22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il iyunun 18-də “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd edilir.
Ölkəmizdə insan və vətəndaş hüquqlarının qorunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilən hüquqi islahatlar dövlətçiliyimizin möhkəmləndirilməsinə, sabitliyin yaranmasına və bununla da, cəmiyyətimizin gələcək inkişafında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hü­quq sisteminin formalaşmasına real şə­rait yaratmışdır. Ulu öndərimizin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci ildə tamamilə ləğv edilmiş, bununla da, Azərbaycan Respublikasının adı Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə kimi tarixə düşmüşdür. Bu, ölkəmizin hələ Avropa Şurasına üzv qəbul olunmadığı dövrlərdə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxmışdır. Konstitusiyada öz əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquq islahatları və insan haqlarının qorunması prinsipinin tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan hüquqlarına böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Belə ki, Əsas Qanunumuzun III fəslinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilməsi ölkəmizdə bu sahənin prioritet məsələ olduğunu bir daha sübut edir. Ulu öndər Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquqi İslahat Komissiyası ölkədə həyata keçirilən hüquqi islahatların geniş vüsət almasına təkan vermişdir. Komissiya tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə imkan yaratmışdır.
1998-ci il fevralın 22-də ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, bu mühüm sənəddə insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Ötən müddət ərzində dövlət pro­qramında nəzərdə tutulmuş tədbirlər uğurlu həllini tapmış, ölkə­mizin beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənmiş, respublikamız bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, yeni məhkəmə sistemi formalaşmış, konstitusion nəzarət mexanizmi olan Konstitusiya Məhkəməsi yaradılmış, 2001-ci il dekabr ayının 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmiz üçün yeni bir qurum olan Müvəkkil təsisatı yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 2002-ci il 24 dekabr tarixli Azərbaycan Respublikasının Kon­s­­titusiya Qanunu ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi çox mühüm əhəmiyyət kəsb etmişdir. Bu qanun həmçinin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsi vəziyyətini “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunlaşdırılması məqsədi daşımışdır.
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması işi dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, dövlət və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına səbəb olmuşdur. Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu gün respublikamızda gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir. Dövlət başçısının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında 2011-ci il 27 dekabr tarixli Sərəncamı insan hüquqlarının müdafiəsi sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyır.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasında da uğurlu islahatlar həyata keçirilir. Son illər hüquq institutlarının təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, muxtar respublikada insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmi olan Müvəkkil təsisatı yaradılmış, penitensiar xidmətin infrastrukturu təkmilləşdirilmiş, hər bir vətəndaşın öz konstitusion hüquq və qanunla qorunan mənafelərinin həyata keçirilməsi, o cümlədən əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə vəkillik institutunun hüquqi statusu müəyyənləşdirilmiş və bu institut inkişaf etdirilmişdir.
Ölkə Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq institutlarının inkişafında müstəsna rol oynamışdır. Fərmanın qəbul edilməsindən ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, o cümlədən məhkəmə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüş və fərmandan irəli gələn vəzifələrin icrası təmin edilmişdir. Bununla yanaşı, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. 2011-ci il dekabrın 29-da “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilmiş, ölkəmizin qoşulduğu “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını və informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.
Qanuna edilmiş bu dəyişikliklər muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinə və bununla da, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, səmərəli müdafiəsinə xidmət edir. Hazır­da muxtar respublikada insan hüquqlarının təmini istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ölkəmizdə iqtisadi islahatlarla yanaşı, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hüquqi-siyasi sahədə aparılan islahatlar insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsinin bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR