22 Dekabr 2024, Bazar

Qış fəsli yaxınlaşmaqdadır. Naxçıvan şəhərində və rayonlarımızda qışa hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilir. İnsan amilinə diqqət və qayğının bir nümunəsi kimi bu tədbirlər cəmiyyətdə maraq doğurur, diqqətlə izlənilir. Payız-qış mövsümünə hazırlıq bu baxımdan ən zəruri məsələlərdən biridir. Bu məqsədlə avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə yeni mövsümə hazırlıqla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Ötən günlərdə payız-qış mövsümünə hazırlığın vəziyyəti haqqında oxuculara dolğun məlumat vermək üçün Ordubad rayonunda olduq.

Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılovla söhbətimizdə bildirdi ki, rayonda elektrik, rabitə, qaz təsərrüfatları və digər xidmət sahələrinin vəziyyətinin araşdırılması ilə bağlı rayon İcra Hakimiyyətində yaradılmış komissiya tərəfindən yoxlamalar aparılıb, nöqsan və çatışmazlıqlar aidiyyəti təşkilatların diqqətinə çatdırılıb. Çatışmazlıqların aradan qaldırılması üçün müəyyən işlər görülüb. Bu işlər hazırda davam etdirilməkdədir.

Görülən işlərə baxmayaraq, bu sahədə bir sıra çatışmazlıqlar da mövcuddur. Onların həlli üçün müvafiq tədbirlər həyata keçirilir. Əhalinin və təsərrüfat subyektlərinin enerjiyə və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinin keyfiyyətlə görülməsi, lazımi mal-material ehtiyatının yaradılması diqqətdə saxlanılır.
İcra başçısının müavini onu da dedi ki, rayon təsərrüfatlarının payız-qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədilə bütün sahələri əhatə edən tədbirlər planı hazırlanıb, onların icrasını təmin etmək məqsədilə operativ qərargah yaradılıb. Tədbirlər planının icrası zamanı rayon ərazisinin abadlaşdırılması, mənzil fondunun, təhsil, səhiyyə, mədəniyyət, kommunal xidmət sahələrinin payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində olub. Yeni mövsümdə yeni istifadəyə verilən binalar da daxil olmaqla, rayonda 64 müasir qazanxana fəaliyyət göstərəcək.  9 qazanxana vasitəsilə 15 yaşayış binasında 414 mənzil istiliklə təmin olunacaq. Yeni mövsümə hazırlıqla bağlı təhsil sahəsi üzrə 23 qazanxana, mədəniyyət sahəsi üzrə 4 qazanxana, idarə, müəssisə və təşkilatlar üzrə 28 qazanxana artıq saz vəziyyətə gətirilib. Məktəb və məktəbəqədər müəssisələrdə payız-qış mövsümü ilə əlaqədar su-kanalizasiya və istilik sistemləri təftiş edilib, cari təmir işləri həyata keçirilib. Bu isə onu deməyə əsas verir ki, rayonun təhsil müəssisələri qış mövsümünü heç bir problem yaşamadan başa vuracaq.
“Ötən  ayın əvvəllərindən başlayaraq Ordubad Rayon Elektrik Şəbəkəsinin əhatə etdiyi ərazilərdə transformatorlara yağ əlavə edilib, ayırıcılar quraşdırılıb, yararsız kabellər yeniləri ilə əvəzlənib, naqillərdə qabaritlər bərpa edilib, xətlərin yaxınlığındakı ağaclar budanıb”. Bunu Ordubad Rayon Elektrik Şəbəkəsinin direktoru Ramazan Rzayev deyir. Elektrik Şəbəkəsinin direktoru onu da bildirir ki, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni transformatorlar qoyulub, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub. Ötürücü yarım­stansiyalar yeni avadanlıqlarla təchiz edilib, binalara və mənzillərə gedən naqillər və kabellər yeraltı kabellərlə əvəzlənib. Stansiya və transformator məntəqələrinin yerləşdiyi ərazilər abadlaşdırılıb. Bu tədbirlər qrafik əsasında aparılıb ki, elektrik enerjisi verilişində fasilələr yaranmasın. Ötən müddətdə iki transformator yarımstansiyası quraşdırılaraq istifadəyə verilib. 21 yarımstansiyada cari təmir, 5 yarımstansiyada isə əsaslı təmir işləri aparılıb.
Ordubad Rayon Qaz İstismarı İdarəsinin rəisi Tural Əzimov isə bildirdi ki, hər il olduğu kimi, cari ildə də təmsil etdiyi qurumda payız-qış mövsümünə ciddi hazırlıq işləri görülür. Onun sözlərinə görə, idarədə əməkdaşlarla birgə  ötən mövsümün nəticələri təhlil olunub, həmin mövsümdə yaranmış problemlərin bu mövsümdə də təkrarlanmaması üçün konkret addımlar atılıb: “Payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər, adətən, yaz-yay mövsümündən başlayır və noyabr ayına qədər davam edir. Hazırlıq tədbirləri çərçivəsində praktik tədbirlər görülür. Qazpaylayıcı şəbəkə sisteminin nizamlanması, korroziyaya uğramış qaz xətləri hissələrinin dəyişdirilməsi, təmir olunması, yeni qaz xətlərinin çəkilməsi istiqamətində müvafiq iş aparılır. Qəza vəziyyəti yaradan, binaların şaxtalarından keçən qaz xətləri pilləkən qəfəslərinə çıxarılır, qaz xəttində əsaslı təmir işləri aparılaraq qaztəmizləyici qurğu və avadanlıqlar yerləşdirilir. Bütün bu tədbirlər qarşıdan gələn payız-qış mövsümündə hər hansı bir problem yaranmasının qarşısının alınmasına xidmət edir”.
Qış mövsümü ilə əlaqədar abonent­lərə verilən qazın həcminin artırılması məsələsinə də aydınlıq gətirən Tural Əzimov dedi ki, qaz həcminin artırılmasının vaxtı öncədən dəqiqləşdirilmir: “Bu rejim qaz istismarı sahələrinin tələbatına uyğun olaraq tənzimlənir. Hava şəraiti gözlənilmədən dəyişərsə, buna uyğun olaraq, abonentlərin qaz təchizatı tənzimlənəcək, qazın həcmi artırılacaq. Ümumilikdə isə gündəlik olaraq qaz istismarı sahələrindən abonentlərin istiliyə olan tələbatı öyrənilir və qazın verilmə həcmi buna uyğunlaşdırılır”.
Rayonda əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məsələsi də diqqətdə saxlanılıb, bu məqsədlə görülən işlər tədbirlər planına uyğun aparılır. Rayon Rabitə İdarəsi tərəfindən qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, mövsümdə elektrik kəsintiləri, normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilib. Bundan başqa, xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid, yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzində və kəndlərdə abadlıq işləri ilə əlaqədar yeraltı rabitə qurğularının tikilməsi, rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli artmasına, həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir. Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi qeyri-peşəkar müdaxilənin qarşısının alınmasına, nəticədə, avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə  şərait yaradıb.
Ümumiyyətlə, görülən işlərin miqyasına və keyfiyyətinə nəzər salanda belə qənaətə gəlmək olur ki, ötən illərdə olduğu kimi, bu il də rayon əhalisi mövsümün yaratdığı çətinliklərdən əziyyət çəkməyəcək. Çünki bunun üçün əlaqədar qurumlar səfərbər edilib və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilib.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR