Sədərəkdə hamı belə düşünür, seçki gününü səbirsizliklə gözləyir
Sədərək rayonunda fəaliyyət göstərən 7 seçki məntəqəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin tərkibinə daxildir. Bəri başdan qeyd edək ki, məntəqələr 9 oktyabr prezident seçkilərinə tam hazırdır. 1-1 saylı Heydərabad seçki məntəqəsi Heydərabad qəsəbə tam orta məktəbinin binasında yerləşir. Yolumuzu oradan salanda gördük ki, burada xeyli gənc var. Onlar məlumat lövhələri ilə tanış olur, seçici siyahılarına baxırdılar.
Bu il ilk dəfə səs verəcək İntiqam Məmmədovla tanış olduq və onun fikirlərini öyrəndik. İ.Məmmədovun dediklərindən:
– Düzünü deyim ki, çox həyəcanlıyam. İlk dəfə seçki məntəqəsinə gələcəyəm və ürəyimdə olan namizədə səs verəcəyəm. Axı gələcəyimiz, inkişaf və yüksəlişimiz səs verəcəyimiz həmin namizədlə bağlıdır. Ona görə də bu vacib məsələdə yanlışlığa yol vermək olmaz.
Söhbət zamanı məntəqənin sədri Nəsimi Rzayev bildirdi:
– Məntəqəmizdə veb-kamera quraşdırılıb. Son dəqiqləşməyə əsasən, seçicilərimizin sayı 1794 nəfərdir. Seçkilərin azad, obyektiv və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
1-2 saylı Sədərək seçki məntəqəsi Sədərək kənd mədəniyyət evinin binasında yerləşir. Məntəqə seçkilərə, demək olar ki, hazırdır. Otaqlar təmir olunmuş, telefon, işıq, su sistemi qaydaya salınmış, mebel və digər avadanlıqlarla təmin edilmişdir. Bu məntəqədə 1782 seçici səs verəcəkdir.
Leyla Qasımovanın 90 yaşı var. Sədərək kəndində yaşayır. Nəvəsi ilə məntəqəyə adının siyahıda olub-olmadığını yoxlamağa gəlmişdi. Danışığı sərbəst, hərəkəti, sözü-söhbəti yerindədir. Fikirlərini belə ifadə etdi:
– Yaşımı mən dedim, indi siz hesablayın görün, bütün ömrüm boyu neçə dəfə səs vermişəm? Bu seçkidə yenə də inkişafa, bu günə qədər etibar etdiyim namizədə səs verəcəyəm. İnanıram ki, bütün seçicilər də elə mənim kimi düşünürlər.
Yolumuzu 1-6 saylı Qaraağac seçki məntəqəsinə də saldıq. Məntəqə Qaraağac kənd tam orta məktəbinin binasında yerləşir. Burada seçicilərin sayı 1455 nəfərdir. Məntəqənin yerləşdiyi ərazi tam təmir olunmuş, hər cür zəruri avadanlıqlarla təmin edilmişdir.
Burada Qaraağac kənd tam orta məktəbinin müəllimi, seçici Məhərrəm Seyidovla həmsöhbət olduq:
– Son illər Qaraağacda geniş tikinti-abadlıq işləri aparılmış, yeni kənd mərkəzi və məişət evi tikilmiş, yol çəkilmiş, su, qaz, elektrik enerjisi və sair sosial məsələlər öz həllini tapmışdır. Kənd adamlarının ildən-ilə gəlirləri artır, həyat şəraiti, gün-güzəranı yaxşılaşır. Demək istəyirəm ki, kənd sakinləri, əslində, öz ürəklərində seçimlərini çoxdan ediblər. Sadəcə olaraq, seçki günü məntəqəyə gəlmək və seçdiyin namizədə səs vermək qalır. O namizədə ki, bizə rahat, sakit və firavan həyat verməyə qadirdir, gələcəyimizi, həyatımızı ona bağlaya bilərik. Kim istəməz ki, yaxşı yaşasın, ixtisasına, qabiliyyətinə uyğun iş yeri olsun, yüksək əməkhaqqı alsın. Əlbəttə, bunu hamı istəyir. Bunu ona görə deyirəm ki, axı bizim çoxumuz 1990-1993-cü illərdəki anarxiyanı, başıpozuqluğu, dərəbəyliyi görmüşük. Bunları unutmaq olmaz.
Bütövlükdə Azərbaycanımızda, eləcə də muxtar respublikamızda gedən dinamik inkişaf və yüksəlişi Sədərəyin, elə bizim Qaraağacın timsalında aydın görmək olar. Deməli, hamının arzusu, məqsədi və diləyi budur: sabitliyə, yüksəlişə, sağlam və işıqlı gələcəyə səs vermək!
Cəfər ƏLİYEV