Azərbaycan hazırda dünya miqyasında sürətlə inkişaf edən ölkələrdən biridir. Ölkə həyatının bütün sahələrində əldə edilən yüksək göstəricilər milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsidir. Sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və digər bu kimi strateji tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən fundamental faktorlardır. Bütün bu nailiyyətlər əsası 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev modelinin, Heydər Əliyev quruculuq xəttinin bəhrələridir. Ümummilli liderimiz müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, nəyin bahasına olursa-olsun, dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli siyasi varisi də yetişdirmişdir. Bu gün ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.
On il bundan öncə – 2003-cü il oktyabrın 1-də xalqına ünvanladığı Müraciətdə “... mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” yazan ulu öndərimiz həyatının mənası olan Azərbaycan qarşısında son xidmətini də göstərmiş, bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi barədə demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində yekdilliklə ölkə başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın inkişafı üçün ölkədə Heydər Əliyev yolunun davam etdirilməsinin vacibliyini bildirərək bəyan etmişdir ki: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.
Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı daha da sürətlənmiş, yeni-yeni uğurlara imza atılmışdır. Hörmətli Prezidentimizin fəaliyyətinin 10 ilində əldə olunan nailiyyətlər, qısa müddətdə Azərbaycanın keçid dövrünü yaşayan ölkədən inkişaf edən ölkələr sırasına çıxarılması Heydər Əliyev yoluna sədaqətin nəticəsidir. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, o, dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə “Heydər Əliyev bu məsələni necə həll edərdi?” sualına cavab tapmağa çalışır.
Praqmatik düşüncə, işgüzarlıq, xalqına, Vətəninə, millətinə bağlılıq, qətiyyət, məqsədə doğru inamla irəliləmək – bütün bunlar cənab İlham Əliyevə xalqın rəğbətini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. İlham Əliyev şəxsiyyətində intellektlə istedadın, milli-mənəvi dəyərlərə bağlılıqla modernizmin, milli düşüncə ilə müasir düşüncənin, dövlət başçısı kimi ciddiliklə humanistliyin, rəhbərliklə sadəliyin vəhdəti kimi güclü xarakter cizgiləri formalaşmışdır.
Dövlət başçısının Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətin kökündə “real iş görmək” prinsipi dayanır. Bütün ölkəni əhatə edən tikinti və quruculuq işlərinin aparılması, yollar və körpülərin salınması, istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikilməsi, qitələri birləşdirən dəmir yollarının, transmilli neft və qaz kəmərlərinin çəkilməsi, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi cənab İlham Əliyevin səmərəli fəaliyyətinin yalnız görünən tərəfidir. Ölkə rəhbərinin yeritdiyi siyasi kursda iqtisadi inkişaf, sadəcə, məqsəd deyil, həm də vasitədir: dövlət müstəqilliyinin qorunması, Azərbaycanın dünyada lider ölkəyə çevrilməsi yolunda vasitə!
Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirib müstəqil dövlətə çevirdi. Bu gün davam etdirilən yol həmin yoldur, böyük inkişafı hədəfləyən strateji məqsəd həmin məqsəddir. Ulu öndərimizin məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idisə, cənab İlham Əliyevin amalı əldə edilmiş müstəqilliyi qorumaqdır.
Xalqımızın böyük oğlu 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu fikri yeni müstəvidə davam etdirərək deyir: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiqli yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən. Azərbaycan bu ölkələrdəndir”. Burada biz “müstəqillik” anlayışının yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirildiyini görürük. Dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansısa bir ərazidə müəyyən bir siyasi kursu tətbiq etmək tam müstəqillik deyil. Sözün gerçək mənasında, tam müstəqil olmaq üçün sərhəd toxunulmazlığı və müstəqil siyasət aparmaq əsas şərtdir. Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr var ki, orada hər şey xarici investisiyadan asılıdır, müxtəlif ölkələrin şirkətlərinin sifarişi ilə həll olunur. Azərbaycanda isə ümummilli liderimizin bizə ən böyük əmanəti olan dövlət müstəqilliyi nəinki qorunub saxlanılmışdır, o daha da gücləndirilmişdir. “Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun”, – deyən Azərbaycan Prezidentinin əsas qayəsi ölkəmizin heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət aparması, hər bir sahədə xalqın mənafeyinin əsas götürülməsidir. Əminliklə demək olar ki, artıq buna nail olunmuşdur.
Ölkənin lider dövlətə çevrilməsi yolunda müstəqil siyasət apara bilməsi üçün iqtisadi inkişafla yanaşı, insan kapitalının formalaşdırılması da mühüm rol oynayır. Dövlət başçısı bu reallığı düzgün qiymətləndirir və deyir ki: “Bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik”. Son illər Azərbaycanda istifadəyə verilən təhsil ocaqları, ən müasir informasiya texnologiyalarının tətbiqi məhz insan kapitalının formalaşdırılmasına xidmət edir. Elm, təhsil və təsərrüfat sahələrinin kompüterləşdirilməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşdirilməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı heç də kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənaye hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində həyata keçirilir. Bütün bunlar Azərbaycanın yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını və elmtutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir. Göründüyü kimi, cənab İlham Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkəni daha da inkişaf etdirmək yolunda milli-mənəvi dəyərlərin qorunması, gənclərin milli ruhda tərbiyə edilməsi ilə bərabər, onların müasir informasiya texnologiyalarını dərindən mənimsəməsini də vacib sayır. Beləliklə, Azərbaycanda milli ruhda böyüyən, adət-ənənələrimizə sadiq, soykökə bağlı müasir gənclik yetişir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya miqyasında qəbul olunan siyasətçidir. Bu səbəbdəndir ki, Azərbaycan beynəlxalq aləmdə söz sahibidir. Əksər ölkələr tərəfindən Azərbaycanın uğurları dəstəklənir. Azərbaycan getdikcə dünyada daha möhkəm mövqeyə sahib olur, onun beynəlxalq nüfuzu möhkəmlənir. 2011-ci ilin oktyabr ayında Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlət başçısının həyata keçirdiyi siyasətin daha bir böyük uğurudur.
Cənab İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizdə bütün sahələrin yüksək templə inkişafı təmin olunmuş və dinamik xarakter almışdır. 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasının müasir tələblər səviyyəsində davam etdirilməsi, Azərbaycanı regionda böyük nüfuz sahibinə, aparıcı dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi dövlət başçısının siyasətinin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Müəllifi ulu öndərimiz Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin başa çatdırılması ölkəmizin sürətli inkişafına təkan vermişdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin reallaşdırılması Azərbaycanın gələcək inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Regionda reallaşdırılan enerji layihələrinin Ermənistanın iştirakı olmadan həyata keçirilməsi Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyinin, qətiyyətinin nəticəsidir.
Azərbaycan iqtisadiyyatı artıq, tam mənası ilə, şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha təsdiq etdi. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin olunmuşdur. Son 10 ildə ölkəmizdə bütün sosial məsələlər öz həllini tapmış, valyuta ehtiyatlarımız daha da çoxalmışdır. Qeyd olunan dövr ərzində iqtisadiyyat real ifadədə 3,4 dəfə artmış, qeyri-neft sahələrində 2,7 dəfə artıma nail olunmuşdur. Dövlət büdcəsi 19 dəfə artmış, iqtisadiyyata 110 milyard manat sərmayə qoyulmuşdur. Davos İqtisadi Forumunun “2012-2013 Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə görə, Azərbaycan dünyada 46-cı, MDB məkanında birinci yerdədir. Cənab İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 84 milyard manat vəsait yönəldilmiş, onun 49 faizini dövlət, 51 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 12,3 dəfə artaraq 55,5 milyard manata çatmış, xarici mənbələrdən əsas kapitala 28,5 milyard manat yönəldilmişdir. Qeyri-neft sektorunun inkişafına yönəldilən vəsaitin ümumi həcmi 11,1 dəfə artaraq 52,1 milyard manat olmuşdur. İqtisadiyyatın inkişafı sosial problemlərin həllinə şərait yaratmış, əhalinin maddi-rifah halı yaxşılaşdırılmışdır. Bu dövrdə əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 9,3 dəfə çoxalmışdır. Əhalinin gəlirləri 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə, pensiyalar 8,6 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enmiş, yoxsul əhalinin sayı 7,8 dəfə azalmışdır. Ümumi sahəsi 17,1 milyon kvadratmetr olan yeni evlər inşa olunmuşdur. Əhalinin sayı 1 milyon 7 min nəfər artaraq 9 milyon 365,5 min nəfər olmuş, ömür uzunluğu 1,6 yaş artaraq 73,9 yaşa çatmışdır. Qeyd olunan dövrdə 1,2 milyon yeni iş yeri açılmış, iqtisadi fəal əhalinin sayı 7,2 faiz, məşğul əhalinin sayı isə 1,9 dəfə artmış, işsizliyin səviyyəsi 5 faizə enmişdir. Dövlət büdcəsindən elmin inkişafına sərf olunan xərclər 10,2 dəfə, təhsilə yönəldilən xərclər 7,6 dəfə, səhiyyəyə sərf olunan xərclər 13,6 dəfə artmışdır.
Cənab İlhan Əliyevin Prezidenlik fəaliyyəti dövründə ən çox inkişaf edən sahələrdən biri də rabitə və informasiya texnologiyalarıdır. Azərbaycan 2013-cü il fevralın 8-də ilk telekommunikasiya peykini orbitə çıxarmışdır. Davos İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları-2012” hesabatında Azərbaycan “Şəbəkə Hazırlığı İndeksi”nə görə, əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir. Ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də birinci yerdədir. Əhalinin hər 100 nəfərindən 56-sı kompüter, 70-i internet istifadəçisidir.
Bu, bir daha göstərir ki, uğurlu xarici siyasətin təməlində uğurlu daxili siyasət dayanır. Bu gün qlobal iqtisadi böhran şəraitində inkişaf tempini saxlayan və davam etdirən çox az sayda ölkələrdən biri də məhz Azərbaycandır.
Ölkə iqtisadiyyatının sektorlar üzrə inkişafında yaranmış fərqin aradan qaldırılması ilə yanaşı, iqtisadiyyatın regionlar üzrə tarazlı inkişafı da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun fikirləri ilə ifadə etsək, “Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üzrə hərtərəfli əsaslandırılmış inkişaf proqramı olmasın. Qəbul olunmuş proqramların mühüm elementlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Hələ hakimiyyətinin ilk illərindən bölgələrin inkişafı olmadan Azərbaycanın inkişafının mümkün olmadığını bildirən dövlətimizin rəhbəri tövsiyə etmişdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, hər bir rayon mərkəzi müasir standartlara cavab verməli, genişmiqyaslı abadlıq işləri aparılmalı, yollar, körpülər salınmalı, sosial obyektlər tikilməli, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş verməlidir”.
Konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən bu siyasət Naxçıvan Muxtar Respublikasının timsalında əyani şəkildə özünü göstərməkdədir. Müəyyən olunmuş siyasi xəttin muxtar respublikada uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Naxçıvan öz inkişafının yeni mərhələsini yaşayır.
Dövlət başçısı 2004-cü ildən bəri 10 dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 70-ə yaxın obyektin açılışında iştirak etmiş, uzun fasilədən sonra 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuşdur.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, Naxçıvan Muxtar Respublikasının 80 və 85 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, Naxçıvanın tarixinə dair yeni elmi araşdırmalar aparılmış, milli dəyərlərin inkişafı, tarixi abidələrin qorunması və bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Görülən tədbirlər, tikilən obyektlər ölkəmizin iqtisadi qüdrətinin əyani təzahürüdür. Təsadüfi deyildir ki, təkcə son on ildə muxtar respublika iqtisadiyyatı real ifadədə 12,5 dəfə artmışdır. Sənaye sahəsində 45,4 dəfə, kənd təsərrüfatında 4,5 dəfə, tikinti sektorunda 14,2 dəfə, nəqliyyat sektorunda gəlirlər üzrə 3,3 dəfə, rabitə və informasiya sektorunda 9,7 dəfə, xarici ticarət dövriyyəsində 12,2 dəfə artım olmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 3 milyard 704 milyon manat vəsait yönəldilmiş, onun 46,4 faizini dövlət, 53,6 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 15,8 dəfə artaraq 3 milyard 588 milyon manat təşkil etmiş, xarici mənbələrdən əsas kapitala 116 milyon manat vəsait yönəldilmişdir. Dövlət tərəfindən sahibkarlıq subyektlərinə 89,8 milyon manat güzəştli kredit verilmişdir. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 87 faiz olmuşdur. Bu dövrdə 954 istehsal və xidmət müəssisəsi yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2 dəfə artmışdır. Sahibkarlığın inkişafına göstərilən qayğının, iqtisadiyyatın sürətli inkişafının nəticəsidir ki, 58 min 460 yeni iş yeri açılmış, muxtar respublikada işsizliyin səviyyəsi sıfra enmişdir. Əhalinin sosial müdafiəsinə və təminatına çəkilən xərclər 55,1 dəfə, əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlmişdir. Yoxsulluğun səviyyəsi 35,1 faizdən 4,5 faizə enmiş, yoxsul əhalinin sayı 6,8 dəfə azalmışdır. Ümumi sahəsi 1 milyon 451 min kvadratmetr olan yeni evlər inşa olunmuşdur.
Azərbaycan Prezidenti Naxçıvana sonuncu səfərində də muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirmiş və bunun səbəblərini belə açıqlamışdır: “Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”.
Blokadanın çətinliklərinə baxmayaraq, muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilmiş, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.
Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirir. O, Heydər Əliyev kimi xalqın problemlərini xalqın özündən öyrənməyə daha çox üstünlük verir. Ona görə də xalqla birbaşa təmasda olur, yerlərdə sıravi vətəndaşlarla daim görüşlər keçirir, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edir. Ölkə başçısı müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı səddi aradan götürməyi bacarır. Onun vətəndaşların problemlərinə həssas yanaşdığını son dövrlər imzaladığı sərəncamlar da açıq-aydın göstərir. Yerlərdə keçirdiyi görüşlərdə hər bir vətəndaşı diqqətlə dinləyən, onların problemlərinin həlli üçün lazımi göstərişlər verən cənab İlham Əliyevin vətəndaşlarla görüşlərində qaldırılan elə bir problem yoxdur ki, öz həllini tapmasın.
Ölkə rəhbəri dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. O, yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz ulu öndərimizin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir, yeni çalarlarla zənginləşdirir. Bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Elə bunun nəticəsidir ki, bir neçə gün bundan öncə keçirilən prezident seçkilərində Azərbaycan xalqı yenə də Heydər Əliyev yolunu seçdi, cənab İlham Əliyevə səs verdi. Dövlət başçısının oktyabrın 9-da seçkilərin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciətində deyildiyi kimi: “Ölkəmizdə bütün proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan xalqı bu seçkilərdə son 10 il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. 10 il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır. Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir. Biz beynəlxalq məsələlərin həllində bu gün dünya miqyasında çox önəmli ölkəyə çevrilmişik. İqtisadi güc bizə imkan verir ki, öz maraqlarımızı beynəlxalq arenada da lazımi səviyyədə müdafiə edək. Azərbaycan bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır və getdikcə bizim rolumuz daha da artacaqdır”.
“Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir”, – deyən Azərbaycan Prezidenti qarşıdakı 5 ildə ölkəmizin daha sürətli inkişafına nail olacağını, Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəyini bəyan etmişdir: “Növbəti illərdə biz bütün istiqamətlər – iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan dövləti və mən Prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm”.
Tural SƏFƏROV