22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar.  
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda davam etdirilən yubiley tədbirində Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev çıxış edərək bildirmişdir ki,  bu gün prokurorluq orqanlarının yaradılmasının 95 ili tamam olur. Bu sevinci bizə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 1-nin “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsi barədə 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla bəxş etmişdir.

Qeyd edilmişdir ki, mühüm dövlət təsisatı kimi prokurorluq orqanlarının sivil və demokratik məzmunlu bir qurum kimi formalaşması yalnız ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı dahi rəhbər Heydər Əliyevin böyük dövlətçilik siyasəti, gündəlik qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev siyasi dühasının bəhrəsi olan və öz inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan respublikamızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz daha da qüdrətlənmiş, xalqımızın həyat səviyyəsi yüksəlmiş, demokratik dəyərlərin hərtərəfli bərqərar olunması istiqamətində böyük uğurlar əldə edilmiş, köklü məhkəmə-hüquq islahatları aparılmışdır.  
Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasında da prokurorluq orqanlarına göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, muxtar respublikada şəhər, rayon prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Ötən müddət ərzində şəhər  və rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikada sosial-iqtisadi və demokratik inkişafa uyğun hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət göstərilir.
Muxtar respublikada yaradılmış əmin-amanlığın, ictimai-siyasi sabitliyin nəticəsidir ki, ötən illərlə müqayisədə regionda cinayətlərin sayı dəfələrlə azalmış, Naxçıvan Muxtar Respublikası cinayətkarlığın səviyyəsi baxımından bu gün ən stabil bölgə olmaqla, demək olar ki, cinayətsiz regiona çevrilmişdir.
Vurğulanmışdır ki, bu gün peşə bayramını və 95 illik yubileyini qeyd edən prokurorluq orqanları bundan sonra da öz fəaliyyətlərini dövlət səviyyəsində göstərilən etimada layiq təşkil etmək üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, səlahiyyət hədləri daxilində regionun ən qabaqcıl ölkəsinə çevrilmiş ölkəmizdə aparılan müasir məzmunlu yenidənqurma və mütərəqqi islahatların həyata keçirilməsində öz xidmətlərini göstərəcək, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdəki inkişafın əsas təminatları kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında fəaliyyətlərini davam etdirəcəklər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov, şəhər və rayon prokurorları çıxış edərək prokurorluq orqanlarına göstərilən dövlət qayğısından danışmışlar.
Sonda bir qrup prokurorluq əməkdaşı mükafatlandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR