Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir.
“Qurban” sözü “yaxınlaşmaq” deməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır.
Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. Qurban bayramı eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir.
Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə Həcc ziyarəti dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Milli-mənəvi dəyərlərə və ənənələrə ehtiramla yanaşılan Azərbaycanda Qurban bayramı da hər il böyük təntənə ilə qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək demişdir: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Milli-mənəvi, islami dəyərlərin qorunması və təbliğinə ciddi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlar arasında həmrəyliyin və saflaşmanın bərpa olunmasında bu bayramın rolunu yüksək qiymətləndirmiş, Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq Yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmağın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir”.
Qurban bayramı muxtar respublikamızda da geniş qeyd edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından qurbanlar kəsilərək paylanılmışdır.
Oktyabrın 16-da muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, eləcə də bütün rayonlarda bayram namazı qılınmış, Allahın adına qurbanlar kəsilmiş, xalqımızın və dövlətimizin əmin-amanlığı, firavanlığı üçün dualar oxunmuşdur.
Naxçıvan şəhərindəki Heydər məscidində Qurban bayramı münasibətilə keçirilən mərasimdə qeyd olunmuşdur ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Onlardan biri də müqəddəs Qurban bayramıdır. Bu mübarək bayram dinimizin bir sıra fəzilətlərini özündə əks etdirir. İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını qismən də olsa, ödəməsi xeyirxahlığın təzahürüdür. Ölkəmizdə digər bayramlar kimi, Qurban bayramının da dövlət səviyyəsində qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz siyasi fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərimizi zənginləşdirən bayramların qeyd edilməsinə qayğı ilə yanaşmışdır.
Bayram namazı qılındıqdan sonra qurban əti paylanılmışdır.
“Cümə”, “Pirqəmiş”, Kazım Qarabəkir Paşa məscidlərində də bu bayram milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin ifadəsi kimi qeyd olunmuş, məscidlərdə qurban əti paylanılmışdır.
Müqəddəs bayram günündə xəstələr, ahıllar da yaddan çıxmamışdır. Naxçıvan Hərbi Hospitalında, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri və Psixi Xəstəliklər dispanserlərində müalicə olunanlara, Naxçıvan şəhərinin müxtəlif məhəllələrində yaşayan tənha ahıllara da qurban əti paylanılmışdır.
Naxçıvan Dövlət Universitetinin yataqxanasında yaşayan tələbələr, Şahbuz Ahıllar evinin sakinləri də unudulmamışdır.
Qurban bayramı əsl təntənəyə çevrilmiş, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılamışdır.
“Şərq qapısı”