Oktyabrın 22-də Naxçıvan Qarnizonunun Zabitlər Evində hərb tariximizin görkəmli nümayəndəsi, Kəngərlilər nəslinin məşhur generallarından olan Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbiri Naxçıvan Qarnizonunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açaraq hərb tariximizdə Kəngərlilər nəslinin hərbçi nümayəndələri haqqında məlumat vermiş, onların keçdikləri döyüş yolunun bugünkü gənc nəsil üçün örnək olduğunu vurğulamışdır.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini Lalə Hüseynova çıxış edərək qeyd etmişdir ki, Kəngərlilər öz hünərləri, şücaətləri ilə bütün dünyada məşhurdurlar. Onların içərisində Hüseyn xan Naxçıvanski isə xüsusi bir mövqedə dayanır. Qeyd olunmuşdur ki, Naxçıvanda doğulan, ilk təhsilini burada alan Hüseyn xan maraqlı, eyni zamanda faciəli tale yaşamışdır. Ömrünün böyük bir hissəsini Rusiya imperiyasında hərbi qulluqda keçirən həmyerlimiz imperatorun general-adyutantı hərbi vəzifəsinə qədər yüksələ bilmişdir. Çar Rusiyasının və bir çox xarici dövlətlərin yüksək mükafatlarına layiq görülmüş Hüseyn xan Naxçıvanski uzun və şərəfli bir döyüş yolu keçərək xalqımızın adını hər zaman uca tutmuşdur.
Azərbaycan Hərb Tarixi Muzeyi haqqında filmin nümayişindən sonra muzeyin elmi işçilərindən Nuranə Nəcəfova və Gülşən Hüseynovanın, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyevin məruzələri dinlənilmişdir. Məruzələrdə Hüseyn xan Kəngərlinin keçdiyi döyüş yolundan, həmçinin rus-yapon müharibəsində fəaliyyətindən danışılmış, Azərbaycan tarixinin parlaq səhifələrini yazan Kəngərlilərin Vətən qarşısında böyük xidmətlərindən bəhs olunmuşdur.
Sonra tam süvari generalı Hüseyn xan Naxçıvanski haqqında film nümayiş etdirilmişdir.
Qeyd edək ki, analoji tədbirlər dünən Şahbuz və Culfa rayonlarında yerləşən hərbi hissələrdə də keçirilmişdir.
Səbuhi HƏSƏNOV