Xəbər verdiyimiz kimi, hərb tariximizin məşhur simalarından biri – Kəngərli generalı Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150-ci ildönümü münasibətilə muxtar respublikamızın müxtəlif hərbi hissələrində yubiley tədbirləri keçirilir. Belə tədbirlərdən biri dünən Kəngərli rayonunun Mədəniyyət Evində keçirilib.
Tədbiri Naxçıvan Qarnizonunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açaraq tədbirin mahiyyəti haqqında məlumat verib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək Kəngərlilər nəslinin tanınmış nümayəndələri haqqında danışıb, Hüseyn xan Naxçıvanski kimi məşhur generalların irsinin gənc nəslin vətənpərvərlik tərbiyəsində rolundan bəhs edib. Qeyd olunub ki, Hüseyn xan Naxçıvanskinin həyatı, keçdiyi qısa, lakin şərəfli ömür yolu bu torpağı bir daha qəhrəmanlar yurdu kimi tanıdır. O, şücaətinə görə müxtəlif orden və medallarla təltif edilib, hərbçi kimi yüksək nüfuzu isə onu təkcə çar Rusiyasında deyil, digər dövlətlərdə də tanıdıb.
Adıçəkilən institutun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı isə çıxışında Hüseyn xan Naxçıvanski kimi hərbçi oğullarımızın həyat və fəaliyyətinin hərtərəfli tədqiqi, onların geniş şəkildə təbliğ olunması üçün gözəl şəraitin yaradıldığını bildirib, Milli Ordumuzun əsgər və zabitlərinə məşhur generalın ömür yolunu örnək olaraq göstərib.
Sonra məşhur general Hüseyn xan Naxçıvanskinin həyatı və keçdiyi döyüş yolu haqqında Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini Lalə Hüseynovanın, muzeyin elmi işçiləri Nuranə Nəcəfova və Gülşən Hüseynovanın, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyevin məruzələri dinlənilib.
Tədbirdə Hüseyn xan Naxçıvanski haqqında film nümayiş etdirilib.
Məşhur hərbçinin yubileyi “Naxçıvan” Sərhəd Diviziyasında da qeyd olunub.
Xəbərlər şöbəsi