalardan qurtarmış, xalqın siyasi iradəsini vahid ideya – Azərbaycançılıq ideologiyası uğrunda mübarizəyə yönəltmişdir”.
İqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi müstəqilliyini təmin edə, onu qoruyub saxlaya bilməz. 1993-cü ildən başlanan inkişaf və tərəqqi dövrü Heydər Əliyev siyasi xəttinin real iş və əmələ əsaslandığını bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi kurs müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaq və müstəqilliyimizi qorumaqdır. Bu, yaxın perspektiv üçün müstəqil dövlətimizin qarşısında duran ən başlıca məqsədlərdən biridir. Dövlət başçısının dediyi kimi: “Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf pro­qramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: biz inkişaf etmiş ölkəyə çevrilməliyik!”
Dövlət başçısının rəhbərliyi altında ötən 10 ildə həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət etmişdir. Bu gün ölkəmizdə hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən islahatlar uğurla davam etdirilir. Artıq Azərbaycan beynəlxalq aləmdə 155 ölkənin dəstəyini qazanan, BMT Təhlükəsizlik Şurasına üzv olan və ona rəhbərlik edən, Qoşulmama Hərəkatında 120 dövlətin dəstəyini alan dövlətdir. “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə bir sıra uğurlu infrastruktur layihələri gerçəkləşdirilmiş, bir milyondan artıq yeni iş yeri açılmış, iqtisadiyyat bir neçə dəfə artmış, yoxsulluq azalmış, büdcəmiz artmış, nəticədə, maaşlar, pensiyalar dəfələrlə qaldırılmış, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşdırılmışdır.
Azərbaycan 22 ildir, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik dövründə muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Əldə olunanlar dövlət müstəqilliyinin bəhrələridir.

Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, dövlət müstəqilliyimizi göz bəbəyi kimi qorusun. Çünki müstəqilliyimiz bizim ən dəyərli milli sərvətimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil yaşasın”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR