22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası gömrük orqanlarının əməkdaşları 15 İyun – Milli Qurtuluş Gününü qeyd ediblər. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib.
“Heydər Əliyev: xilaskarlıq missiyası” mövzusunda təşkil olunan sayca 14-cü məşğələni giriş sözü ilə açan komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, bu gün Azərbaycan xalqı və dövləti bütövlükdə müstəqilliyini, bu gününü və gələcəyini ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına borcludur. Məhz müstəqillik dövründə əldə etdiyimiz bütün uğurların, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin, təmin olunan təhlükəsizliyin, mövcud iqtisadi qüdrətin təməlində ulu öndərimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dayanır.
Bildirilib ki, dahi rəhbərin məhv olmaq təhlükəsindən xilas edib dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan xilaskar və qurucu rəhbərin – Heydər Əliyevin şah əsəridir.

“Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda məruzə edən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Zəhmət Şahverdiyev qeyd edib ki, tarixən öz müstəqilliyi və müqəddəratı uğrunda mübarizə aparan, bir gün doğacaq azadlıq günəşinin ümidi ilə tarixin və taleyin ən ağır sınaqlarından mətanətlə çıxan Azərbaycan xalqının müstəqillik tarixində Milli Qurtuluş Gününün həlledici rolu və önəmi var. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ümidsizliyə düçar olmuş, sabaha inamı sarsılmış bir xalqın özünə qayıdışı, öz içində inama və ümidə tutunması ilə əlamətdardır. 
Vurğulanıb ki, ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı xaos və hərc-mərcliyin pəncəsindən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Qısa vaxtda ölkədə yaranan siyasi sabitlik və əldə olunan atəşkəs nəticəsində ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası hazırlanıb. Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olunub, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr qurulub.
Zəhmət Şahverdiyev deyib ki, minbir çətinlik və maneələr bahasına reallaşdırılan “Əsrin müqaviləsi” kimi nəhəng layihə Azərbaycanın zəngin karbohidrogen yataqlarının dünya bazarına çıxarılmasını təmin etməklə gənc, müstəqil respublikamızın sürətli, dinamik inkişafının, təhlükəsizliyinin əsas dayaqlarının formalaşmasına şərait yaradıb. Azərbaycan regionda siyasi, iqtisadi, hərbi güc mərkəzinə çevrilib.
“Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda məruzə edən komitənin Kadrlar şöbəsinin rəisi, gömrük xidməti mayoru Bağır Əzimov bildirib ki, ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərib. 1990-cı ilin iyul ayında – Naxçıvanın çətin günlərində dahi rəhbər Heydər Əliyevin muxtar respublikaya gəlişi bu qədim torpağı erməni işğalından xilas edib. Böyük öndər yaxşı bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə, türk dünyası üçün nə deməkdir. Bu mənada müdrik rəhbər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik tariximizdə mühüm yer tutur.
Məruzələrdə xüsusilə vurğulanıb ki, əbədiyaşar lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər həyatımızın bütün sahələrində qazanılan nailiyyətlər ulu öndərimizin dövlətçilik ideyalarının təntənəsidir. Azərbaycanın müasir tarixində uğur faktoru kimi özünü təsdiqləmiş Heydər Əliyev yolu onun ardıcılları və xalqımız tərəfindən uca tutulur. Azərbaycan öz liderinin ideyaları işığında, öz Prezidentinin rəhbərliyi altında uğurdan uğura addımlayır.
Sonda ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən “Dahi Azərbaycanlı” adlı film nümayiş etdirilib.

*   *   *

Dünən Naxçıvan Dövlət Tarix Muzeyində “Qurtuluşdan intibaha” mövzusunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, tale bəzən xalqları sınaqlara çəkir, bu zaman əsrlərlə qazanılan uğurların bir anda itirilməsi təhlükəsi yaranır. Belə bir vaxtda cəmiyyət bəşəri bir xilaskara ehtiyac duyur. Həmin şəxsiyyət isə öz xilaskarlıq missiyasını yerinə yetirməklə tarixdə əbədi iz qoyur. Ümummilli liderimiz Heydər Əliyev də belə şəxsiyyətlərdəndir və onun adı Azərbaycan tarixinə böyük xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi əbədi həkk olunmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən xaos, anarxiya, özbaşınalıq dözülməz həddə çatmışdı. Bu zaman xalqımız müdrik rəhbər Heydər Əliyevə üz tutdu. Ölkəmizin məhvə sürükləndiyi bir vaxtda xalqımız yeganə xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – ümummilli liderimizin böyük siyasətə qayıdışında tapdı. 1993-cü il iyun ayının 9-da dahi rəhbər xalqın təkidli tələbi ilə Bakıya getdi. Azərbaycanın parçalanmaq məqamında, iqtisadiyyatın iflic vəziyyətdə olduğu vaxtda bütün məsuliyyəti öz üzərinə götürən, əməli fəaliyyətini xalqa və dövlətə xidmət əsasında quran xalqımızın böyük oğlu Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş ümidlərin yenidən canlanması idi. Ulu öndər qətiyyətli addımları və müdrik qərarları ilə Azərbaycanı sonu görünməyən uçurumdan xilas etdi. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş ümummilli liderin şərəfli ömür yolu xalqa və Vətənə xidmətin parlaq nümunəsidir.
Sonra Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənovun, tarix üzrə fəlsəfə doktoru, şair Vaqif Məmmədovun, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın çıxışları olmuşdur.

*   *   *

Azərbaycanın dövlətçilik salnaməsində yeni səhifə açmış 1993-cü ilin 15 iyun tarixi “Milli Qurtuluş Günü” kimi ölkəmizin hər yerində yüksək təntənə ilə qeyd olunur, xalqımızın xilaskar oğlu, ulu öndər Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısındakı tarixi xidmətləri böyük qədirbilənliklə və ehtiramla xatırlanır.
Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində müstəsna rol oynayan və tariximizə əbədi həkk olunmuş bir gündür. Ötən əsrin sonlarında yenidən qazanılmış dövlət müstəqilliyimiz o dövrdə ölkəmizə rəhbərlik edən şəxslərin səriştəsiz və naşı idarəçiliyi nəticəsində məhvolma təhlükəsi ilə üzləşmişdi.
“Belə bir tarixi sınaqdan çıxış yolunu görkəmli siyasətçi, böyük idarəetmə təcrübəsinə malik dahi rəhbər Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə görən xalqımız düzgün qərar qəbul etmişdir”, – deyən Əmir Babayev vurğulamışdır ki, həmin dövrdə xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər Azərbaycanı üzləşdiyi çətinliklərdən xilas etmiş, ölkəmiz özünün yeni tarixi mərhələsinə qədəm qoymuşdur. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə qəbul etdiyi qərarlar, düşünülmüş siyasəti nəticəsində ölkəmiz separatizm meyillərindən xilas olmuş, daxili ictimai sabitlik əldə edilmiş, cəbhədə atəşkəsə nail olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsi nüfuzu və müdrik fəaliyyəti sayəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv qəbul edilmişdir.
Sonra məruzə ətrafında partiya fəallarından Vaqif Cabbarovun, Ümbülbanu Musayevanın, Həbib İmanovun və başqalarının çıxışları olmuşdur.

*   *   *

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı da 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.
Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin xalqın israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi, qurtuluş anı olub. Dövlət müstəqilliyimizin rəsmən 1991-ci ildə bəyan edilməsinə baxmayaraq, ermənilərin elan olunma­mış hərbi təcavüzünə məruz qalan ölkəmizin daxilində vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması ilə nəticələnə bilərdi. İki ilə yaxın müstəqillik tarixində naşı rəhbərliyin səriştəsiz idarəçiliyi nəticəsində xaos və anarxiya, hakimiyyət üstündə çəkişmələr davam edirdi. Bütün bunlar gənc müstəqil bir ölkə­ni addım-addım məhvə və süquta sürükləyirdi.
Qeyd olunub ki, ölkə miskin bir vəziyyətə düşəndə, iqtisadiyyatı, hərbi potensialı, infrastrukturu dağılanda, əhalisinin təhlükəsizliyinə heç bir zəmanət olmayanda bütün xalq üzünü dünya şöhrətli siyasətçi Heydər Əliyevə tutub onu Bakıya, öz xilaskarlıq missiyasını həyata keçirməyə çağırdı. Xalqının çağırışına, Vətəninin ağır vəziyyətinə və müstəqil dövlətçiliyin təhlükə altında olmasına biganə qala bilməyən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycan müstəqilliyinin zəfər yürüşünün tarixlərə şahid olacaq salnaməsini yazmağa başladı. Artıq 20 ildir ki, Azərbaycan bu yolla inamla gedərək inkişaf edir, yeni-yeni uğurlara imza atır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının fəalları Həsən Rzayev, Elmira Dadaşova, Vəfa Həsənova və başqaları bildiriblər ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf gedir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır. Beynəlxalq aləmdə etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu durmadan artır. Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun təntənəsidir. Odur ki, xalqımız prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlaşır və ən layiqli namizədə, partiyamızın Sədri İlham Əliyevə səs verərək onu yenidən Prezident seçəcək, gələcək firavan həyatına, Azərbaycanın daha sürətli inkişafına təminat yaradacaqdır.
Tədbirdə bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR