Oktyabr ayının 9-da müstəqil Azərbaycan Respublikasının tarixində sayca 7-ci prezident seçkiləri keçirildi. Bəri başdan qeyd edək ki, bu seçkilər də ölkəmizin siyasi demokratikləşmə mərhələsinə növbəti töhfə oldu.
On namizəd arasında gedən seçkiqabağı mübarizə kampaniyasında prezidentliyə namizədlər öz seçki platformalarından, cəmiyyətin və dövlətin gələcəyi ilə bağlı görüşlərindən danışaraq seçiciləri özünün daha layiqli dövlət başçısı olacağına inandırmağa çalışdı. Lakin xalqımızın böyük əksəriyyəti bir daha pafoslu siyasi vədlərə aldanmayaraq Azərbaycan cəmiyyətinin, dövlətçiliyinin taleyini naşılara, səriştəsizlərə, keçmişi sabit olmadığı kimi, gələcək fəaliyyəti də qeyri-müəyyən olanlara etibar etmədi, müstəqil Azərbaycan dövlətinin varisliyini, üfüqdə aydın görünən gələcək inkişafını, son 20 ildəki uğurlarının davamını dəstəklədi. Son dörd seçkidə olduğu kimi, bu dəfə də xalqımız özünün və ölkəmizin gələcəyi üçün son dərəcə taleyüklü hadisə olan prezident seçkilərində düzgün seçim edərək növbəti dəfə milli dövlətçiliyin inkişafına – Heydər Əliyev yoluna səs verdi, öz taleyini yenidən Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etibar etdi.
Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədindən başqa digər namizədlər, xüsusən radikal müxalifət düşərgəsinin nümayəndəsi öz seçki kampaniyalarını real olmayan bəlağətli vədlər və heç bir normal prinsiplərə söykənməyən qarışıq, natamam və qeyri-real vədlər, patetik şüarlar üzərində qurdular. Halbuki artıq kifayət qədər siyasi dünyagörüşü olan Azərbaycan seçicisinə özünü rəhbər layiq bilən namizədlər ölkənin aydın görünən inkişaf istiqamətlərini, heç olmasa, nəzəri olaraq özündə əks etdirən siyasi platformalar təqdim etməyə, sadəcə, borclu idilər. Seçiləcəkləri təqdirdə, xalqa hansısa dəyişikliklərdən bəhs edən seçki marafonçuları, görünür, Azərbaycan cəmiyyətinin arzuladığı köklü dəyişikliyi hələ 1993-cü ildə etdiyini belə, tez unutmuşlar. Xalq indiki halda əvvəlki illərdə özülü qoyulan fundamental siyasətin yeni-yeni bəhrələrini görmək arzusundadır və bu arzusunun həyata keçməsi üçün cənab İlham Əliyevin şəriksiz liderliyini çoxdan qəbul etmişdir.
Üstəlik, radikal müxalifətin adı mahiyyəti ilə qətiyyən uyğun gəlməyən “Milli Şura”sının namizədi və bu amorf qurumda təmsil olunan radikallar seçki kampaniyası başlayan ilk andan ənənəvi olaraq üzlərini onları özünə rəhbər seçəcək xalqa deyil, əvvəlcə şimala, sonra isə qərbə tutdular. Onsuz da cəmiyyətdə elektoral baxımdan ciddi sayıla biləcək sosial bazaya malik olmayan radikal müxalifət bununla növbəti dəfə öz qeyri-milli simasını özü ifşa etmiş oldu. Siyasi təbliğatını fəaliyyətdə olan dövlət başçısına iftira və böhtan atmaqla quran, ötən əsrin 90-cı illərinin əvvəllərindəki qeyri-sivil siyasi əxlaqı yenidən nümayiş etdirən amoralist radikal müxalifət və onun namizədi xaricdən ixrac ediləcək hansısa rəngli inqilablara ümid etdiyini bütün fəaliyyəti boyu gizlətmədi.
Lakin Azərbaycanda xaos, rəngli inqilablar arzulayanların öz xarici havadarlarının dirijor çubuğu ilə göstərdikləri bütün cidd-cəhdlərə baxmayaraq, Heydər Əliyev yolunun alternativsizliyi, dönməzliyi özünü gündən-günə daha bariz şəkildə göstərir.
Ölkənin gələcək taleyi baxımından son dərəcə taleyüklü hadisə olan prezident seçkilərinə aylarla, illərlə hazırlaşmaq, mütəmadi olaraq cəmiyyətlə işləmək lazım olduğu halda, seçki marafonuna namizəd kimi qoşulanların bir çoxu üçün bu hadisə yalnız 2 aylıq siyasi sınaq xarakteri kəsb etdi. Bu baxımdan yeganə namizəd məhz cənab İlham Əliyev idi ki, hələ prezident seçkilərinə on ay qalmış – 2012-ci il dekabrın 29-da təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda bundan sonrakı ən yaxın perspektivdə ölkəmizin inkişafının bütün optimal inkişaf istiqamətlərini kamil şəkildə müəyyənləşdirərək həmin konsepsiyanı mühüm dövlət sənədi kimi Azərbaycan cəmiyyətinə təqdim etmişdi. Həmin konsepsiyada dünyada və ölkədə mövcud vəziyyət, müasir çağırışlar sintez şəklində təhlil edilmiş, 2020-ci ilədək olan dövrdəki strateji baxışlar və əsas prioritetlər düzgün müəyyənləşdirilmiş, yüksək rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğunun müxtəlif sahələri üzrə inkişaf prinsipləri işlənib hazırlanmışdır. Bu mühüm milli dövlətçilik konsepsiyasında ölkəmizin və cəmiyyətimizin inkişafı ilə bağlı elə bir sahə yoxdur ki, onun gələcək təkamülü prosesi, bu prosesin elmi-siyasi və nəzəri-əməli əsaslarının müəyyənləşdirilməsi diqqətdən kənarda qalsın. Xalqımız öz müdrikliyini nümayiş etdirərək məhz bu konsepsiyanın reallaşdırılmasına, onu həyata keçirə biləcək yeganə şəxsə səs verdi.
Başqa sözlə, xalq cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə praqmatik, çevik, rasional, cəsarətli və qətiyyətli, verdiyi hər bir vədə sadiq qalaraq onu ən qısa zamanda həyata keçirən görkəmli dövlət xadimi olduğuna inamını yenidən isbatladı. Azərbaycan Prezidentinin xarizmatik portretinin təvazökarlığını və xəlqiliyini şərtləndirən ən başlıca cəhət isə budur ki, o, məhz özünün yürütdüyü müdrik siyasət nəticəsində əldə edilən bütün uğurları və nailiyyətləri yalnız Azərbaycan xalqının adı ilə bağlayır və bəyan edir ki, bütün nailiyyətlər məhz xalqımızın gücü, zəkası, iradəsi və müdrikliyi sayəsində mümkün olub. Cənab İlham Əliyev Azərbaycan dövlətinə rəhbərliyi dövründə özünün cahanşümul fəaliyyəti ilə optimal prezidentlik etalonunu yaradıb.
Xalq cənab İlham Əliyevə növbəti dəfə etimad göstərməklə, əslində, sözün tam mənasında, Azərbaycan dövlətçiliyinin mövcudluğuna səs verdi. 1993-2003-cü illərdə müstəqil dövlətçiliyin zəruri əsaslarını yaradan, Azərbaycanı dünya dövlətləri sırasına çıxaran, onun gələcək inkişafının bütün istiqamətlərini işləyib hazırlayan ümummilli lider Heydər Əliyevin milli dövlətçilik konsepsiyasını zənginləşdirən, yeniləşən siyasi zamanın tələbatına uyğun praqmatik siyasətlə və novatorcasına həyata keçirən cənab İlham Əliyev öz liderlik fəaliyyəti ilə yalnız Prezident kimi Azərbaycan dövlətçiliyinin simvolu olmaqla qalmadı. Eyni zamanda yürütdüyü dönməz və qətiyyətli müstəqil siyasətlə ulu öndərimizin nümunəsində bilavasitə milli müstəqilliyimizin başlıca qarantına və rəmzinə çevrildi.
2003-2013-cü illər məhz cənab İlham Əliyevin liderliyində ölkəmizin müstəqilliyinin daha da möhkəmləndirilməsi, xalqın rifah halının yüksəldilməsi baxımından çox mühüm və səmərəli bir mərhələ oldu. Bu dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artdı və dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil oldu, müasir infrastruktur quruldu, iqtisadiyyatın diversifikasiyası reallaşdırıldı. Dövlət büdcəsi bu illərdə 20 dəfə artaraq 25 milyard ABŞ dollarına çatdı. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 6 faizə endi. 910 mini daimi iş yeri olmaqla, 1,2 milyon yeni iş yeri yaradıldı və bu proses hazırda davam etməkdədir. Azərbaycan iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyuldu (bu həm də ölkəmizdəki ictimai-siyasi sabitliyin mühüm göstəricisidir), ölkənin strateji valyuta ehtiyatları 49,4 milyard dollara çatdı. Son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikildi və ya təmir edildi, 35 olimpiya-idman kompleksi inşa olundu. Pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artdı. Bu il regionların sosial-iqtisadi inkişafını əhatə edən ikinci dövlət proqramının icrası başa çatır, 2014-cü ildə üçüncü proqramın icrasına başlanılacaqdır.
Artıq iqtisadiyyatda özəl sektorun çəkisi 83 faizə yüksəlib. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya sahib olub. Ölkəmiz iqtisadiyyatının artım tempinə görə 2006-cı ildən başlayaraq dünyada ilk yerlərdə dayanır. Davos Ümumdünya İqtisadi Forumu qlobal rəqabətlilik üzrə hesabatında Azərbaycan iqtisadiyyatını rəqabətə davamlılıq baxımından 148 ölkə arasında 39-cu elan edib. Azərbaycan bu gün öz iqtisadiyyatına böyükhəcmli kapital qoyuluşu ilə yanaşı, xarici ölkələrdə də nəhəng iqtisadi layihələri reallaşdıran, öz strateji müttəfiqlərinə kredit verən donor ölkəyə çevrilib.
Ölkəmiz 2008-ci ildən başlayaraq hələ də davam edən beynəlxalq maliyyə böhranından son dərəcə effektiv sosial-iqtisadi siyasətlə nəinki xilas oldu, hətta bu böhran illərində belə, öz iqtisadiyyatını inkişaf etdirdi və artırdı. Yalnız bu faktı xatırlatmaq kifayətdir ki, 2013-cü ilin ötən dövründə Avropada işsizlik rekord həddə çatdığı halda, Azərbaycanda 90 min yeni iş yeri açılıb. Son illərdə Azərbaycanda ilk dəfə hərbi sənaye komplekslərinin yaradılması müharibə vəziyyətində olan və ərazisinin 20 faizi işğal edilmiş ölkəmizin silah idxalından asılılığını xeyli azaltdı. Azərbaycanın müdafiə sənayesi hazırda 750 adda məhsul istehsal edir.
1994-cü ilin sentyabr ayında Əsrin müqaviləsinin imzalanması ilə yeni neft strategiyasının əsası qoyulub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi mühüm transmilli layihələrin reallaşdırılması Azərbaycanın çox uğurlu bir enerji siyasəti yürütdüyünün göstəricisidir. Bu siyasət o qədər inkişaf etdi ki, 2012-ci ilin iyununda TANAP (Trans Anadolu Qaz Boru Kəməri) və 2013-cü ilin fevralında TAP (Trans Adriatik Qaz Boru Kəməri) kimi nəhəng enerji layihələrinə imza atıldı. XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək bu layihələrin reallaşdırılması ilə Azərbaycan Qərbi Avropanın aparıcı dövlətlərinin on ildən bəri müzakirə etdiyi, lakin yekun qərara gələ bilmədikləri Nabucco-West layihəsinin ən azı bir müddət üçün (bəlkə də həmişəlik) tarixin arxivinə göndərilməsini şərtləndirdi. Çünki əvvəllər cidd-cəhdlə Nabucco layihəsini dəstəkləyən ölkələrin böyük əksəriyyəti hazırda TAP layihəsinin tərəfdarı kimi çıxış edir. Başqa sözlə, məhz Azərbaycanın mövqeyi hazırda Avropanın enerji siyasəti üçün həlledici oldu ki, bu da ölkəmizin beynəlxalq aləmdə oynadığı rolun ən bariz nümunəsidir. Hazırda Azərbaycan neft və neft məhsullarını dünyanın 30-dək ölkəsinə ixrac edir. Bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin 25-30 faiz təşkil etməsi ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində artan rolunun göstəricisidir.
Cənab İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə ölkənin yol-nəqliyyat infrastrukturunu inkişaf etdirmək istiqamətində həyata keçirdiyi geniş tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində (TRACECA) Azərbaycanın mühüm tranzit ölkəsi kimi əhəmiyyətini daha da artırıb. Bir başqa adı Böyük İpək Yolu olan bu beynəlxalq nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində yük və sərnişin daşımaları 2004-cü ildən etibarən ilbəil artmağa başladı. Azərbaycan həm tranzit ölkə kimi mövqeyini gücləndirdi, həm də mühüm strateji mövqe qazanmış oldu. Asiyanı Avropa ilə birləşdirəcək nəhəng strateji nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi də başa çatmaq üzrədir.
Azərbaycan 2011-ci ilin oktyabr ayında BMT Baş Məclisinin plenar iclasında 155 dövlətin dəstəyini alaraq 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Ötən ilin may ayında bu mötəbər beynəlxalq quruma sədrlik edən ölkəmiz bu il oktyabr ayının 1-dən yenidən bu missiyanı həyata keçirməyə başlayıb. Ermənistanın işğalçı siyasətinin beynəlxalq aləmdə ifşası ilə bağlı Azərbaycanın fəal hücum diplomatiyası və xarici siyasəti yeni mərhələyə qədəm qoyub, qısa müddətdə dünyanın altı dövlətinin və ABŞ-ın səkkiz ştatının Xocalı soyqırımını tanımasına nail olunub.
2013-cü il fevralın 8-də Azərbaycanın ilk kosmik peyki – “Azərspace-1” fəzaya buraxılıb və cəmi 3 ay sonra gəlir gətirməyə başlayıb. Bununla Azərbaycan dünyada orbitdə peyki olan 11 ölkənin sırasına qoşulub, kosmik sənaye ölkəsinə çevrilib.
Son on ildəki ən böyük uğurumuz möhtərəm Prezidentimizin öz sözləri ilə desək, bu illər ərzində Azərbaycanın müstəqillik yolundan dönməməsidir: “Müstəqillik, sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür... Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.
Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan gənc Azərbaycan dövləti geosiyasi baxımdan olduqca dinamik və mürəkkəb bir regionda yerləşir. Azərbaycan bir çox hallarda dünya siyasətindəki güc sahibi olan dövlətlər və bir sıra beynəlxalq qurumlar tərəfindən fasiləsiz təzyiqlər şəraitində öz müstəqilliyini uğurla qoruyub saxlamaqdadır. Dövlət başçısı bütün görünən və görünməyən əngəllərə rəğmən yalnız və yalnız Azərbaycan xalqının mənafelərinə xidmət edən müstəqil siyasət yürüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: “Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir”.
Cənab İlham Əliyev prezident seçkilərindən iki gün əvvəl Nazirlər Kabinetinin oktyabr ayının 7-də keçirilən 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin müstəqillik yolunda bundan sonra da qətiyyətlə addımlayacağını bildirərək demişdir: “Biz öz milli maraqlarımızı müdafiə edirik, necə lazımdır müdafiə edirik. Eyni zamanda biz bütün ölkələrlə əməkdaşlığa açığıq. Bizim xarici siyasətlə bağlı yanaşmamız əməkdaşlıq üzərində qurulubdur. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir, əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna da imkan vermirik. Son on ilin təcrübəsi göstərir ki, belə səylər əbəsdir. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllində təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xarici, beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyildir. Adekvat reaksiya olacaqdır və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcəkdir. Hər bir ölkə ilə münasibətləri biz bax bu əsaslar üzərində qururuq. Hesab edirəm ki, bu sahədə də qeyd etdiyim kimi, bizim təcrübəmiz bəzi ölkələr üçün çox maraqlı ola bilər”.
Prezident İlham Əliyevin bu sözləri hər bir Azərbaycan vətəndaşının müstəqilliyimizi qürur mənbəyinə çevirən real fəaliyyətinin ifadəsidir. İqtisadiyyatın, xalq təsərrüfatının, daxili və xarici siyasətin bütün sahələri üzrə əldə edilən nailiyyətləri bir məqalədə sadalamaq mümkün olmasa da, güman edirik ki, nəzər saldığımız bu başlıca sahələr son 10 ildə müstəqil Azərbaycanın möhtəşəm inkişaf mənzərəsini təsəvvür etməyə imkan verir. Bu təsəvvürdən sonra isə xalqın İlham Əliyevə sonsuz etibarı və etimadı formulunun 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində bir daha təsdiqlənməsi yalnız siyasi qanunauyğunluq və ədalətin zəfəri kimi qəbul olunmalıdır.
Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu mənada ölkə vətəndaşları özlərinin mərkəzində durduqları siyasətə səs verdilər.
Azərbaycan xalqı artıq üçüncü dəfədir ki, cənab İlham Əliyevi özünə Prezident seçməklə müdrikcəsinə siyasi sabitliyə, sosial-iqtisadi inkişafa, mədəni yüksəlişə, öz dövlətinin artan beynəlxalq nüfuzuna, milli istiqlaliyyətin dönməzliyinə, varlığı qürur və fəxarət doğuran müstəqilliyə səs verdi. Azərbaycan seçicisi növbəti dəfə qətiyyətlə “İLHAM ƏLİYEV!” deməklə müstəqil Azərbaycanın bundan sonrakı mövcudluğuna səs verdi!
Xalq son seçkilərdə də özünün xoşbəxt və firavan gələcəyinə doğru yürüdüyü istiqamətə – HEYDƏR ƏLİYEV YOLUNA davam dedi!
Elman CƏFƏRLİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri