28 May – Respublika Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə Şahtaxtı Kənd Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzminin təcəssümü idi” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə rayon Mədəniyyət Evinin direktoru Tofiq Rüstəmov açıb.
Sonra Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin aparıcı metodisti Ceyhun Həsənov çıxış edib. Qeyd olunub ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu cümhuriyyət Azərbaycan tarixinin unudulmaz səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalıb. Ulu öndər Heydər Əliyev AXC-nin tarixi əhəmiyyətini və mövcudluğunu yüksək qiymətləndirərək deyirdi: “Həmin dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.
Bildirilib ki, XX yüzilliyin sonunda Azərbaycan yenidən öz dövlət istiqlaliyyətini bərpa etmək imkanı əldə etdi. Ulu öndərimizin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan xilas oldu, dövlət müstəqilliyimiz möhkəmləndirildi. Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etdi ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan AXC-nin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı və böyük öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin işıqlı sabahlara doğru apardığı azad, müstəqil Azərbaycan dövləti bu gün öz tarixi köklərinə sıx şəkildə bağlanmış bir millətin müqəddəs ümidgahı, pənah yeridir.
Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib, “Kəngər” instrumental ansamblı üzvlərinin ifasında musiqi nömrələri səsləndirilib.
Xəbərlər şöbəsi