22 Dekabr 2024, Bazar

Oktyabrın 2-də “Naxçıvan” Sərhəd Diviziyasında prezident  seçkilərinə ­hazırlıqla bağlı seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə açan “Naxçıvan” Sərhəd Diviziyası komandirinin şəxsi heyətlə iş üzrə müavini Həmzə İmanov qeyd etmişdir ki, seminarın keçirilməsində məqsəd hərbi hissələrdə məntəqə seçki komissiyalarının yaradılması qaydası və hərbi  qulluqçulara səsvermə hüquqları barədə məlumat verməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının şöbə müdiri Cəlil Rüstəmov çıxış edərək hərbi qulluqçuların seçki hüquqlarının həyata keçirilməsinin qanun­vericilik əsasları haqqında məlumat vermişdir.

Seminarda “Hərbi qulluqçuların seçki hüququ” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qeyd etmişdir ki, müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmin edilməsi və səmərəli şəkildə müdafiəsi hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru kimi çıxış edir. Ümummilli liderimiz Heydər ­Əliyevin müəllifi olduğu və 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan hüquq və azadlıqlarının ən yüksək dəyər kimi təsbit edilməsi bunun bariz nümunəsidir. Konstitusiyamızın bu maddəsində deyilir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Dövlətimizin təhlükəsizliyinin və milli maraqlarının qarantı olan Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların hüquq və azadlıqlarının müdafiəsi də Konstitusiyamızla təmin edilmişdir. “Hərbi qulluqçular da hər bir Azərbaycan Respublikası vətəndaşı kimi Konstitusiyada təsbit olunmuş vətəndaşlıq hüquqlarının başlıca təzahür formalarından biri olan aktiv və passiv seçki hüququna malikdirlər və bu hüquqları həyata keçirərkən eyni hüquq və vəzifələrə malikdirlər”, – deyən Ülkər Bayramova Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində təsbit olunmuş hərbi qulluqçuların seçki hüquqları ilə əlaqədar ətraflı məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov hərbi qulluqçuların səsvermələrinin təşkili və səsvermə qaydaları haqqında ətraflı məlumat verərək bildirmişdir ki, hərbi qulluqçular hərbi hissənin yerləşdiyi ərazidə yaradılan ümumi seçki məntəqələrində səs verirlər. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Hərbi hissələrdə seçki məntəqələri hərbi hissə komandiri tərəfindən elə yerdə təşkil edilməlidir ki, həmin seçki məntəqəsinə giriş maneəsiz olsun. Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər. Hərbi hissədə hərbi qulluqçu olan seçicilərin siyahısı, onların hərbi hissənin yerləşdiyi ərazidə yaşayan ailə üzvlərinin və digər seçicilərin siyahısı hərbi hissənin komandiri tərəfindən tərtib olunur. Məntəqə seçki komissiyalarının tərkibinin müəyyən edilməsi prinsipi ümumi əsaslarla aparılır.
Tədbirə “Naxçıvan” Sərhəd Diviziyası komandirinin şəxsi heyətlə iş üzrə müavini Həmzə İman­­­­ov yekun vurmuşdur.

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR